“İçimdə sevgi az olsa da, şeirlərim sevgidən yoğrulub”

2022-04-26 14:47:00

“İçimdə sevgi az olsa da, şeirlərim sevgidən yoğrulub”

Aysel Fikrət: “Şairlik fiziki olaraq xəstəliyə yaxın bir şeydir”

“Əslində, çalışıram ki, yazmayım, amma bəzən məni narahat edən hansısa fikir, söz qəhərə çevrilib məni boğmağa başlayır…”
 

“Səmimi söhbət”in budəfəki qonağı unudulmaz şair-publisist Fikrət Sadığın yadigarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü tanınmış şairə və yazıçı, pedoqoq Aysel Fikrətdir.

(Əvvəli ötən sayımızda)

https://hurriyyet.az/az/post/qalib-xalqin-edebiyyatini-temsil-etmek-cox-qururvericidir-365643

                              Нет описания фото.

- Sən görkəmli qələm ustası, unudulmaz şairimiz Fikrət Sadığın qızısan. Fikrət müəllim dünyasını dəyişsə də, qəlbimizdə yaşayır. Gözünü açıb bu gözəl insanı görmüsən, ədəbi mühitdə böyümüsən. Atan səninçün insanlıq nümunəsi olub. İnanıram ki, gələcək taleyini də elə atan, ona, onun yaradıcılığına olan sevgin müəyyən edib. Onu da deyim ki, sən həqiqətən çox yaxşı övladsan, atanın xatirəsini yaşatmaq üçün əlindən gələni edirsən. Fikrət Sadıq Aysel Fikrət üçün kimdir? Təbii ki, hər bir övlad üçün atası ən əziz, ən dogma, əvəzolunmaz insandır. Amma sizin münasibətləriniz təkcə ata-qız münasibətləri deyildi, siz həm də dost, sirdaş, həmkar idiniz.

- Fikrət Sadıq Azərbaycan ədəbiyyatı üçün çox böyük bir şəxsiyyət idi. Ötən əsrin 60-cı illərindən üzü bu yana yaşayıb-yaradan gözəl şairlərimiz arasında öz yeri olub, özünəməxsus dəst-xətti ilə seçiıib. Əlbəttə, atam haqqında xoş sözlər eşitmək mənim üçün dəyərli və xoşdur. Atamın adı çəkiləndə insanların simasında yaranan təbəssüm, sevinc, fərəh məni hər zaman ruhlandırıb, təsirləndirib.

Ədəbi mühitə gəlişim bilavasitə atamla bağlıdır. Mən atamın ətrini sanki ədəbi mühitdən almaq istəmişəm. Onun tanıdığı insanlara daha yaxın olmaq istəmişəm. Bəlkə də bu mənim yaradıcılığımdan daha öndə duran bir arzu olub. Atama yaxın olum, onu nəzərimdən itirməyim. Atam mənim üçün örnək bir insandır. Atam mərhəmətli, sakit, həlim. Həyatının keşməkeşli olmağına baxmayaraq, saflığı, həyatsevərliyi, gözəlliyi özündə qoruyub saxlamağı bacaran, nadanlara, cahillərə qarşı həmişə mübarizə aparan, vətəni sevən, ömrünün sonuna qədər ətrafda baş verən hadisələrlə, bütün yeniliklərlə yaxından maraqlanan, övladlarına savadlı, insansevər, ədalətli olmağı aşılayan, qayğıkeş, cəfakeş bir ata kimi  kimi yadımda qalıb.

Fikrət Sadıq mənə təkcə qayğıkeş ata, istedadlı şair deyil, həm də müdrik şəxsiyyət, büt, ruhuma dinclik bəxş edən insan kimi əzizdir, əvəzolunmazdır. O, adi insan deyildi. Biz onunla dost, sirdaş olmamışıq. Tamamilə bunun əksi olub. Atam ailədə olduqca sakit, az danışan, övladları ilə uzun-uzadı söhbət etməyən bir insan olub. Biz övladları onun bu xasiyyəti ilə hər zaman barışmışıq. Anamız onu bizə olduğu kimi sevdirib. Biz böyük bir sevgidən dünyaya gəlmişik. Anam onu çox sevirdi, əzizləyirdi. Atamın adicə işdən evə gəlişi bizim üçün bir bayram idi.

Atam ömrünün sonuna qədər mənim nəfəs alma səbəbim idi. Həyatda qarşılaşdığım bütün haqsızlıqlara, ağrı-acıya rəğmən, sadəcə gəlib onun yanında oturmaq, onun səssizliyini dimnləmək qəlbimə, ruhuma bir məlhəm idi, yalnız onun yanında sakitləşirdim, huzur tapırdım. Onun yoxluğu məni demək olar, tamamilə dəyişdirdi. Onun gedişi məni sanki görəvləndirilmiş bir əsgərə çevirdi. İnanmıram ki, Azərbaycan poeziyasında Fikrət Sadıq qədər səliqəli, öz əsərlərini yığan, qoruyan, özünü bu dərəcədə yaradıcılığa həsr edən, onun qədər çalışqan, ömrünün sonunadək yorulmadan yazıb-yaradan, daim yeni fikirlərlə yaşayan ikinci bir şair olsun. Bu şəraiti anam onun üçün yaratmışdı.

Atam cəmi 14 gün yataq xəstəsi oldu, bu müddətdə yeganə təəssüfləndiyi məqam-fikirlərini kağıza köçürə bilməməsi idi. Çox həyatsevər insan idi, amma o qədər müdrik idi ki, doymadığı həyatdan belə şahanə ayrılmağı bacardı.

Mənə elə gəlir ki, mənim yeganə xoşbəxtliyim atamdır. Atam mənim həyat müəllimim, ustadımdır. Mən yaşamağı, hiss etməyi-hər şeyi ondan öyrənmişəm. Bu gün də düşdüyüm müxtəlif vəziyyətlərdə atamı xzatırlayıram, onun kimi hərəkət etməyə çalışıram. Ola bilsin, ata kimi hansısa qüsurları vardı, o mənada ki, bizə az vaxt ayırırdı, amma həyatımızın bütün önəmli məqamlarında yanımızda olurdu. Biz ondan heç incimədik, qardaşlarım da, mən də hər zaman ona layiq övlad olmağa çalışdıq və düşünürəm ki, yaxşı insan kimi yetişdik.  Atam həqiqətən böyük insan, böyük şəxsiyyət idi. O, bir mələk idi, onun düşüncəsi mələk düşüncəsi idi.

- Sən həm də ona görə şanslı insansan ki, Orxan Fikrətoğlu kimi bir qardaşın var. Orxan Fikrətoğlunun həm jurnalistika sahəsində özünəməxsus rolu var, həm də bir yazışı kimi çox dəyərlidir. Düşünürəm ki, o da sənin yol göstərənin, həyat müəllimin olub. Çünki səndən yaşca xeyli böyükdür.

                                           Нет описания фото.

- Orxan Fikrətoğlu gözəl nasirdir. Mənim ona iki cür yanaşmama var: bir bacı kimi və bir yazıçı kimi. Onu yaxından tanıdığım üçün yazdıqlarını içdən duyuram, neyçün yazdığını, fikirlərinin nədən qaynaqlandığını bilirəm. Biz bir-birimizi o qədər yaxından, o qədər yaxşı tanıyırıq ki, çox vaxt yazılarımı ona heç göndərmirəm də. Orxan həqiqətən böyük nasirdi, amma onun yazıları Azərbaycan ədəbi aləmi üçün deyil. O, dünya miqyaslı yazıçıdı. Obrazlara tamamilə fərqli aspektdən yanaşır. Çox realistdir. Əsərlərində də, həyatda da realist insandır. Onunla çox fəxr edirəm, çünki cəmiyyətdə öz adını qazanmış bir insandır. Onun televiziya fəaliyyəti tamamilə ayrı bir dünyadır. Cəlil Məmmədquluzadə ruhlu bir yazıçıdır, aparıcılığında da bu aydın sezilir. Orxan saf, vicdanlı insandı, onun insanlığı ilə də fəxr edirəm. Həm övlad, həm qardaş, həm ata, həm də ailə başçısı kimi dəyərlidir. Orxan ən çox oxuduğum, sevə-sevə, sonadək oxuya bildiyim, hər yeni əsəri ilə məni valeh edən az sayda yazıçılar siyahısındadır.

Mən qardaşlarımı dəlicəsinə sevən bir bacıyam. Qardaşlarım mənim üçün hər şeydən öndədir. Orxan da mənim qardaşımdır, onu dünyalar qədər sevirəm. Atamızı, iki qardaşımızı itirəndən sonra bir-birimizə yeganə sirdaş və dost qalmışıq. Baxmayaraq ki, uzun illər abir-birimizlə pərdəli davranmışıq. Mən qardaşlarımdan çox uzaq, içimə qapalı bir qız olmuşam. Ola bilsin, bu kimin üçünsə təəccüblü səslənə bilər. Şairə, yazıçı necə özünə qapalı ola bilər axı? Amma həqiqətən belə olmuşam. Az danışan, hisslərini biruzə verməyən biri kimi tanınmışam, həm ailəmdə, həm də ətrafımda. Amma təbiətim içimdəki sevgiyə zərrə qədər təsir etməyib. Üç qardaşımın üçünü də çox sevmişəm. Onlar dünyadan getdikcə sanki nəfəsim azalır. Bu gün bütün sevgim Orxanda cəmləşib. O, həm qardaşlarımı, həm də atamı əvəz edir mənim üçün. Bir yazıçı, ziyalı kimi isə Azərbaycan cəmiyyətinə gərək olan insandı Orxan. Çünki ziyalı cəmiyyətə xeyir verən, onu düz yola çəkən, onu çirkabdan təmizləyən bir insandır, ziyadır. Orxan Fikrətoğlu məhz belə ziyalardandır. 

- Sənin şeirlərində, paylaşdığın statuslarda belə bir ağrı, nisgil var. Hətta bəzən adama elə gəlir ki, o misralara, sətirlərə toxunsa, şüşə kimi çiliklənib töküləcəklər. Çox kövrək, həssas bir dünyan var. Ümumiyyətlə, şeir, şairlik, yazıçılıq sənin üçün nədir? İlk şeirini, hekayəni nə vaxt yazmısan? İlk oxucun atan olub? Münasibəti necə olub?

                       Нет описания фото.                  

- Dediyim kimi, mən çox qapalı bir insan olmuşam. Duyğularımı hr kəsdən gizlətmişəm. Amma günlərin birində özümdə cəsarət tapıb üç şeirimi atama təqdim etdim, amma dedim ki, bu şeirlər xarici ədəbiyyat nümunəsidir, kimsə tərcümə edib. Atam şeirləri bəyəndi və müəlliflə maraqlandı. Ona heç nə demədim, amma anladım ki, yazmaq qabiliyyətim var. Bundan sonra da uzun illər yaradıcılığımı hər kəsdən gizlətdim. Amma elə bir vaxt gəldi ki, onları üzə çıxarmaq ehtiyacı duydum və bunu etdim. Əslində nəsr yaradıcılığım hər kəsə bəlli idi. Biz kurs işi olaraq bədii əsərlər yazırdıq, kiçik həcmli hekayələrim qəzetlərdə çap olunurdu, müəllimlərim, tələbə yoldaşlarım yazı üslubumu bəyənirdi.

Şeir yaradıcılığına gəlincə isə, bu, öz-özünə yaranan bir prosesdir. Buna mənim heç bir qatqım, heç bir istəyim olmayıb. Heç ağlıma da gəlməzdi ki, şeir yaza bilərəm. Ümumiyyətlə, “mən şair olmaq istədim və oldum”, - deyə bir şey yoxdur. Şairlik fiziki olaraq xəstəliyə yaxın bir şeydir. Əslində, çalışıram ki, yazmayım. Amma bəzən məni narahat edən hansısa fikir, söz qəhərə çevrilib məni boğmağa başlayır və sakitləşmək üçün düşündüklərimi sətirlərə köçürmək məcburiyyətində qalıram. Yəqin ki, ağrıdan doğulur bu.

