Hurriyyet.az-ın üzrxahlığı...

27 avqust 2022-ci il tarixdə Hurriyyet.az saytında şikayətçilər Hüseynova Lətifə Tapdıq qızı və Hüseynova İsmayıl Qara oğlunun müraciəti əsasında “İş adamının külli miqdarda pulunu mənimsəyən vəkil niyə həbs edilmir?” sərlövhəli yazı dərc olunub.
Həmin yazı “Hürriyyət” qəzetinin keçmiş əməkdaşı Elşən Yəhyayev (“Yəhya” imzası ilə çıxış edirdi) tərəfindən hazırlanıb. Həmçinin, bundan öncə də sözügedən şikayətçilərin müraciəti əsasında saytımızda bir neçə məqalə dərc olunub və müraciət müəllifləri Hacıyeva Sevil Balasoltan qızını “dələduzluq yolu ilə onların külli miqdarda pulunu ələ keçirməkdə” ittiham ediblər. Bu yazıların hər birində Sevil Hacıyevanın münasibəti də dərc edilib. Odur ki, qarşı tərəf (Sevil Hacıyeva) “Hürriyyət” qəzetini dəfələrlə məhkəməyə versə də, məqalə hazırlanarkən onun mövqeyini də tərəfsiz olaraq dərc etdiyimizə görə qəzetimizə qarşı iddia rədd edilmişdir.
Sonradan “Hürriyyət” qəzetinin əməkdaşı Elşən Yəhyayev başqa işə keçməsi səbəbi ilə işdən uzaqlaşdırılmışdır. O, işdən uzaqlaşdırılarkən hazırda “Hürriyyət” qəzetində çalışan Jalə Familqızını öz yerinə məsləhət görmüşdür. Həmin vaxt “Hürriyyət”də işçiyə ehtiyac olduğundan, J.Familqızı qəzetimizdə işə qəbul edilmişdir.
Bundan bir neçə gün sonra E.Yəhyayev qeyri-iş vaxtı J.Familqızına bir yazı göndərərək, təcili olaraq dərc edilməsini istəmişdir. Jalə Familqızı “Baş redaktora deyim, sonra dərc edərik” dedikdə, E.Yəhyayev “Narahat olma, mən baş redaktorla danışmışam, heç bir problem yoxdur, sən saytda yerləşdir” söyləmişdir. Nəticədə, J.Familqızı 27 avqust 2022-ci il tarixdə “İş adamının külli miqdarda pulunu mənimsəyən vəkil niyə həbs edilmir?” sərlövhəli yazını sayta yerləşdirmişdir.
Nəzərə alsaq ki, saytımızda hər saat ərzində təxminən 10-15 material dərc olunur, sözügedən yazı redaktorların diqqətindən qaçmışdır. Bundan sonra Sevil Hacıyeva “Hürriyyət” qəzetinə qarşı məhkəmə iddiası qaldırıb və yalnız bu zaman aydın olub ki, sən demə, Hurriyyet.az saytında belə bir material dərc olunub.
Bir daha xatırladaq ki, həmin materialın dərcində “Hürriyyət” qəzeti və Hurriyyet.az saytı rəhbərliyinin heç bir məlumatı olmamışdır. Əlbəttə, bütün hallarda bu bizi məsuliyyətdən azad etmir. Bu baxımdan, Sevil Hacıyevadan məlum materialın dərci ilə bağlı üzr istəyirik.
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya