Saat:18:05
Haqqımızda

İçki içənin oruc tutması, yeni fətva təklifi, məcburi çağırışın sirri - İlahiyyatçı ilə MÜSAHİBƏ

2024-03-19 21:20:23

İçki içənin oruc tutması, yeni fətva təklifi, məcburi çağırışın sirri - İlahiyyatçı ilə MÜSAHİBƏ

Hurriyyet.Az bildirir ki, Ölkə.Az-ın budəfəki qonağı ilahiyyatçı Ağa Hacıbəylidir. O, Ramazan ayı ilə bağlı insanları maraqlandıran bir sıra sualları cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Oruc tutmağın fəlsəfəsi barədə qısaca məlumat verərdiniz.

- Orucun fəlsəfəsi deyincə, orucun 11 ay bəslədiyimiz bu bədənə, onun ruhuna, düşüncəsinə, xəyal dünyasına çox böyük təsirləri var. İslam mədəniyyətində bədənimizin əzalarına oruc tutdurmaq anlayışı var. Buna "mədə orucu" deyilir. Bu, orucun ilk mərhələsidir. Amma orucun fəlsəfəsi bu qədər bəsit deyil. Oruc insanın daxili aləminə nüfuz edən çox möhtəşəm ibadətdir. 12 saat oruc tutan bir insanın damarından qan alsanız, qanın nə qədər təmizləndiyini görərsiniz. Bizim ən böyük filtrlərimizdən biri olan qaraciyərimizin, eyni zamanda böyrəklərimizin, digər əzalarımızın böyük bir yükdən azad olunması prosesi başlayır. Düşünün ki, bir bədəndə 40 trilyon hüceyrə bu tutduğumuz orucdan yararlanır. Genetika üzrə araşdırmalar aparmış yapon alimi Yoşinori Ohsuminin bəşəriyyətə verdiyi böyük töhfələrdən biri odur ki, o, insan vücudunun ac qaldığı zaman güclü hüceyrələrin zəif hüceyrələri yeyərək orqanizmdə böyük bir təmizləmə prosesi apardığını kəşf edib. Yəni 16-17 saat ac qaldığımız zaman həqiqətən də insanın orqanizmində yenilənmə başlayır. Bu, tibbi olaraq isbat olunmuş bir həqiqətdir. Biz isə işin fəlsəfi istiqamətinə yönələk.

İnsanın ən önəmli qaynaqlarından biri onun səbridir. Çünki təqva Ramazan ayında bir ilahi ziyafətin dəvətidir. Bu dəvət süfrəsinin başında oturma ləyaqətini əldə edən bir insan gərək gözlərinin haqqını verib ona elə bir oruc tutdursun ki, o süfrə başında otura bilsin. Gərək insan qulaqlarına oruc tutdursun. Haramdan, yalandan, iftiradan, böhtandan, qeybətdən qulağını qorusun.

- Qeybət edən insanın orucu pozulmuş olurmu?

- İslam fiqh alimləri "qeybət edərkən orucun pozulur" hökmünü verməyiblər. Ancaq mənəviyyat alimləri bu işin dərinliklərinə endikləri zaman həm də sevgili peyğəmbərimizin hədislərini ələ alıb məsələyə fərqli şəkildə baxırlar. İnsanın səhərdən axşama qədər ac-susuz qalması, oruc tutmaq demək deyilmiş. Əslində, insan orucu tutmur, oruc insanı tutur. Yəni bir insan gerçək mənada "oruc məktəbi"nin məzununa çevrilmək istəyirsə, dilinə, könlünə, ruhuna hakim olmalıdır. Bunun üçün ən önəmli əngəllərdən biri nəfsin tərbiyəsidir. Bir insan oruc tutduğu zaman nəfsini tərbiyə edə bilmirsə, avtomatik olaraq nəfsani hislərinə məğlub olacaq və qarşısındakı, xüsusilə də bir iş yerində uyğun gördüyü adama fürsət tapdığı zaman söz yeritməyə çalışacaq. Quranda bu məsələ ilə bağlı deyilir ki, siz qeybət etdiyiniz zaman ölmüş qardaşınızın ətini yeyirsiniz. Belə ağır işi, bu böyük günahı biz necə edirik?! Ona görə də maksimum dərəcədə çalışmalıyıq ki, dilimizə, qulağımıza oruc tutduraq. Qoy, dilimiz haqqı söyləsin, qulaqlarımız gerçək şeyləri eşitsin.

-  Xəstəliyi olmasa da, "mən oruc tuta bilmirəm" deyən insanlar var.

- Xəstə insanlara, hamilə xanımlara oruc tutmaq olmaz. Övladına süd verən analar oruc tutmaya bilər. Amma onların hamısının qəzası var. Tuta bilməyənlərə gəldikdə isə orucda insan üçün böyük bir fiziki təmizlənmə var. Sevgili peyğəmbərimiz deyir ki, oruc ibadəti mənə aiddir, onun mükafatını da mən verirəm. Madam rəyyan qapısından keçmə var, əvvəli rəhmət, ortası məxvərət, sonu cəhənnəmdən qurtuluş olan bir ay var, içərisində qədir gecəsi kimi bir gecə var, necə ola bilər ki, insan adını o rəhmət dəftərinə yazıdırmasın, bu ziyafət süfrəsində əyləşib "Allahım, mən də varam" deməsin, bu ayda özünü əfv etdirib günah kirlərindən təmizlənməsin?! Önəmli olan odur ki, elə gözəl oruc tutulsun ki, o başqa insanlara da nümunə olsun. Oruc tutan insanlarımız "filankəsin tutduğu oruca bax, mən də oruc tutub ona bənzəmək istəmirəm" dedirtməsinlər. 

- Uşaqlar neçə yaşdan etibarən oruc tuta bilərlər?

- Kültürümüzdə həddi-büluğ yaşı qız və oğlanlara görə dəyişir. Qızlar bu dövrə bir il daha tez qədəm basırlar. Həddi-büluğ yaşı 12-13, bəzi bölgələrimizdə 14 də ola bilər. Hər halda uşaqlar özlərini daha yaxşı tanıyırlar. Həddi-büluğa çatıblarsa, deməli, artıq məsuliyyətli dövrə qədəm qoyublar. O andan etibarən onların namazları da, orucları da yerində olmalıdır və elədikləri günah da günah dəftərinə yazılır. İmkan daxilində balalarımızı yaşı az olduğu dövrdə islam mədəniyyəti ilə, yolumuzla, kitabımızla, peyğəmbərimizlə, rəbbimizlə, axirətlə, tanış etmək lazımdır. Bəlkə də fərqinə vara bilmirik. Gün ərzində uşaqlar dəfələrlə zərərli şeylər yeyirlər. Amma oruc tutduqları zaman zərərli heç bir şeyə toxunmurlar və sözə əməl etməyi bacarırlar. Uşaq artıq "yox"u öyrənir. Bu özü də bir tərbiyədir. Günlərlə çalışsanız, orucun uşağınıza öyrətdiyi bir "yox"u ona öyrədə bilməzsiniz. Amma oruc tutan uşaq artıq imtina etməyi bacarır. 

- Bəzən olur ki, digər aylarda spirtli içki qəbul edən insanlar Ramazanda bütöv bir ay oruc tutur. Bu da birmənalı qarşılanmır. Bəs din buna nə deyir?

- Ola bilsin ki, bir insan spirtli içkilər içir. Elə insan var, qeybət edir, eləsi var həsəd xəstəliyinə tutulub. Yəni hər kəsin bir qüsuru var. Allah-taala insanları qüsurlu yaradıb, amma gözəl yaradıb. Biz insanlara qüsurdan yox, gözəl yönlərindən baxaq, oradan dəyərləndirək. Amma Ramazan ayı gəldiyi zaman bir insan qeybəti, içkini tərk edib ibadətə gəlibsə, ilahi ziyafətə gəlir, nurun ətrafına toplaşır. Yetər ki, insan hidayət yoluna gəlsin, qəlbinin qapılarını sona qədər açsın, xətasını, qüsurunu başa düşüb desin ki, Allahım, mən yanlış etmişəm.

Düşünün ki, içkinin hər zərrəsi qaraciyər üçün bir zəhər sayılır və insan onu dodağına toxundurduğu zaman qaraciyər minlərlə fəaliyyətini dayandırır və o "terrorist"i son nəfəsinə qədər təmizləyənə kimi bütün işini saxlayır. Qaraciyər yağlanması prosesi burada gedir. Uzun müddət içki içən insanların dişləri belə tökülür, ağız florası pozulur. Axı bədən sənin mülkün deyil, Allahın mülküdür, bizə əmanət verilib. Onu daha doğru şəkildə istifadə etmək, ondan yararlanmaq lazımdır. Allah bu bədəni bizə tərtəmiz olaraq verib və sabah qiyamətdə hər əzann hesabını soracaq. Ona görə də biz əl-ayağımızı, dil-dodağımızı günahdan uzaq saxlamalıyıq. İçki kimi təhlükəli bir düşməndən həm bədənimizi, həm də cəmiyyətimizi uzaq edək. 

- Əsəbi insanlar var. Qəlb qırır, insanları incidirlər. Onlar oruc tutanda aclığa bağlı olaraq əsəbilik bir az da artır. Belə insanların oruc tutması nə dərəcədə doğrudur? 

- Çox gərgin, insanları incidən, qəlb qıran, sərt danışan, mimikası ilə, jestlərlə ətrafındakı insanlara əziyyət verən məsxərəyə qoyan tiplər mövcuddur. Təmkinli və səbirli olmaq lazımdır. Ramazan ayı insanlığın zirvəsinə yelkən açma ayıdır. Oruc bizi tutur. Yəni biz səbrimizi, kimliyimizi imtahan edirik, dözümlülüyümüzü isbat edirik. Ona görə də Ramazan ayı boyunca insan mütəmadi olaraq qarşılaşdığı hadisələrə anında reaksiya verməməlidir. Daha çox Allahın hüzurunda olduğu kimi davranacaq. Deməli, bizim iman dərəcəmiz aşağı olduğundan dolayı qarşımızdakı insanın ruh şəhərini söndürməyə çalışırıq. Bəzən bir sözümüz qarşımızdakı insanın böyük hədəfindən, tərəqqisindən götürüb aparır. Bunun hesabını biz Allaha verə bilməyəcəyik. Ramazan ayında dəyişmək istəyiriksə, sözlərimizi dəyişək, sərt sözlərin əvəzinə gözəl sözlərdən istifadə edək.

 - Hər il Ramazan ayında eyni suallar verilir. Qaydalar dəyişirmi? Bu suallar nədən meydana çıxır? Məsələn, "fitrə necə verilməlidir" sualı hər il gündəmə gəlir.

- Ailədə 5 nəfər varsa, hər kəsin adına fitrə çıxarılmalıdır. Bəzən insanlar tərəddüd edir, amma dəyişən bir şey yoxdur. Əslində, dəyişən bizim yanaşmamızdır. Düşünün ki, zəngin bir adam var, süfrəsi 300-500 manatlıq ola bilər. Sədəqə çıxaranda deyir ki, görəsən, Qafqaz Müsəlmanları İdarəsi neçə manat deyib. Bir nəfərə həmin məbləği çıxarır. Bu belə olmamalıdır. İşin əsli belədir: zəngin bir adam öz süfrəsinə nəyi qoyub yeyirsə, süfrəsində nə qədər maddi zənginlik varsa, eyni o süfrə qədər qonşusuna fitrə sədəqəsi çıxaracaq. Bundan artığını da verə bilər. Deyilir ki, Allah sənə ehsan etdiyi kimi, sən də insanlara yaxşılıq et. 

- Oruc tutan adamla tutmayanın verdiyi fitrənin məbləği bərabər olmalıdırmı?

- İslam dinində belə bir ayrı-seçkilik yoxdur. Ramazan boyunca oruc tuta bilməyən insanlar var. Adam oruc tuta bilmir, amma zəngin insandır. Fidyə ibadəti var. Bu da bir müsəlmanın qarnını gündə 2 dəfə doyurmaq deməkdir. Yəni özü oruc tuta bilmir, fəqir-füqəranı axtaracaq və sanki özününün sahur və iftar yeməyini o insana verəcək. 

Sədəqə verdiyimiz zaman bizdə kibir yaranmasın ki mən sənə pul verirəm. Bilməliyik ki, o insan verdiyimiz sədəqəni almaqla Allah bizi 70 cür bəladan qoruyur. Əgər Ramazan ayında bir ölkənin içərisində iş adamlarımız həqiqətən zəkatlarını versələr, fəqir insan qalmaz. 

- Niyə məhz bu ayda din insanları oruca səsləyir, bunun kəffarəsi, cəzası var deyilir?

- Ramazan sadəcə oruc tutmaq, yeyib yatmaq ayı deyil, fəth ayıdır. Peyğəmbərimiz (s) Bədr savaşını Ramazanda qazanıb. Uhud savaşının hazırlığını Ramazanda gerçəkləşdirib, Məkkəni Ramazanda fəth edib. Əslində, oruc tutmaq nəfsə qarşı meydan oxumaqdır. 

"Kəffarə" anlayışı isə işin bir qədər fərqli tərəfidir. Əgər mən orucu bilə-bilə pozmuşamsa, Allahın qanunlarını pozmuşam. Ona görə, bunun kəffarəsi də ağırdır. Deyir ki, sən orucu pozmusansa, gedib 60 nəfər insanın qarnını doyuracaqsan və ya 60 gün ardıcıl oruc tutacaqsan. Bir gün də həminin günün qəzasını edəcəksən. Bu o deməkdir ki, sən həmin gün oruc tutmadınsa, ömrünün son gününə qədər oruc tutsan, o gündə alacağın feyzi, mükafatı ala bilməyəcəksən. 

- Hər il müxtəlif ölkələrdə Ramzan ayı fərqli günlərdə başlayır və fərqli günlərdə bitir. Tərəflərin hansının doğru olub-olmamasından asılı olmayaraq insanlar öz inancına əsasən hərəkət etsələr, günaha batmış sayılırlarmı?

- Hər il Ramazan ayı gələr-gəlməz müsəlman dünyasında ayın görüntüsü ilə bağlı fərqli anlayışlar ortaya çıxır. Bizim məzhəblərimiz içərisində fərqli görüşlər sərgilənir. Bunlardan biri ondan ibarətdir ki, dünyanın istənilən bir yerində ay görünübsə, artıq öz təqlidçilərinə əmr edir ki, orucunuzu tutun.

Elə alimlərimiz də var ki, deyirlər ki, ayı səmanın öz üfüqümdə görməliyəm, sonra oruca əmr verməliyəm. Bu il də ayın 11-də və 12-də oruc tutanlarımız oldu. Hesab edirəm ki, müsəlman alimləri bu məsələdə birlik nümayiş etdirə bilərlər. Daha yeni bir fətvaya ehtiyacımız var. Çox yaxın - 1 saat fərqi olan ölkələrin eyni vaxtda oruc açıb eyni zamanda bayramlarını etmək imkanı varkən, bir təsbehin hər tərəfə dağılmış əmmaməsi kimi olmağın nə mənası var?! Məsələn, Azərbaycan vətəndaşları eyni vaxtda oruc açıb bayram edə bilərlər. Yəqin ki, 5-10 ilə olmasa da, yaxın gələcəkdə ümid edirəm ki, Azərbaycanımızda bunun toxumu əkilib və alimlərimizin verdiyi fətvalar bu ölkənin müqəddəratını həll edəcək. Ona görə ki, gerçək alim batmayan bir günəşdir. 

Əgər ay ayın 12-də görünübsə və kimsə 11-də oruc tutubsa, narahat olmasın, heç bir şey itirməyib, əgər ay 11-də görünübsə və kimsə 12 də tutubsa, 1 gün qəzası var. Çünki bilərəkdən etməyib.

- Normalda o qədər çox yemək yemirik, amma Ramazanda uzun müddət ac qaldığımız üçün ürəyimiz daha çox yemək istəyir. Dinimiz israfçılığa yaxşı baxmır. Təmtəraqlı iftar süfrələrinin qurulması dini baxımdan düzgündürmü?

- Dəbdəbəli süfrələri bir tərəfə qoyaq. İsrafın qapısını açanda biz Quranda çox ağır bir təhdidlə üzləşirik. Günümüzdə görürürk ki, restoranlarda və s. bir adam oruc süfrəsi açdırırsa, istəyir ki, çoxlu yemək, çeşid-çeşid qidalar olsun, öz qonaqlarını daha yaxşı doydursun. Amma Rəsulullah deyir ki, adəm övladının dünyada doldurduğu ən pis qab mədə qabıdır. Biz səhərdən axşama qədər bədənimizi təmizlədiyimiz zaman alıb yeyəcəyimiz qida öz normasında olarsa, bu, orqanizm üçün müthiş bir xeyirdir. Gün ərzində yemədiklərimizi də üzərinə əlavə edib bədənimizi zəhərləyəcəyiksə, iftardan sonra nəfəsimiz kəsilənə qədər yeyəcəyiksə, bu, iftar sayılmaz. İftar xurma və su ilə açılır. Ondan sonra olan ziyafətdir. Çalışaq, müəyən proteinli, zülallı qidalardan istifadə edək, normalardan yararlanaq. Amma ziyadəsinə qaçmaq bədənimiz üçün yükdür. Xüsusilə də 40 yaşına çatmış insanlar  üçün yediyi hər şey bədənə yük olacaq. Ramazan da istəyir ki, bizi yükdən azad eləsin, rahatlaşdırsın. Bədənimiz ruhumuza baş əydiyi bu ayda yenidən niyə ruhumuzu məcbur edirik ki, bədənimizə tabe olsun?!

 

 

Billurə Yunus

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR