İcra başçısı kəndin 5 şəhidinin adına bulaq tikiləməsinə icazə vermədi – “Əvvəlcə razılıq verdi, sonra isə…”

Qəbələ rayonu, Böyük Pirəli kənd sakini, şəhid anası Eyyubova Mələk İsgəndər qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şəhid anası iddia edir ki, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev onu aldadıb, süründürməçliyə məruz qoyub:
"Mən, Eyyubova Mələk İsgəndər qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırın.
Mənim oğlum Eyyubov Sərvan Yusif oğlu vətən müharibəsində şəhid olub. Onun və kəndimizin digər 4 şəhidinin adına bulaq inşa etdirmək üçün yer ayrılmasına görə icra başçısına müraciət etdim. Əraziyə baxdı və razılıq verdi.
Bundan sonra bulaq tikintsi üçün bütün materialları alıb gətirdik. Tikintiyə başlamaq istədikdə Səbuhi Abdullayev birinci müavinini göndərib, tikintini dayandırmağı əmr etdi.
Bu, açıq-aşkar şəhidlərin ruhuna hörmətsizlikdir ki, icra başçısı Səbuhi Abdullayev edir. Şəhidlər üçün tikiləcək bulağın ərazisi heç 50 kvadrat da deyil.
Bizim oğullarımız Azərbaycan Respublikasının tarixi torpaqlarını işğaldan azad edib, şəhid olublar. İndi onların adına bulaq tikintisi üçün 50 kvadratlıq torpaq sahəsinin ayrılması niyə mümkün olmasın?!
Bu suala Səbuhi Abdullayev cavab verə bilməz, çünki onun başı dövlət işlərinə yox, öz şəxsi işlərinə qarışıb. O, torpaq, vətən məhəbbətinin nə olduğunu anlamır.
Oğlum Sərvan şəhid olandan sonra, övladı dünyaya gəldi, adını isə ölümündən əvvəl özü dediyi kimi Tuncay qoyduq.
Mən mətbuat vasitəsi ilə cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan xahiş edirəm ki, Qəbələ rayonu, Böyük Pirəli kəndində 5 şəhidin adına kiçik bir bulaq tikilməsi üçün 50 kv-m yer ayrılmasına göstəriş verəsiniz".
Məsələ ilə bağlı Qəbələ rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya