Hulusi Akar: “44 terrorçu zərərsizləşdirilib” 

2022-01-15 12:16:00

Hulusi Akar: “44 terrorçu zərərsizləşdirilib” 

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Suriyada 44 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Əməliyyat Suriya ilə həmsərhəd olan Şanlıurfa vilayətində 3 nəfər türk hərbçisinin şəhid edilməsinə cavab olaraq keçirilib. 

Hulusi Akar  Suriya ilə sərhəddə keçirilmiş antiterror əməliyyatı barəsində “Anadolu Agentliyi”nə açıqlamasında deyib: “Türkiyənin dövlət sərhədi ərazisinə edilmiş istənilən hücuma Ankara tərəfindən daha sərt addımlarla cavab veriləcək. Heç kim buna şübhə eləməsin!”

Şanlıurfanın Akçakale sərhəd rayonunda terrorçuların yerləşdirdikləri partlayıcı qurğu yanvarın 8-də Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisinin ölümünə səbəb olmuşdu.

Hulusi Akar deyib: “Terrorçuların alçaq əməllərinə cavab olaraq terrorçuların obyektlərinə dağıdıcı zərbələr endirilib. Yanvarın 15-də 44 terrorçu zərərsizləşdirilib. Qəhrəmanlarımızın qanı yerdə qalmayacaq”.

Hulusi Akar növbəti dəfə ABŞ ilə Rusiya tərəflərini Suriya məsələsində Türkiyə ilə razılaşmalar çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırıb.

Nazir deyib: “Biz terrorçuların bizim sərhədlərimizdən kənarda planlaşdırılan hücumlarının müqabilində əlimizi yanımıza salıb oturmağa hazırlaşmırıq. Türkiyənin səbri tükənib”.

Hürr Tərcüman