Saat:20:56
Haqqımızda

İbrahim Rəisi Azərbaycanla niyə qarşıdurma xətti seçib - Prezidentin açıqladığı o məqam...

2021-10-15 10:28:00

İbrahim Rəisi Azərbaycanla niyə qarşıdurma xətti seçib - Prezidentin açıqladığı o məqam...

Dövlət başçısı diqqəti ilk dəfə olaraq yeni İran prezidentinin hakimiyyətə gəlişindən sonra münasibətlərin gərginləşməsinə yönəltdi, İsrail məsələsinin daxili auditoriyaya yönəlik bəhanə olduğunu vurğuladı.

İran-Azərbaycan gərginliyinin səbəbləri təkcə regional deyil, beynəlxalq KİV-lərin də diqqətindədir. Bu gərginliklə bağlı indiyədək İran tərəfi ən müxtəlif bəhanələr uydurub, bu siyasəti də təəssüf ki, yenə davam etdirirlər.

İtaliyanın “La Repubblica” qəzeti də Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibəsində gündəmin ən aktual mövzusuna toxunub. Prezident Əliyev gərginliyin əsl səbəbləri haqda danışarkən İranın bundan əvvəlki hakimiyyəti ilə münasibətləri xatırladıb: “Azərbaycanın xarici siyasət prioritetləri haqqında danışanda, - əslində, bunların hamısı çap edilib, - demişəm ki, bizim prioritetimiz qonşu ölkələrlə münasibətlərdir. Səkkiz il ərzində işlədiyimiz əvvəlki İran hökuməti ilə biz münasibətlərimizi ən yüksək mümkün səviyyəyə qaldıra bildik. Mənim həmkarım cənab Həsən Ruhani ilə ondan artıq görüşüm olub. Bütün həmin görüşlər məhsuldar olub. Biz enerji, nəqliyyat, mədəni inkişaf, təhlükəsizlik sahələrində bir çox sazişləri imzalamışıq və icra etmişik. Münasibətlərimiz, əslində, dostluq və yaxşı qonşuluq rəmzinə çevrilmişdir”.

İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verdi - TAM MƏTN  » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Dövlət başçısı İbrahim Rəisinin hakimiyyətə gəlməsindən sonra Azərbaycanın həmin dost münasibətlərinə sadiq qaldığını vurğulayıb: “İranın yeni hökuməti, yeni prezidenti seçiləndə biz nə etdik? Biz onun inauqurasiyasına parlament sədrinin və baş nazirin müavininin rəhbərliyi ilə böyük nümayəndə heyətini göndərdik. Onlar mənim dostluq mesajımı birbaşa İran prezidentinə çatdırdılar. Eyni zamanda digər çatdırılan mesaj və mən bunu xüsusi olaraq əvvəlcə bildirdim, belə idi: ”Xahiş edirik Qarabağda İran biznesmenləri tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirin". Biz İran hökumətini ittiham etmək mövqeyində deyildik. Biz anladıq ki, bunu bəzi özəl şirkətlər edir. Lakin biz bunun dayandırılmasını xahiş etdik. Cavab olaraq nə baş verdiyini hər kəs görür. Nəticədə nəyə nail olduq? Bir daha söyləyim ki, heç bir yaxşı şey baş vermədi".

Dövlət başçısı Tehranın İsraillə bağlı ittihamlarını bir daha rədd edib: “İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamları rədd edirik. Bu, tamamilə cəfəngiyyatdır. Bu, sadəcə, Azərbaycanı qaralamaq məqsədilə daxili auditoriyaya yönəlmiş bəhanədir”.

Beləliklə, Prezident Əliyev diqqəti ilk dəfə olaraq İbrahim Rəisinin hakimiyyətə gəlişindən sonra münasibətlərin gərginləşməsinə yönəltdi, İsrail məsələsinin daxili auditoriyaya yönəlik bəhanə olduğunu vurğuladı.

Bəs İbrahim Rəisi hakimiyyəti niyə qonşusu olan Azərbaycanla münasibətləri gərginləşdirmək xətti tutdu? Azərbaycanın 1992-ci ildən bəri diplomatik münasibətlər qurduğu İsrail bəhanəsi niyə indi bu qədər qabardılaraq yada düşdü? İbrahim Rəisi hökumətini bundan əvvəlki dövlət başçısı ilə fərqləndirən nədir, bu cür yanlış siyasətlə İran hətta ən yaxın qonşularını belə özü ilə düşmən etməyin mənası nə?

Ceyhun Məmmədov medalla təltif edilib

Ceyhun Məmmədov

Hurriyyet.az xəbər verir ki, YAP-çı deputat Ceyhun Məmmədov sualları belə cavabladı: “Hesab edirəm ki, bu məsələ o zaman daha aktual oldu ki, Azərbaycan Gorus-Qafan yolunda gömrük və polis postları qurdu. İran maşınlarından - hansılar ki, Qarabağa, Ermənistana yük daşıyırlar - rüsum alınmağa başlandı. Digər bir reallığı da deyim. İran gözləmirdi ki, qısa zamanda Azərbaycan torpaqlarını işğaldan azad edə bilər. Qəhrəman igidlərimiz bunu etdilər və bölgədə yeni bir reallıq yaratdıq. Cənub qonşumuz bu reallığı özü üçün təhlükə görür və bu reallıqla barışmaq istəmir. Eyni zamanda Azərbaycan tərəfin İran maşınlarından gömrük rüsumu almasını qəbullana bilmir. Təzyiq yolu ilə öz məqsədlərinə nail olmaq istəyir. Digər bir məsələ isə ondan ibarətdir ki, İran tərəfi Şərqi Zəngəzur dəhlizinin əleyhinədir. Baxmayaraq ki, hər iki ölkənin buna resursu yoxdur. Qafqaz dəhlizi adı altında bir layihə düşünülüb. Düşünürəm ki, İranla bağlı gərginlik hazırkı hakimiyyətlə birbaşa bağlı olan məsələ deyil. Cənub qonşumuzun hazırkı siyasətini özündə əks etdirir. İran belə bir yol seçib və çalışır ki, Şərqi Zəngəzur dəhlizinin qarşısını alsın. Rəsmi Tehran ciddi şəkildə narahatdır ki, Azərbaycan ərazisindən Ermənistana yüklər daşıyan maşınlarından rüsum alınır. Bunun üçün də sərsəm bəyanatlar səsləndirirlər. Bu gün İran hesab edirsə ki, belə addımlarla nəyəsə nail olacaq, bu olmayacaq. Nail ola biləcəyi bir şey var, o da münasibətlərin pozulmasıdır. Bu da İranın imicinə, bölgədəki fəaliyyətinə təsir edir. İran bu cür ittihamlardan, yanaşmalardan əl çəkməli və normal münasibətlərin qurulmasına nail olmalıdır. Əgər İran bu formada davam edəcəksə, Azərbaycan daha kəskin reaksiya verəcək. Cənub qonşumuz həm də onu bilməlidir ki, Azərbaycan tərəfi heç zaman prinsipal mövqeyindən geri çəkilməyəcək”.

Əhəd Məmmədli – AĞ PARTİYA

Əhəd Məmmədli

Siyasi şərhçi Əhəd Məmmədli hesab edir ki, İran problemi özündə axtarmalıdır: “İranın İsraillə bağlı iddiaları əsassızdır. İran iddia edir ki Azərbaycan onunla sərhəddə sionist rejimi gətirir. Niyə məhz indi Azərbaycan İranla dövlət sərhədini bərpa edəndən sonra rəsmi Tehran bu cür ittihamları sürür, əvvəllər niyə bəs bunu etmirdilər? Azərbaycan İsraili İranla sərhədinə gətirmək istəsəydi, bunu çoxdan edərdi. Yenə təkrarlayıram ki, niyə məhz indi Tehranın sionist rejimi yadına düşüb? Bu suala cavab gün kimi aydındır, çünki İran ərazisi bütöv, güclü Azərbaycan istəmir. 44 günlük müharibə zamanı İranın Azərbaycana qarşı etdikləri indi yavaş-yavaş ortaya çıxır. Son bir ildə İran Ermənistanın rəsmi müttəfiqi sayılan Rusiyadan daha çox düşmənlərimizin tərəfini tutdu. İranın bütün iddiaları əsassızdır. Gorus yolunu Paşinyan belə Azərbaycan ərazisi sayır və biz də öz ərazimizdə kimi istəsək yoxlaya bilərik. İran öz ərazisində Azərbaycan TIR-larını yoxlayanda rəsmi Bakı buna etiraz edir? Təbii ki, yox. Onda niyə İran Azərbaycanın öz ərazisində onun TIR-ları yoxlamasına etiraz edir ? Özü də o TIR-lar ki, Azərbaycanın icazəsi olmadan keçmiş Dağlıq Qarabağ ərazisinə gedir. İran Azərbaycanın icazəsi olmadan keçmiş Dağlıq Qarabağ ərazisinə bir dənə kibrit də göndərə bilməz! Özünü İslam respublikası adlandıran İranın sərhədində cəmi bir xristian ölkəsi var, digərləri müsəlman ölkələridir. Amma siz bir paradoksa baxın, İranın məhz xristian qonşusu Ermənistanla heç bir problemi yoxdur, müsəlman qonşularının hamısı ilə problem yaşayır. Fikrimcə, İran problemi özündə axtarmalıdır. Müstəqil, ərazisi bütöv, güclü Azərbaycan bir faktdır və bu faktı yaxşı olar ki, İran qəbul etsin”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR