Saat:07:40
Haqqımızda

“Hürriyyət”ə qarşı ayrı-seçkilik və məhkəmələrin “ötür-ötür oyunu” – ƏMƏKDAŞIMIZ RASİM MƏMMƏDOVUN MƏHKƏMƏSİNƏ NƏ ÜÇÜN BURAXILMIR...

2022-10-05 12:49:00

“Hürriyyət”ə qarşı ayrı-seçkilik və məhkəmələrin “ötür-ötür oyunu” – ƏMƏKDAŞIMIZ RASİM MƏMMƏDOVUN MƏHKƏMƏSİNƏ NƏ ÜÇÜN BURAXILMIR...

Ötən həftə “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin ünvanına məktub göndərilmişdi. Səbəb o idi ki, “Hürriyyət” qəzetinin əməkdaşı Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslərə buraxılmır. Məktubda aşağıdakı kimi qeyd olunurdu:

“Cənab Rzayev!

Sizdən xahiş edirik ki, “Hürriyyət” qəzeti əməkdaşının Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslərdə, o cümlədən hazırda məhkəməsi gedən "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun açıq məhkəmə prosesində iştirakına şərait yaradılması üçün göstəriş verəsiniz.

Diqqətinizə çatdırım ki, digər mətbuat nümayəndələrindən fərqli olaraq, Rasim Məmmədovun məhkəməsinə yalnız “Hürriyyət”in əməkdaşı buraxılmır ki, bunu da rəhbərlik etdiyim media oraqanına qarşı açıq qərəz hesab edirəm.

İnanıram ki, Sizin göstərişinizlə bu problem tezliklə həllini tapacaq”.

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslərdə iştirakla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət ünvanlamağımız heç də təsadüf deyildi. Söhbət ondan gedir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin rəhbərliyi məhkəmə proseslərinə hansı jurnalistin buraxılıb-buraxılmayacağına R.Rzayevin qərar verdiyini bildirir. Xüsusən də "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun məhkəməsini işıqlandırmaq üçün Ali Məhkəmə sədrinin yazılı razılığının olması tələb edilir.

Əlbəttə, Bakı Ağır Cinayətlər Məhkəməsi rəhbərliyinin bu “qaydaları” digər media subyektlərinə deyil, məhz “Hürriyyət”ə qarşı tətbiq etdiyi bəllidir. Buna rəğmən, onların tələbini nəzərə alıb Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edərək, bu bəhanəyə son qoymaq istədik. Lakin, çox təəssüf ki, Ramiz Rzayev Ali Məhkəmə Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şəöbəsinin müdiri Şahin Qəhrəmanov vasitəsilə “topu” yenə də Bakı Ağır Cinayətlər Məhkəməsinin üzərinə atdı. Belə ki, Ş.Qəhrəmanovun Bakı Ağır Cinayətlər Məhkəməsinə və bir surəti də “Hürriyyət” qəzetinə göndərilən məktubunda bildirilir: ““Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədovun Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuş müraciəti baxılması üçün aidiyyəti üzrə Sizə göndərilir. Nəticə barədə müraciət müəllifinə məlumat verilməsi xahiş olunur”.

Göründüyü kimi, istər Bakı Ağır Cinayətlər Məhkəməsi, istər də Ali Məhkəmə “Hürriyyət” qəzetinin qanuni tələbini yerinə yetirməkdənsə, “ötür-ötür oyunu” ilə aşkar və məqsədli süründürməçiliyə yol verirlər. Doğrusu, bizim özümüzə də aydın deyil ki, “Hürriyyət”in məhkəmə proseslərində, xüsusən də "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun mətbuata açıq keçirilən məhkəməsində iştirakı kimi, yaxud kimləri narahat edir. Hər halda, bunun səbəblərini tezliklə üzə çıxarmağa çalışacağıq. Şübhəsiz, bu zaman o da məlum olacaq ki, “Hürriyyət”ə qarşı məlum qadağaların arxasında Bakı Ağır Cinayətlər Məhkəməsi, Ali Məhkəmə, yoxsa başqa qurumlar və şəxslər dayanır?!

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR