“Hürriyyət” daha bir cinayətin üstünü açdı - FOTOFAKT

2022-09-21 23:58:00

“Hürriyyət” daha bir cinayətin üstünü açdı - FOTOFAKT

Lənkəranda 3 qardaş Rusiyada yaşayan bacılarını ata mülkündən məhrum etmək üçün saxta sənəd düzəltdiriblər

Lənkəran şəhər 1 nömrəli sahə ərazi dairəsi üzrə nümayəndə Babək Cəfərov ilk öncə saxta sənəd verdiyini təkzib etsə də, sonradan hər şeyi etiraf etməyə məcbur oldu...

Lənkəran sakini, hazırda Rusiyada yaşayan Kəmalə Bayramovanın haqsızlıqla üzləşdiyi haqda “Hürriyyət”in oxucularına məlumat vermişdik. Belə ki, redaksiyamıza müraciət edən K.Bayramova şikayətində atası Allahverdi Bayramovdan miras qalan Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 116-da yerləşən evin bölgüsünün ədalətli aparılmadığını və qardaşları tərəfindən ona miras payı verilmədiyini bildirmişdi. Şikayətçinin sözlərinə görə, 3 qardaş və 2 bacı arasında pay bölgüsü aparılsa da, qanuni varis olmasına rəğmən, onun adı payçılar siyahısında qeyd olunmayıb.

Kəmalə Bayramova deyir ki, 2005-ci ildən Rusiyada yaşayır və bu ölkənin vətəndaşıdır. Uzun müddət Azərbaycanda olmadığından, onun xəbəri olmadan 3 qardaşı ata mülkünə sahib çıxıblar. Bacıları Abdullayeva Zəminə və Qasımova Günay isə ata mülkündən qardaşlarının xeyrinə imtina ediblər.

Qeyd edək ki, şikayətçi xanım redaksiyamıza müraciətində qardaşları ilə yanaşı, Lənkəran şəhərində yerləşən Notariat Kontorunun rəhbərliyini də ittiham etmiş, onların sənədləri qardaşlarının xeyrinə saxtalaşdırdığını bildirmişdi.

Həmin müraciətdən sonra Lənkəran şəhər Dövlət Notariat Kontorunun əməkdaşı Səfər İsmayılov isə mövzu ilə bağlı “Hürriyyət”in suallarını cavablandırmış və deyilən ittihamları qəbul etməmişdi. O, bildirmişdi ki, Kəmalə Bayramova sözügedən evdə qeydiyyatda olmayıb: "Həmçinin, bizə qardaş-bacıları deməyiblər ki, əlavə bir bacıları da var. Biz tərəfdən hər şey qanunauyğun aparılıb və iş yekunlaşıb".

“Hürriyyət”in ötən günlər ərzində apardığı araşdırma nəticəsində isə məlum olub ki, əslində, problemin kökü Lənkəran şəhər 1 nömrəli sahə ərazi dairəsi üzrə nümayəndə Babək Cəfərovdan qaynaqlanır. Belə ki, onun və müavini Anar Məmmədovun imzası ilə 10.07.2018-c il tarixdə Bayramov Elçin Allahverdi oğluna verilən saxta arayışda vərəsələrdən birinin – şikayətçi Bayramova Kəmalə Allahverdi qızının adının qeyd olunmadığı tərəfimizdən aşkara çıxarılıb(FOTO). Qeyd edək ki, həmin arayışda qeyd olunur:

“Verilir Lənkəran şəhəri Şəhidlər Xiyabanı ev 116 ünvanında qeydiyyatda olan Bayramov Elçin Allahverdi oğluna, ondan ötrü ki, onun atası Bayramov Allahverdi Əlişan oğlu 10.07.2018-c il tarixdə vəfat etmişdir.

Mərhumun daimi yaşayış yeri Lənkəran şəhəri olmuş və aşağıdakı vərəsələri ilə birlikdə yaşamışdır, digər vərəsələri olmamışdır:

Bayramova Leyla Məlik qızı - həyat yoldaşı, ölüb.

Bayramov Elsevər Allahverdi oğlu

Bayramov Elçin Allahverdi oğlu

Bayramov Vüsal Allahverdi oğlu

Bayramova (Abdullayeva) Zəminə Allahverdi qızı

Bayramova (Qasımova) Günay Allahverdi qızı.

Arayış Dövlət Notariat Kontoruna təqdim olunmaq üçün verilir.

Lənkəran şəhər 1 nömrəli sahə ərazi dairəsi üzrə nümayəndə: Babək Cəfərov

Müavin: Anar Məmmədov”.

Maraqlıdır ki, Lənkəran şəhər 1 nömrəli sahə ərazi dairəsi üzrə nümayəndənin müavini Anar Məmmədov sözügedən sənəddən xəbərsiz olduğunu və imzasının saxtalaşdırıldığını bildirir: “İmza mənim deyil, mənim əvəzimdən imza atıblar”.

A.Məmmədov daha sonra həmin sənədə imza atan şəxsin adını da açıqlayıb: “Mənim imzam saxtalaşdırılıb. Təxmin edirəm ki, mənim əvəzimdən Ramal imza atıb, o mənə məxsus imza deyil”.

Babək Cəfərov isə ilk öncə məlum saxtakarlığa imza atdığını boynundan atmağa çalışsa da, həmin sənəd ortaya çıxdıqdan sonra “Hə, mənim imzamdır, amma nə vaxt imza atdığım yadımda deyil. Ola bilsin, gözümüzdən yayınıb”, - deyə, özünü sığortalamağa çalışıb.

Əslində isə görünən odur ki, Babək Cəfərov hansısa səbəbdən mərhum Allahverdi Bayramovun vərəsələrindən birini bilərəkdən ortalıqdan çıxarıb, nəticədə Rusiyada yaşayan Kəmalə Bayramova miras payından məhrum edilib. Bu isə, heç şübhəsiz, aşkar cinayət hadisəsidir və güman edirik ki, müvafiq qurumlar məsələ ilə bağlı tezliklə hüquqi təqdbir görəcəklər.

Hazırladı: KƏNAN

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq.

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062935