Saat:04:00
Haqqımızda

“İcra başçısı qondarma ittihamla məni həbs etdirməyə çalışır” - ŞİKAYƏT

2024-01-29 14:35:17

“İcra başçısı qondarma ittihamla məni həbs etdirməyə çalışır” - ŞİKAYƏT

İctimai fəal Məhəmmədəli Səmədovdan Prezident İlham Əliyevə müraciət

Göyçay rayonu, Birinci Ərəbcəbirli kənd sakini, birinci qrup hərbi əlil, ictimai fəal Məhəmmədəli Azər oğlu Səmədov tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Mən, Səmədov Azər Məhəmmədəli oğlu, yazaraq bildirmək istəyirəm ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev qondarma ittihamla məni həbs etdirməyə çalışır.

Sizin sərəncamınıza əsasən, 17 oktyabr 2022-ci il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Natiq Nuşravan oğlu Ağayev bir müddət sonra böyük narazılıqlar yaratmağa başladı. Demək olar ki, hər gün rayon sakinlərinin haqlı şikayətləri sosial şəbəkələrdə paylaşılırdı. Xüsusən də Göyçay Çayının mühafizə zolağı yaxınlığında məskunlaşmış 100-dən çox vətəndaşın evləri sökülərək, yerində "park" salınacaqdı.

Mən həmin sakinlərin problemlərini həm öz sosial şəbəkə hesablarımda paylaşır, həm də yuxarı instansiyalara yazılı ərizələr ünvanlayırdım. Məhz buna görə də N.Ağayev məni və digər ictimai fəalları susdurmaq üçün əvvəl dəfələrlə həbs olunmuş, özünü "hüquq müdafiəçisi" adlandıran Xasməmmədov Taleh Vidadi oğluna və onun həyat yoldaşı Qasımova Fatimə Mövsüm qızına havayı maaş kartları verərək, bizim şərəf və ləyaqətimizi alçaldacaq yazılar paylaşmağı əmr etdi. Hətta bu iki nəfər şəxs ictimai fəallığına görə, Birinci Qarabağ şəhidi Qormaz Rəhimovun qardaşı Elnur Rəhimlinin mərhum valideyni, yəni şəhid anası Solmaz Rəhimova barəsində təhqir və söyüşlər yazdılar. Elnur Rəhimli də xüsusi ittiham qaydasında Göyçay Rayon Məhkəməsinə müraciət etdi. Lakin hakim İbrahim Fəttahov "ərizənin aşağısında Göyçay sözü yazılmayıb" deyərək, iddianı rədd elədi.

Şübhəsiz ki, icra başçısının “troll”undan şikayət verib, nəticə əldə etmək heç də asan iş deyildi. Cəzasızlıqdan azğınlaşan Xasməmmədov Taleh Vidadi oğlu "Facebook" sosial şəbəkə hesabında özünün açdığı profillə öncə Göyçay Rayon Prokurorluğu haqqında "Göyçay prokurorsuz qalıb" – dedi, daha sonra isə Göyçay Rayon Polis Şöbəsinin rəisi Müqalib Abdıyev və ümumiyyətlə Azərbaycan polisi barəsində biədəb söyüşlər, nalayiq ifadələr yazmağa başladı. Çünki arxasında "dağ" kimi icra başçısı dayanmışdı.

Beləliklə, mən "Facebook" sosial şəbəkə hesabında "Məhəmmədəli Səmədov" adlı profilimlə icra başçısı Natiq Ağayevi tənqid etməyə başladım. Məsələn, videoçıxışımda "Natiq Ağayev, sən icra başçısısan, əxlaqsızlarla müdafiə olunmaq sənə yaraşmır" - dedim. Kütləvi informasiya vasitələrinə, tanınmış saytlara istinadən, "Göyçayın icra başçısı rayonda narazılıq yaradır" - kimi paylaşımlar etdim. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Həmin Qanunun 57-ci maddəsinin 2-ci bəndində yazılır: "Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz".

Eyni zamanda, "Göyçay Operativ Xəbər Fərid" adlı profillə də bənzəri yazılar paylaşdım. Əlbəttə, rayon sakinləri və vəzifəli şəxslərin əksəriyyəti həmin profilin mənə məxsus olduğunu çox yaxşı bilirlər. Çünki bir çox mətnlərin sonunda "Mətni yazdı Məhəmmədəli Səmədov" - qeyd edirdim. Bundan əlavə, Məhəmmədəli Səmədov adlı profilimlə açdığım "Göyçaydan>Azərbaycana Xəbərlər qrupu"nda da "Göyçay Operativ Xəbər Fərid" profilinə adminlik vermişəm və bunu hər kəsə açıq qoymuşam. Həmçinin, "Tiktok" sosial şəbəkə hesabında da "@mehemmedeli_semedov" adlı profilimin yuxarısında "Göyçay Operativ Xəbər Fərid" yazmışam. Bütün sosial şəbəkə platformalarında "Göyçay Operativ Xəbər" adı ilə yanaşı, "Fərid" adının yazılması isə Fərid adlı azyaşlı bacım oğlunun olması ilə əlaqədardır. Bu, o deməkdir ki, burada saxta səhifə və ya profildən söz belə gedə bilməz.

Hörmətli Prezident!

Yuxarıda qeyd etdiyim kimi, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsilə məni məhkəməyə verib. Bəli, "Facebook" sosial şəbəkə hesabında "Göyçay Operativ Xəbər Fərid" adlı profilin saxta profil olması iddiası tamamilə əsassızdır.

O ki qaldı icra başçısı Natiq Ağayevin rayonda narazılıq yaratmasına, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində müxtəlif şəxslər tərəfindən bunu sübuta yetirəcək kifayət qədər video və yazılı şikayətlər mövcuddur.

"Natiq Ağayev əxlaqsızlarla müdafiə olunur" yazıma gəldikdə isə, onu müdafiə edən və tərifləyən Xasməmmədov Taleh Vidadi oğlunun və Qasımova Fatimə Mövsüm qızının "Facebook" sosial şəbəkə hesabında başqa-başqa şəxslərə uşaq, yaşlı, qadın demədən, hər kəsin oxuya biləcəyi iyrənc sözlər və söyüşlər yazmış olduğunu dəlil olaraq çəkib saxlamışam. Deməli, bir insan sosial şəbəkələrdə açıq və biədəb söyüşlər söyürsə, o, kimliyini ortaya qoyaraq əxlaqsız hesab edilir. Əgər Natiq Ağayev həmin nəfərlərə vəzifə verir, tədbirlərə dəvət edir, qəbul günlərində onları başda otuzdurur, onların əli ilə özünü hər yerdə təriflədirsə, Sizcə, icra başçısı əxlaqsızlarla müdafiə olunmuş sayılmırmı?

Cənab Prezident!

Sizdən xahiş edirəm ki, ərizəmdə göstərdiyim faktlar tam hərtərfəli və obyektiv araşdırıb cinayət işinə xitam verilməsinə dair qərar çıxarılmasına tapşırıq verəsiniz.

İctimai fəaliyyətimə görə Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev qondarma ittihamla məni həbs etdirmək istəyir”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.211963