Saat:11:45
Haqqımızda

İcra Hakimiyyəti şəhid anasının komasını yerlə bir etdi

2023-03-29 21:31:00

İcra Hakimiyyəti şəhid anasının komasını yerlə bir etdi

Şəhidin evinin yerində icra orqanlarının tikdiyi  villalar qanunidir, şəhid anasının daxması yox?

Oktay Baxşəli oğlu Ağabəyov 15 oktyabr 2020-ci ildə Vətəni yaşatmaq yolunda canından keçəndə hələ 33 yaşı yox idi. Nizami rayonundakı darısqal “xruşşovka”dakı birotaqlı “daxma”dan könüllü olaraq Qarabağ savaşına qatılan ailənin bircə oğlu üç il olacaq ki, Azərbaycan və Türkiyə Bayraqlarının dalğalandığı evindən gülümsəyir ziyarətinə gələnlərə.

Şəhidin qonşuları, uşaqlıq dostları, məhəllə adamları üçüncü ildir həyətdəki Bəhruz Nuriyev -8 saylı binanın arxasındakı sahənin özlərinin hesabına  şəhidin adına park, bağ salınması amacı ilə müraciət edirlər, amma Nizami RİH razılıq vermir. Deyilənə görə, icra hakimiyyəti həmin sahədə yaşayış binası tikməyi planlayır. Bəs şəhid, qazi ailələri? Onlara şəhər içində mənzil verilməsinə yol verilmir, ən yaxşı halda Abşeron rayonunun Məhəmmədi kəndi təklif olunur.

Şəhid anası Oktayın (öz əli ilə tikdiyi) “barelyef evi”ndən ayrılmaq istəmir. Birinci mərtəbədə olan mənzilinin balaca həyətində xırda koma qaraldıb. Martın Novruzunda “evyıxan icra reketləri” komanı şəhid anasının başına uçurublar ki, qanunsuzdur.

Qanunsuzdur, elə başlayanda qoyma də tikməyə! Tikib qurtarandan sonra məhkəmə qərarı olmadan hansısa tikilinin sökülməsi yolverilməzdir. Bir də necə olur icra hakimiyyəti başqalarını görməzliyə vurur, şəhidə gələndə şəhərsalma normaları yada düşür?

Nərimanov rayonu, Əhməd Rəcəbli -46 ünvanında Qarabağ qaziləri və şəhid ailələrinə ayrılan 36 sotluq yaşayış kompleksinin yerində PA, NK, BŞİH, Nərimanov RİH məmurlarının qanunsuz tikdiyi villalar, kommersiya obyektləri,  bəs 14 ildir necə qanuni olub ki, 36 sotdan şəhid və qazi ailələrinə qalan 5 ilə tikilib başa çatdırılan 8 sotdakı standarta uyğun olmayan dördqatlı “əlillər evi” olub? 14 ildir ali dövlət hakimiyyəti, hüquq mühafizə orqanları, insan hüquqları üzrə müvəkkil,  hüquq müdafiə təşkilatları qalmayıb ki, müraciət edilməsin. Nə fayda? Qanunsuzluq hər gün, hər ay sürür. Təsəvvür edin, əlillər üçün tikilən evin pandüsü belə yoxdur, ev istismara necə qəbul edilib? Evin kanalizasiyası belə yoxdur, amma əlil və şəhid ailələrindən zorla olmayan kanalizasiyaya görə xidmət haqqı tutulur. Evin həyəti, istirahət guşəsi və s. hamısı qoluzorlu icra hakimiyyəti qoçuları tərəfindən zəbt olunub. Evi zəbt edən kommersiya obyektləri hələ əlil evinin darısqal yolunu da yardımçı tikililərlə zəbt edib. Binaya fövqəladə hallarda təcili yardım,  yanğından mühafizə maşınları girə bilmir. Şəhərsalma normalarının bu yekəlikdə pozulmasını görməzliyə vuranlar şəhidin komasını nə tez gördülər? Əhməd Rəcəbli küçəsindəki piyada yolunu da zəbt edib “Urfa kafesi”, “icra otelləri” , “yap şadlıq evləri” salınıb.

Şəhid Milli Qəhraman Koroğlu Rəhimovun ailəsi də həmin Əhməd Rəcəbli ünvanındakı “əlil evi”ndə yaşayır. Şəhidin adına verilən küçə isə həmin yöndədir. Bu günlərdə şəhid Milli Qəhrəmanın adını daşıyan küçədəki yolüstü keçidin qanunsuz olduğundan sökülməsi haqqında informasiya yayılıb. Sual doğur: Şəhid Milli Qəhrəmanın öz evi, həyəti qanunsuz tikililərlə işğal olunub, evin yerləşdiyi Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkətinin sıx olduğuna baxmayaraq keçid tikmək bir yana, adi işıqfor da qoyulmur, amma lazım olmayan yerdə şəhid-qazi evlərindən onqat baha xərclə keçid tikilir? Elə şəhidin ailəsinin yaşadığı evin küçəsini Koroğlu Rəhimovun adı ilə dəyişmək olmaz? Yox, bu dəyişikliyə  evi zəbt edən məmur - oliqarxlar imkan vermir. Əhməd Rəcəbli küçəsinin adını Koroğlu Rəhimov etsələr, gərək keçidi burda tiksinlər axı! Onda da gərək məmurların yol qırağındakı səkini zəbt edən obyektləri sökülsün, olmaz! Qurban Məmmədlinin böyük ailəsinin dişi-dırnağı ilə tikdiyi ev deyil ki? ! Heç şəhid Oktay Ağabəyovun anasının qaraltdığı koma da deyil! “İcra buldozerləri” “ağıllıdır”, öz obyektlərini , villalarını şəhid komasından ayıra bilir. ..

Məğrur BƏDƏLSOY

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR