İçki içdi, "TikTok"da icra başçısını təhqir etdi — Həbs olundu
İçkili halda Göyçay Rayon İcra Hakimiyyətinin başçısının ünvanına sosial şəbəkədə təhqir və böhtan xarakterli məlumatlar yayan şəxs həbs edilib.
Hurriyyet.Az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, 1983-cü il təvəllüdlü Göyçay rayon Mlikkənd kənd sakini Y.B. barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 və 388-1.1.1-ci maddələri ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, Y.B. sərxoş vəziyyətdə "TikTok" sosial şəbəkəsində "Qartal023" istifadəçi adı ilə icra başçısının və digər vəzifəli şəxslərin ünvanına nalayiq ifadələr yazıb.
Müvafiq şikayət əsasında Y.B. polis şöbəsinə dəvət edilib. O, Göyçay rayon Polis Şöbəsinin inzibati otağında səs-küy salıb. Məhkəmədə isə törətdiyi əməldən peşman olduğunu deyib.
Məhkəmənin hökmü ilə Y.B. 15 gün müddətinə həbs olunub.
Qeyd edək ki, 12 noyabr 2025-ci il tarixində Orxan Müsrəlov Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