İlk oxucum atam yox, anam olub. Anam ixtisasca ədəbiyyatçı və dilçidir. Mənim düşüncələrimi şox bəyənir. Neqativ bir cavab almamışam ondan. Sonradan şeirlərim dərc olunmağa başlayanda atam hər dəfə sevinirdi. alnımdan öpürdü. Atamın xeyir-duasını almışam. Amma yaradıcılığıma çox az müddət nəzarət edə bildi. Vaqif Səmədoğlu, “Ulduz” jurnalında çalışan şairə Fərqanə Mehdiyeva mənə böyük ruh verdi. İndi hər ikisi haqq dünyasındadır, amma heç birini unutmuram, hər ikisinə rəhmət oxuyuram. Gördüyünüz kimi, şairə, yazıçı olmağımda ailəmin elə də böyük rolu olmayıb. Bəlkə də onlar heç istəməyiblər mən şairə olum. Əslində, yaradıcı insan olacağım ağıllarına belə gəlmirdi.

Nə yaxşı ki, fikrimi sözlə, şeirlə ifadə etməyi bacarıram. Şeir səmimi yazılmalıdır və şəxsi addan yazılmalıdır. Şairlik odur ki, insanlarla ünsiyyət qurduqda onlar sənə, sənin səmimiyyətinə inansınlar. Mənim yaradıcılığım, şeirlərim ətrafda baş verən, milyonlarla insanın yaşadığı olaylara şəxsi yanaşmamdır. Amma orada olan dərd, kədər, həsrət, ağrı, sevgi, yalan, iftira bütünlükdə cəmiyyətin problemidir. Onlarla insanın dərdidir, bir qadın ağrısıdır. Mənə deyirlər ki, şeirlərində, hekayələrində bir az çox pessimizm var. Bu pessimizm həyatda görüb müşahidə etdiyim qadınların ağrı-acısıdır. Bəlkə məni şair edən də elə haqsızlığa düçar olan, ağrısını içində yaşamağa məcbur qalan həmin o qadınlar olub. Yazdığım yüzlərlə şeirdə sırf özümü ifadə edə bilməzdim axı. İnsanın hisslərinin tükəndiyi məqamlar olur, mən o qədər də sevən qadın deyiləm. Məndə ümumiyyətlə sevgi hissi bir az problemlidir. Yəni övladlarıma, şagirdlərimə, onların valideynlərinə o qədər sevgi xərcləmişəm ki, şəxsi həyatıma yetərincə sevgi qalmayıb. İçimdə sevgi az olsa da, şeirlərim sevgidən yoğrulub. Şeirlərim elə mənim xəyallarımdır, paralel dünyamdır. Mənim həyatım çox sadədir və mən çox realist, dürüst adamam. Sadə bir ailəm var. Tələbə yoldaşımla ailə qurmuşam. Çox sevilən bir insanam. İki oğlum var, hər ikisi çox ağıllı, tərbiyəli və mədəni, təhsilli, sevgi doludurlar. Çox şükür, həyatımda elə böyük bir ağrı-acı yaşamamışam. İçimdəki ağrı isə tamam başqa bir dünyadır. Mənə elə gəlir ki, bütün şairlərdə belədir.

Yazıçı insanlara, dünyaya çox açıq olmalıdır. Dramaturgiyası olmayan nəsr əsəri əsər deyil. Şeir isə əsas hisslərdir. Şair öz oxucusu ilə söhbət edir. Şeirin strukturu, quruluşu - bunlar hamısı axırıncı işlərdir. Əsas səmimiyyətdir. Şair ilk sətirdən oxucusunun inamını, etibarını qazanmağı bacarmalı və onun zövqünü oxşamalıdır. Şeir budur. Şeir bir ahdır, şeir bir andır. Şeir bütün həyatı tərənnüm edə bilməz. Şeir həll, möhür, damğa  deyil. İnsan yaşadığı qədərdir və o an yaşantısının özü də böyük bir xoşbəxtlikdir.

Hər zaman demişəm, bir daha təkrar edirəm: ədəbi mühitdə iddialı deyiləm, ədəbiyyata atamın ətrini almaq üçün gəlmişəm. Amma yazmaya da bilmirəm. Bəzən həftələrlə, aylarla yazmıram, amma bir fikir, düşüncə dünyaya gəlməlidirsə, onun qarşısını almaq mümkün deyil, hökmən doğulmalıdır.

                                                      Возможно, это крупный план (1 человек)                                                             - Aysel Fikrət özünü xoşbət qadın, xoşbəxt insan hesab edirmi? Yəni bir yaradıcı insan,   bir şəxsiyyət,  bir qadın, bir ana kimi özünü  realizə edə bilmisən? Özünə, övladlarına nə arzulayırsan? Gələcəyi necə görürsən?

- Xoşbəxtlik deməzdim buna, uğurlu insanam. Ümumiyyətlə, “xoşbəxt-bədbəxt” söhbəti mənə çox primitiv gəlir. Çünki insan övladı xeyir işlər görmək üçün yaranıb. İnsan özü öz həyatını zəhərə döndərir, seçdiyi yanlış insanlar, nankor dostlar  onun həyatını qaraldır. Həyatımda olan aqillər də, cahillər də, sevincim də, kədərim də-hamısı mənimdir. Həyatım boyu atdığım addımların nəticəsidir. Bu gün qazandıqlarım dünənki əməllərimin bəhrəsidir. Əgər bu gün övladlarım təhsilli, cəmiyyətə yararlı insanlardırsa,  demək dünən bunun üçün çalışmışam. Eləcə də şagirdlərimin uğurlu sabahı bir müəllim kimi bu günkü fəaliyyətimdən asılıdır. əgər bu gün kimsə mənə qarşı haqsızlıq edirsə, kimdənsə namərdlik görürəmsə, demək onu həyatıma buraxmaqla səhv etmişəm. İnsan öz yanlışlarından nəticə çıxararaq səhvlərini düzəldir, yaxşı cəhətlərini daha çox formalaşdırır. İnsan özü özünü yaradır. Mənim üçün həyatda ən böyük rahatlıq azadlıqdır. Uğurlu insan nəyinsə xatirinə özünü, ruhunu qəfəsə salmayan insandır, bu üzdən özümü uğurlu insan sayıram. Amma xoşbəxt deyiləm. Buna görə üzülmürəm. Xoşbəxlik anlayışı hər kəs üçün fərqlidir. Mən heç vaxt mal-mülk, var-dövlət arxasınca qaçmamışam. Sahib olduqlarıma qane olub rahat yaşamağı üstün tutmuşam. Həyatda düşmən yoxdur. Düşmənimiz də, dostumuz da özümüzük, öz düşüncələrimizdir. İnsan özü özünü yaradır, əgər özünü uğurlu insan kimi formalaşdıra bilirsə və siz buna “xoşbəxtlik” deyirsinizsə, demək həmin şəxs ömrünün sonuna yaxın həyatını xoşbəxt yaçşayan bir insan hesab oluna bilər.

Dediyim kimi, özümü  xoşbəxt insan saymıram, bunu tam səmimi etiraf edirəm. Amma uğurlu, mərhəmətli insan olduğumu düşünürəm. Çalışıram dürüst olum, insanların həyatına müdaxilə etməyim. Hər kəsə, hətta düşmənlərimə belə gözəl şeylər arzulamağa çalışıram. Bütün bu üstün cəhətləri özümdə formalaşdıra bildiyim üçün fəxr edirəm.

Bir də inanıram ki, hər kəs öz vəzifəsini bilsə, cəmiyyət də düzələr, hər şey öz yoluna düşər, yaşadığımız xaosa son qoyular.

Söhbətləşdi: RUNA

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya