Saat:14:34
Haqqımızda

“HÜRRİYYƏT"DƏN DİN RƏHBƏRİNƏ MÜRACİƏT - “İnanırıq ki, Siz haqsız olan polis əməkdaşının yox, qanunların, ədalətin tərəfindəsiniz...”

2021-12-07 13:06:00

“HÜRRİYYƏT

“Hürriyyət” qəzetinin Baş redaktoru Vüqar Məmmədov Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. Həmin müraciəti olduğu kimi dərc edirik:

“Cənab Nazir!

Lənkəran sakini, 1989-cu il təvəllüdlü Vüsalə Əliyevanın 14 yaşlı qızı Diananın rayon polis əməkdaşları Orxan Şahmarov və Mirsahib Kazımzadə tərəfindən cinsi təcavüzə məruz qalması haqda Sizə müraciət etmişdik.

Xatırladaq ki, azyaşlı qız və anası “Hürriyyət” qəzetinə, eləcə də eyniadlı internet televiziyamıza müraciət edərək, Lənkəran Polis Şöbəsinin rəhbərliyi tərəfindən məlum cinayət əməllərinin ört-basdır edilməsinə cəhdlər olunduğunu bildirmişdi.

Həmin vaxt o da məlum olmuşdu ki, polis rəisi Fəqan Azadəlyevin göstərişi ilə azyaşlı qızın mobil telefonu müxtəlif bəhanələrlə ondan alınaraq, içərisində olan bütün dəlillər (mesajlar, fotolar, videolar və s.) silinmişdir. Məhz bundan sonra “fakt yetərsizliyi” əsas gətirilərək, cinayət işinin başlanması ləğv olunmuşdur.

Cənab Nazir!

Biz, “Hürriyyət” qəzeti olaraq, azyaşlı qıza qarşı polis əməkdaşları tərəfindən həyata keçirilən cinsi təcavüz faktı ilə bağlı ardıcıl yazılar dərc etdikdən sonra, yenidən cinayəti ört-basdır etmək məqsədilə Orxan Şahmarovun iş yeri dəyişdirilərək, başqa rayona göndərildi. Hansı ki, həmin vaxt DİN-in bəzi vəzifəli şəxsləri bizi “yalan məlumat verməkdə, polisi ləkələməklə məşğul olmaqda” ittiham edirdilər.

Lakin sonrada apardığımız araşdırma nəticəsində əldə olunan videolar Sizin göstərişinizlə 30 sentyabr 2020-ci il tarixdə Mirsahib Kazımzadənin polis orqanlarından azad olunmasına və cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb oldu. Baxmayaraq ki, Lənkəran Şəhər Prokurorluğu bu işə xitam vermək istəyirdi, hətta M.Kazımzadə DİN-dən uzaqlaşdırılsa belə, onun polis olduğunu nəzərə alıb, barəsində cinayət işinin açılmasından imtina edirdilər. Lakin bizim ardıcıl müraciətlərimizdən sonra Mirsahib Kazımzadə barəsində 2,5 il müddətinə həbs qətimkan tədbiri seçildi.

Cənab Nazir!

Məlum cinayət işindən yaxa qurtaran Orxan Şahmarov, sonradan özünün və həbs olunan cinayət ortağının qisasını almaq üçün “Hürriyyət” qəzetini məhkəməyə verdi. Onun barəsində olan bütün faktların ləğv edildiyini güman edən Şahmarov məhkəmə yolu ilə qəzetimizi cəzalandırmaq niyyətindədir. Belə ki, guya, onun haqqında “şər-böhtan yazdığımızı” iddia edərək, redaksiyamızdan külli miqdarda təzminat tələb edir.

Cənab Nazir!

Orxan Şahmarov haqda bütün dəlillər polis əməkdaşları tərəfindən yox edilsə də, bu işlə bağlı bir çox canlı şahidlər var. Doğrudur, bu məsələ ilə bağlı daxili təhqiqat aparılıb. Lakin təhqiqatçı Bakıya qayıtdıqdan sonra, Vüsalə Əliyeva və qızı polis şöbəsinə aparılaraq, orada 14 yaşlı övladı anasının həbs olunacağı ilə təhdid edilib. Nəticədə, azyaşlı Diana gecə saatlarında, təxminən saat 23 radələrində İmran adlı polis polkovnikinə zəng vuraraq, heç bir şikayətlərinin olmadığını bildirib. Maraqlıdır ki, gecə saatlarında azyaşlı qızın ona etdiyi zəngdən sonra təhqiqatçı həmin işi bağlayıb. Halbuki, o, qızın məcburriyyət qarşısında ona zəng etdiyini bilməli idi. Təəssüf ki, təhqiqatçı bunu bildiyi halda, bizə məlum olmayan səbəbdən həmin işin təhqiqatını dayandırıb.

Ancaq biz inanırıq ki, bir çox polis məmurlarından fərqli olaraq Siz haqsız olan polis əməkdaşının yox, qanunların, ədalətin tərəfindəsiniz. Odur ki, Sizdən bu işin ədalətli araşdırılmasına, yəni şahidlərin dindirilməsi üçün Lənkərana təhqiqatçı göndərilməsinə və Orxan Şahmarov günahkardırsa onun, əks halda isə qarşı tərəfin cinayət məsuliyyətinə cəlb olunmasına göstəriş vermənizi xahiş edirik”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR