İcra başçıları korrupsiyanı elə etməlidir ki, paytaxta şikayət az olsun – Rüşvət menyusu

2022-08-09 16:17:00

İcra başçıları korrupsiyanı elə etməlidir ki, paytaxta şikayət az olsun – Rüşvət menyusu

Ötən ay, Lənkəranda rayonun icra hakimiyyəti başçısının müavini Rasilə Əliyeva tərəfindən döyülən məktəblinin hekayəsi Azərbaycan ictimaiyyətini təşvişə saldığı zaman, Bakıdan oraya bir qrup hüquq müdafiəçisi gedib. Onlardan biri, Təhsil Nazirliyinin İctimai Şurasının üzvü Günel Səfərova sonradan Lənkəran rayonunda gördüklərini sosial şəbəkədə bölüşüb: “Vətəndaşlarla bəzi mərkəzi və yerli idarəçilik qurumları o qədər aralı düşüb ki, elə bil paralel dünyada yaşayırıq. İctimai Şuralar bu problemin ilkin mərhələdə həlli ola bilər. Amma təəssüf ki, ictimai şuralar yerlərdə özlərinə yaxın insanlardan ibarət olan ölü qurumlardır”.

Rasilə Əliyeva yalnız məktəblinin döyülməsi hadisəsi ictimailəşdikdən sonra vəzifədən azad edilib, amma Lənkəran rayonu onun əlində olduğu vaxtlarda yerli sakinlər Bakıya bu məmurun icazəsi olmadan və ona rüşvət vermədən rayonda işə düzəlməyin qeyri-mümkün olduğu barədə yazırdılar. Həmin vaxt paytaxtda bu şikayətlərə doğru reaksiya olsaydı, Lənkəran rayonu rayon İH başçısının müavininin sadizmi ilə məşhurlaşmazdı.

Rayon icra hakimiyyəti orqanlarında korrupsiya və anarxiya haqqında çox danışılıb. Hər bir ifşadan və rayon icra başçısının həbsindən sonra cəmiyyət xidməti kabinetində Heydər Əliyevin portreti altında rüşvət alan yerli rəisin “cəsurluğundan” şoka düşürdü. Bu yaxınlarda uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş İmişli rayon İH başçısı Vilyam Hacıyev dövlətə açıq-aşkar 6 mln. manat verərək günahını yumağı təklif edib.

Amma heç nə dəyişmir, Azərbaycanın bütün şəhər və kənd rayonlarında icra hakimiyyəti başçılarının nəzarətsiz korrupsiya hakimiyyəti davam edir. Yerli iqtisadiyyat bütünlüklə özəldirsə, rayonun dövlət qurumları paytaxtdakı nazirliklərə tabedirsə və İH orqanlarının prezidentin rayonlarda nümayəndələri institutunun yaradılması haqqında ötən il qəbul edilmiş fərmanla kifayət qədər məhdudlaşdırılmış səlahiyyətləri varsa, onlar bunu necə edirlər?

Turan paytaxtın mərkəzi rayonlarından birinin icra hakimiyyəti aparatının keçmiş əməkdaşı ilə söhbət edib. Təqaüdçü adının və soyadının açıqlanmasını istəmir, çünki Bakıda övladları, qohumları işləyir və o, öz həyatına görə qorxur. Keçmiş əməkdaşın dediklərini Azərbaycan KİV-lərindəki nəşrlər təsdiq edir. Prezident İlham Əliyevin nitqlərini diqqətlə oxuduqda təqaüdçünün sözlərini təsdiq edən bir çox maraqlı məqamlar tapmaq olar.

Bakıda yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri necə məhdudlaşdırılırsa məhdudlaşdırılsın, əslində rayon icra başçıları qeyri-formal təzyiq vasitələrindən istifadə edərək, yalnız prezidentin qəzəbindən qorxan yerli sultanlar olaraq qalırlar. Bütün yerli hüquq-mühafizə orqanları korrupsiya sxemi ilə bağlı olduqları rayon icra başçılarının ciddi nəzarəti altındadır. 

Bu sxemlər icra hakimiyyəti aparatının işçilərini də icra başçısı ilə bağlayır. Mətbuatda Lerik İH-nin keçmiş kənd nümayəndəsi Vaqif Cabbarovun baş prokurora vəzifədə qalması üçün ondan rüşvət tələb edən Lerik rayon İH başçısı Rövşən Bağırovdan şikayət etməsi barədə məlumat yayılmışdı. Cabbarov pul verməmişdi və inadına görə işdən qovulmuşdu. Nadir haldır ki, baş prokuror Zakir Qaralova şikayətindən sonra məmur vəzifəyə bərpa olundu. Cabbarov BP-yə rayon icra başçısı ilə telefon söhbətinin yazısını təqdim etmişdi. Mayda Bağırov tutduğu vəzifədən azad edildi.

Bu hadisə rayon rəhbərlərinin korrupsiya maşınının işində aparatdaxili nizam-intizamın əhəmiyyətini göstərir. Rəhbərə kor-koranə tabe olan, pul yığılması haqqında telefon göstərişlərini yerlərə çatdıran və korrupsiya yığımlarını rayon icra başçısına şəxsən təqdim edən aparat məmurları olmadan rayon icra başçıları fəaliyyət göstərə bilməzdi. Buna görə İH başçısının həbsi ilə birlikdə icra hakimiyyəti aparatının bütün rəhbər işçilərinin vəzifədən azad edilməməsi təəccüb doğurur. Bu korrupsiya aparatı sonradan irsi olaraq yeni təyin edilmiş rayon icra başçısına keçir və maşın əvvəlki kimi işləyir.

Rayonlarda başqa hakimiyyət sistemi yoxdur: bələdiyyələr fəaliyyət göstərmir, İH başçısının tapşırıqlarını yerinə yetirməklə məşğuldur, prezidentin rayonlardakı nümayəndələri isə hələlik səmərəli fəaliyyət göstərmirlər. Ali dövlət məmurları regionun qeyri-formal rəhbərləri olaraq qalır, hər biri bir neçə rayonu birləşdirən regionlarda bütün iqtisadiyyat onlar arasında bölüşdürülüb.

İH başçılarının sadə və geniş yayılmış zənginləşmə üsulu Bakıdan rayon mərkəzinin abadlaşdırılması üçün buraxılan büdcə vəsaitinin mənimsənilməsidir. İcra başçıları abadlıq işlərinin, bordürlərin quraşdırılmasının, parkların salınmasının və hətta siyasi xadimlərin heykəllərinin hazırlanmasının maliyyələşdirilməsini yerli biznesmenlərə həvalə edir. Rayonlardan birində İH başçısının Zərifə Əliyevanın heykəlinin hazırlanmasını biznesmenə həvalə etdiyi məlumdur. O, heykəltəraşın əmək haqqını ödəyib, amma əsər rayon icra başçısının xoşuna gəlməyib və o, yeni heykəl hazırlanmasını tələb edib. Biznesmen rayon başçısının şıltaqlığını ödəmək üçün torpaq sahəsini satmaq məcburiyyətində qalıb.

Biz mənbəyimizin sözlərinin təsdiqini mətbuatda tapdıq. Ağdam icra başçısı Nizami Sadıqovun ağdamlıları istənilən bəhanə ilə onun üçün pul yığmağa məcbur etdiyi və hətta “Qurtuluş Günü” üçün pul yığımı düşündüyü haqqında məlumat verilib.

Başqa bir məlumata görə, Quba rayon icra başçısı Mübariz Ağayev yerli sahibkarları H.Əliyev parkının salınması ilə bağlı xərcləri ödəməyə məcbur edib.

Reallıqda belə olur, sənədlərə əsasən isə rayon İH yerli tikinti şirkəti ilə abadlıq işləri haqqında müqaviləni rəsmiləşdirir və bank vasitəsilə büdcə vəsaitini ona köçürür. Amma bu şirkətlər həmişə İH başçısının qohumlarına və ya yaxınlarına məxsus olduğuna görə, şirkətə köçürülən pulun bir hissəsi nağdlaşdırılır və şəxsən rayon icra başçısının əlinə verilir. Digər biznesmenlər İH-dən işlərin yerinə yetirilməsi üçün podrat almır, buna görə hər bir rayonda 1-2 tikinti şirkəti fəaliyyət göstərir, deyə etibarlı mənbəyimiz Turan-a izah edib.

Torpaq daim bahalaşır, buna görə korrupsiya pulları ilə gələcəkdə tikinti şirkətlərinə (şəhərlərdə) və aqrar kənd təsərrüfatı parklarına (kənd yerlərində) satılması məqsədilə böyük torpaq sahələrinin alınması ən mənfəətli qanunsuz gəlir sahəsi olaraq qalır. Bakının Xətai rayonunda belə bir sxem haqqında mətbuat məlumat yaymışdı.

