Saat:19:39
Haqqımızda

“İcra başçılarına 3 ay vaxt verilməlidir...” - Deputatdan sərt sözlər

2024-05-02 17:35:16

“İcra başçılarına 3 ay vaxt verilməlidir...” - Deputatdan sərt sözlər

“Bu ilin sonuna kimi 20 min, 2027-ci ilin axırlarına qədər isə 120 min məcburi köçkünün öz yurdlarına qayıdışı nəzərdə tutulub. Qayıdış prosesi olduqca çox zaman alır. Çünki sözügedən ərazilərdə infranstukturun bərpası, minalardan təmizlənmə işləri və s. müəyyən müddətə aparılır. Məcburi köçkünlərin qayıdışı Bakının yükün bir qədər azaldacaq. Ancaq Bakı təkcə bu təbəqədən olan insanların hesabına yüklənməyib”. 

Hurriyyet.az xəbər verir ki, bu fikirləri “Yeni Sabah”a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib. Deputat bölgələrdən paytaxta gələn sürətli axının qarşısını almağın yollarından danışıb: 

“Rayonlarda iş yerlərinin olmaması səbəbindən insanlar paytaxta axın edir. Bakıda 35 min şəxs neft sektorunda çalışır. Onların yaratdığı milli gəlir digər sahələrə paylanır. Bölgələrdən paytaxta gələn insanlar da bu sahələrdə çalışaraq evlərinə çörək aparırlar. Amma rayonlarda yaşayan əhali tamamilə işsizdir. Belə bir vəziyyətdə Bakının yükünün azalma ehtimalı çox azdır. Düzdür, əvvəllər rayonların inkişafı ilə bağlı müəyyən proqramlar qəbul olunurdu. Bu olsun, ya da olmasın. İlk növbədə, bölgələrdə iş yerlərinin yaradılması lazımdır. Amma biz bunun əksinə cərəyan edən bir prosesi müşahidə edirik. Məsələn, yüzlərlə kəndli torpaqlarını əkib-becərəcək maddi durumda olmadığı üçün iri fermerlərə satır. Yeganə gəlir yeri olan torpaq sahələri də onların əlindən alınır və şəhərə axın davam edir. Həmçinin, taksilərin sayı azaldılır, satış köşkləri ləğv edilərək yerində iri marketlər şəbəkəsi yaradılır. Beləliklə, on minlərlə adam işsiz qalır. Mən bunun əleyhinəyəm”. 

Millət vəkili qeyd edib ki, iş yerlərinin yaradılması üçün alıcılıq qabiliyyəti əsas götürülməli, məhsulun satışı ön planda olmaqla bu məsələ həyata keçirilməlidir: 

“Emal sənayesi üzrə fəaliyyət göstərən obyektlər var ki, bunlara şirə zavodları, toxuculuq müəssisələri aiddir. Ancaq bunlar kifayət etmir. Əvvəl üzüm, pambıq plantasiyaları mövcud idi və insanlar zorla da olsa, yığıma cəlb olunurdu. İndi isə həm belə bir alıcılıq qabiliyyəti yoxdur, həm də vəziyyət tamamilə fərqlidir. Bunun üçün düşünmək lazımdır. Zənnimcə, Çin, Koreya, Vyetnam kimi ölkələrin, əsas da Türkiyənin təcrübəsinə əsaslana bilərik. Bizə həmin ölkələrin təcrübəsi daha yaxın olar. Bundan başqa, müəyyən təbəqəyə məxsus olan ailələr bir müddət vergilərdən azad edilməlidir. Ən azından özlərini dolandıra bilsinlər. Bütün icra başçılarına 3 ay müddət verilməlidir ki, rayonlarda rentabelli iş yerləri açılması barədə plan hazırlayıb təqdim etsinlər. Buna müvafiq olaraq müxtəlif müəssisələr fəaliyyətə başlasın”. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.173767