“Hürriyyət”in yazısına Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondundan REAKSİYA – “Əminə Məmmədovaya ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilib”

2022-12-30 12:29:00

“Hürriyyət”in yazısına Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondundan REAKSİYA – “Əminə Məmmədovaya ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilib”

Hurriyyet.az-a müraciət edən Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri qəsəbə sakini Əminə Məmmədova ehtiyacı olduğu halda muxtar respublikanın Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsi tərəfindən yardım ala bilməməsindən şikayətlənmişdi.

Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu həmin yazıya reaksiya verərək bildirib ki, Məmmədova Əminə Nağı qızına qanunla müəyyən edilmiş qaydada ünvanlı dövlət sosial yardımı ayrıla bilməz:

“Babək rayonu Cəhri qəsəbə sakini Əhmədova Əntiqə Kamil qızı (Məmmədova Əminə Nağı qızının anası) 19 dekabr 2022-ci il tarixdə özü, qızı və 2 nəvəsindən ibarət ailəsi üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etmişdir. Mərkəzin əməkdaşları tərəfindən, 22 dekabr 2022-ci il tarixdə vətəndaşın maddi - məişət şəraiti yoxlanılmış və məlum olmuşdur ki, Ə.Əhmədova (II dərəcə əlilliyi olan şəxs kimi) əmək pensiyası alır və eyni zamanda Cəhri qəsəbə 2 saylı tam orta məktəbində xadimə işləyir. Eyni zamanda, Ə.Əhmədova həyətyanı sahəsində olan 68-BE-496 nömrəli “VAZ 2106” markalı  nəqliyyat vasitəsinin də özünə məxsus olduğunu bildirmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4.-cü bəndinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda ailəyə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilir.

Qanunvericiliyin tələbi vətəndaşa izah edilmiş, ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciətinin qanunamüvafiq olmadığı Ə.Əhmədovaya bildirilmişdir”.

Jalə FAMİLQIZI,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.142402