“HÜRRİYYƏT”İN BAŞ REDAKTORUNDAN DİN RƏHBƏRİNƏ MÜRACİƏT

2022-08-04 11:29:00

“HÜRRİYYƏT”İN BAŞ REDAKTORUNDAN DİN RƏHBƏRİNƏ MÜRACİƏT

Vilayət Eyvazovdan yardım istəyən Xudat sakini yoxlamaya göndərilən polis əməkdaşı tərəfindən ölümlə təhdid olunur

“Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov Daxili İşlər naziri Vilayət Eyvazova müraciət ünvanlayıb. Hurriyyet.az həmin müraciəti olduğu kimi dərc edir:

“Cənab nazir!

Diqqətinizə çatdırmaq istəyirəm ki, 2022-ci il aprelin 15-də Xaçmaz rayonu, Xudat şəhəri, Rəşid Behbudov küçəsi, ev 19-da qeydiyyatda olan Kavazov Aslan Dursun oğlu “Hürriyyət”in redaksiyasına müraciət edərək, Xaçmaz Rayon Polis Şöbəsi və Xudat Şəhər Polis Bölməsinin əməkdaşları tərəfindən hüquqlarının tapdandığını, zərərçəkmiş olduğu halda ona qarşı cinayət işinin açıldığını bildirmişdi.

Onun şikayəti qəzetimizdə (saytımızda) dərc olunandan dərhal sonra Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov redaksiyamıza yazılı açıqlama göndərərək, Xudat sakininin iddialarını təkzib etmişdi. Sonda isə qeyd etmişdi ki, “həmin şikayət üzrə Xaçmaz RPŞ-nin istintaq bölməsində hazırda araşdırma aparılır”.

Hörmətli nazir!

Sonradan redaksiyamıza məlum oldu ki, Aslan Kavazovun şikayətinin araşdırılması ilə bağlı Bakıdan Xudata Abdulla müəllim adlı (soyadını dəqiqləşdirə bilmədik – müəl.) təhqiqatçı göndərilib. Lakin şikayətçinin redaksiyamıza təkrar müraciətindən belə anlaşılır ki, təhqiqatçı açıq şəkildə qarşı tərəfin mövqeyini müdafiə edir. Belə ki, o, Zaur adlı sahə müvəkkili ilə birlikdə A.Kavazovu zorla maşına mindirərək, şikayətçinin dayısının evinə aparıblar. Həmin vaxt zərərçəkən oxuyub-yazmağı bacarmadığını bildirib və həyat yoldaşının onun əvəzinə izahat yazması üçün onları öz evinə dəvət edib. Lakin Abdulla müəllim və sahə müvəkkili onun dəvətindən imtina edib və çox güman ki, əvvəlcədən dayısı evində heç kimsənin olmadığını bildikləri üçün Aslan Kavazovdan məhz orada izahat almağı məqbul hesab ediblər.

Onu da bildirim ki, dayısıgildə heç kim olmadığını bilən A.Kavazov, bu dəfə izahat yazmağa kömək etməsi üçün yaxınlıqda olan bacısını çağırmaq istəyib. Ancaq ona bildirilib ki, “heç kimi çağırmaq lazım deyil, biz izahat yazacağıq, sən sadəcə imza atarsan”.

Cənab nazir!

See the source image

Çox təəssüflə qeyd edirəm ki, şikayətçi Aslan Kavazov oxuyub-yazmağı bacarmadığını təhqiqatçıya və sahə müvəkkilinə bildirsə də, onun adından izahat yazılıb, sonda isə onu həmin izahata imza atmağa məcbur ediblər. Üstəlik, az sonra A.Kavazovun dayısı evinə gələrək izahatla tanış olmaq istəsə də, Abdulla müəllim və Zaur adlı sahə müvəkkili onu izahatda yazılanlarla tanış etmədən, dərhal evi tərk ediblər.

Hörmətli nazir!

Bəlkə də bura qədər yazılanları normal qarşılamaq olar, hətta düşünmək olar ki, izahatla tanış olmadan, təhqiqatçını və sahə müvəkkilini yersiz ittiham edirik. Lakin son vaxtlar Abdulla müəllimin Aslan Kavazovu ölümlə hədələməsi, iynə vurdurub “dəlixanaya” saldırmaqla təhdid etməsi sözügedən izahatda heç də şikayətçinin fikirlərinin yer almadığı haqda şübhələr meydana çıxarır. O cümlədən, Abdulla müəllimin A.Kavazovu və qardaşını israrla Bakıya çağırması, hətta “gəlməsən, səni polislərin vasitəsilə məcburi qaydada gətizdirəcəm”, - deyərək onu təhdid etməsi təhqiqatçının işi birtərəfli qaydada apardığı, hətta qarşı tərəflə “anlaşdığı” haqda söz-söhbələrin heç də səbəbsiz olmadığını deməyə əsas verir.

Cənab nazir!

Onu da qeyd edim ki, Sizə müraciət etməzdən əvvəl şikayətçinin dediklərinin nə dərəcədə doğru olduğunu aydınlaşdırmaq üçün şəxsən Aslan müəllimlə telefon əlaqəsi yaratdım. Nə üçün zəng vurduğumu bilən kimi, mənimlə çox kobud danışdı. Buna rəğmən, onun diqqətinə çatdırdım ki, A.Kavazov sizin onu zorla maşına basdığınızı, ölümlə təhdid etdiyinizi, “dəlixanaya” saldırmaqla hədələdiyiniz və bu səbəbdən də özünü öldürəcəyini bildirir. Lakin yenidən mənə çox kobud şəkildə cavab verərək dedi ki, “sənə məlumat lazımdırsa, get bizim mətbuat xidmətindən öyrən”.

Hörmətli nazir!

Təhqiqatçı Abdulla müəllimin təhdidləri qarşısında çarəsiz vəziyyətə düşən, şəxsən mənə “qorxu içində yaşayıram, özümü öldürmək istəyirəm”, - deyən Aslan Kavazovun həyatının təhlükə altında olduğunu düşünürəm. Çox təəssüflə qeyd edirəm ki, günlərin birində o, intihar edərsə, yaxud başına bir qəza gələrsə, bunun məsuliyyəti Abdulla müəllimin və Xudat Polis Şöbəsi əməkdaşlarının üzərinə düşəcək.

Odur ki, bu cür xoşagəlməz mənzərənin yaşanmaması üçün Sizdən sözügedən cinayət işini nəzarətinizə almanızı və həmin məsələdə günahı olan hər bir şəxsin hüquq müstəvisində məsuliyyətə cəlb edilməsinə göstəriş vermənizi xahiş edirəm”.

Hurriyyet.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.103526