Sovet ərazilərinin özəlləşdirilməsi zamanı torpaq almış yoxsul kəndlilərdən torpaq sahəsi almaq xüsusilə sərfəlidir. Kəndlilər ilkin kapitalları olmadığına görə bu torpaqlardan səmərəli kənd təsərrüfatı üçün istifadə edə bilmirlər və torpağı İH başçısının göstərişi ilə hərəkət edən şəxslərə satmaq məcburiyyətindədirlər.

Kurort rayonlarında bu torpaqlarda sonradan böyük məmurlara məxsus olan otellər tikilir. Digər rayonlarda qeydiyyata alınmayan kənd təsərrüfatı istehsalı təşkil edilir, onun bütün gəliri icra başçısının cibinə gedir. Dövlət aqrar parkları şəbəkəsinin yaradılması ilə gizli torpaq sahibləri öz torpaqlarını dövlətə icarəyə vermək imkanı əldə ediblər.

Rayon icra başçılarının adamlarının rayon rəhbərinin tabeliyində olan ərazilərdəki sənaye və ticarət müəssisələrini əldə etməsi zamanı da bənzər sxemi işləyir. Mətbuatda yer alan məlumata görə, Şəmkir rayonunun keçmiş icra başçısı Alimpaşa Məmmədov müxtəlif üsullarla əldə etdiyi MMC-ləri oğlunun adına rəsmiləşdirir, şirkət sahiblərinə rəmzi məbləğlər (2 mln. 844 min manatlıq müəssisə üçün 40 manat, bazarda 967 min manat dəyəri olan şirkət üçün 180 manat – məlumatı DTX vermişdi) ödəyirdi.

Qəribədir ki, Azərbaycanda sovet dövründən qalma kənd təsərrüfatının dövlət tərəfindən planlaşdırılması təcrübəsi davam etdirilir. Paytaxtdan bütün rayonlara xam pambıq, fındıq, xam ipək və digər məhsulların təhvil verilməsi planları təqdim edilib. Hakimiyyət orqanları yerli istehsalçılardan məhsul almalı və onu dövlətə təhvil verməlidirlər. Amma quraqlıq, kəndlilərin əməklərinin bəhrəsini ucuz qiymətə satmaq istəməməsi və ya başqa səbəblərdən plan üzrə məhsul yığımı baş tutmasa, sovet dövrünün “pripiskalar” təcrübəsi yada düşür: “A” rayonunun icra hakimiyyəti yerli fermerlərin saxta əmək haqqı ilə nağdlaşdırılan pulla çatışmayan məhsul hissəsini “B”, “C” və “Ç” rayonlarından alır. Kəndlilər nağd pul alır və məbləği rayon İH nümayəndələrinə verir, bu məbləğlə qonşu rayondan alınan məhsul üçün ödəniş edilir. Təbii ki, bu maxinasiya rayon başçısına sərf edir, belə ki, vergi işçiləri nağd pul dövriyyəsinə nəzarət etmir və deməli, bu vəsait qismən rayon icra başçısı tərəfindən mənimsənilir, bu barədə bizə keçmiş İH işçisi bildirib.

Pambıq istehsal edən Ağcabədi rayonunda “pripiskalar” haqqında nəşr onun sözlərini təsdiq edir.  

Digər rayonlarda tələb olunan miqdarda kənd təsərrüfatı məhsulu yoxdursa necə? Onda, mənbənin sözlərinə görə, dövlət komissiyası quraqlıq və ya digər səbəblərlə əlaqədar qeyri-məhsuldar il haqqında akt tərtib edir. Bu halda rayon başçısı heç nə itirmir, vəzifəsində qalır.

Qanunsuz hasilatın növbəti sahəsi yerli vətəndaşların rayonlarda fəaliyyət göstərən və paytaxtdakı nazirliklərə tabe olan dövlət qurumlarında vəzifəyə təyin edilməsidir. Formal olaraq yerli səhiyyə, təhsil, sosial xidmət, Mədəniyyət Nazirliyinin obyektləri, idman tikililəri və s. rayon İH başçısına tabe deyil. Amma, mənbənin Turan-a verdiyi məlumata görə, məsələ ondadır ki, paytaxtdakı dövlət təşkilatının rayon şöbəsinin rəisi vəzifəsinə təyin olunmaq üçün namizəd rayon icra başçısından paytaxtdakı idarəyə təqdim etmək üçün icazə almalıdır. Bu sənəddə müəyyən şəxsin müsbət cəhətləri ilə xarakterizə olunduğu, cinayət işlərinə cəlb olunmadığı və yerli hakimiyyət tərəfindən ona qarşı heç bir irad olmadığı yazılır.

Belə bir məktub üçün vətəndaş İH başçısına pul verməli və (və ya) ona tabe olan təşkilatda İH başçısına bu yer üçün pul ödəyən yerli kadrları işə qəbul etməyə razılaşmalıdır. Rayon sultanı bu yolla onun tabeliyində olmayan dövlət təşkilatında işə qəbuldan pul qazanır və oraya rayon başçısına hesabat verəcək, onun korrupsiya göstərişlərini yerinə yetirəcək adamlarını yerləşdirir. Mənbəyimiz paytaxtdakı nazirliyə tabe olan rayon dövlət idarəsinin rəhbəri vəzifəsinə təyin edilərkən belə sxemlə qarşılaşıb. O, 12 yerdən 9-na rayon icra başçısına pul vermiş yararsız insanları qəbul etməli idi. Rüşvət verən doqquz şəxsin heç biri paytaxtdakı rəis tərəfindən təsdiq olunmayıb və onların heç biri əbəs yerə rayon icra başçısına verdikləri pulu geri almayıb.

Mənbəyimiz hesab edir ki, rayonlarda şöbə müdirlərindən tutmuş yuxarı vəzifələrə qədər bütün dövlət vəzifələri rayon icra hakimiyyətinin şəxsi razılığı ilə və onun rüşvət almasından sonra paylanır.

Formal olaraq rayon icra başçısının tabeliyində olmayan dövlət təşkilatına öz adamlarını yerləşdirən rayon icra başçısı oradan qanunsuz gəlir əldə edir. Mənbəyimizin sözlərinə görə, Dövlət Şəhərsalma Komitəsinin rayon strukturları polisdən və yerli xəbərçilərdən hansısa vətəndaşın sənədində kənd təsərrüfatı təyinatlı olduğu göstərilən torpaq sahəsində ev tikdiyi haqqında məlumat alır. Məmurlar evin tikintisi sona çatana qədər gözləyir və buraya yoxlamaya gəlir. Evi  buldozerlə yıxmaqla təhdid edirlər. Ev sahibi onlara ikimərtəbəli ev üçün 6-10 min manat vermək məcburiyyətində qalır və bu məbləğ rayon icra başçısına təqdim edilir, deyə mənbə bildirib.

Rayon icra hakimiyyəti orqanlarının başçılarının, demək olar ki, müntəzəm olaraq cəza yerlərinə göndərilməsinə baxmayaraq, niyə bütün ölkədə belə hallar baş verir? Həbs edilmiş Vilyam Hacıyevin taleyi niyə qorxu yaratmır?

Mənbəyimiz belə izah edib: V.Hacıyev mərkəzə rayon sakinlərindən çox sayda şikayət getməsinə imkan verib. İH başçıları korrupsiya maxinasiyalarını elə etməlidirlər ki, paytaxta şikayət az olsun. Prezident Administrasiyası vətəndaşların şikayətlərini şikayətin aid olduğu məmura qaytarmaqla rayon icra başçılarına “kömək edir”. Ağıllı korrupsionerlər narazı vətəndaşları yanlarına çağırır, onlarla ortaq dil tapır, onların xahişlərini yerinə yetirirlər, ya da elə qorxudurlar ki, onun bir daha masa arxasına oturub növbəti şikayəti yazmaq istəyi qalmasın. İmişlidən isə çox sayda şikayət gedirdi, nəticədə Prezident Administrasiyası V.Hacıyevi nümayişkaranə şəkildə cəzalandırmalı oldu.

Rayon icra hakimiyyəti başçılarının hesablaşmalı olduğu prezidentin rayonlardakı nümayəndələri institutunun tətbiqindən sonra vəziyyət yaxşıya doğru dəyişəcəkmi? Bəzi ekspertlər hesab edirlər ki, prezidentin nümayəndələri institutunun yaradılması ilə prezidentin rayon icra başçılarına nəzarəti güclənəcək, digərləri yerli icra hakimiyyəti orqanlarını ləğv edib, onları Azərbaycanda bölgələrin sayından asılı olaraq 12-15 nümayəndə ilə əvəz etməyi təklif edir. Üçüncülər isə hesab edirlər ki, heç nə dəyişməyəcək.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059042