Saat:17:15
Haqqımızda

Hökümətin 2022-ci il üçün hesabatının sosial aspektlərinin təhlili

2023-03-27 13:02:00

Hökümətin 2022-ci il üçün hesabatının sosial aspektlərinin təhlili

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatı dinlənilib. Qısa müzakirələrdən sonra Nazirlər Kabinetinin hesabatı səsvermədən sonra qəbul edilib. Bu dəfə də hesbatın müzakirəsi və qəbulu prosedurları əvvəlkindən fərqli olmadı. Belə ki, Nazirlər Kabinetinin ötən ilin yekunları ilə bağlı fəaliyyətinə gün ərzində keçirilılən bir iclasda qiymət verildi. Parlamentdə çıxış edən baş nazir Əli Əsədov bildirib[1] ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, uğurlu xarici və daxili siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artıb, milli iqtisadiyyatımızın inkişafı davam etdirilib, müdafiə qabiliyyəti gücləndirilib, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Hesabat ilində hökumət tərəfindən iqtisadi fəallığın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, müdafiə və ordu quruculuğu, təhsil və səhiyyə sisteminin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində mühüm tədbirlər görülüb. Müzakirələrdə çıxış edən deputatlar baş verən mürəkkəb siyasi-iqtisadi hadisələr fonunda hökumətin ötən il məhsuldar çalışdığını, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəldiyini bildirərək, ölkənin iqtisadi inkişafının sürətləndirilməsinə, xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş proqramların həyata keçirilməsini təqdirəlayiq hesab ediblər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev hökumətin 2022-ci ildə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirdiyini bildirib. Qeyd edib ki, hesabat ilində ölkəmizdə makroiqtisadi sabitliyə nail olunub, inflyasiyanın mənfi təsirlərinin aradan qaldırılması və əhalinin rifah halının yaxşılaşdırılması üçün təsirli tədbirlər görülüb. 2022-ci ildə orta aylıq əmək haqqı, pensiya, müavinət və digər sosial ödənişlərin məbləğı artırılıb, əhalinin sosial müdafiəsini təmin etmək üçün müvafiq qərarlar qəbul edilib. Komitə sədri diqqətə çatdırıb ki, postmüharibə dövründə 122 min şəxs 264 min sosial dəstək tədbiri ilə əhatə olunub, 4500 şəhid ailəsi və qazi mənzillərlə təmin edilib, 324 nəfər müharibə əlilinə minik avtomobili verilib, 2538 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Bununla yanaşı, hesabat dövründə 40 min nəfər münasib işlə təmin olunub ki, bunların 16.1 min nəfəri özünüməşğulluq proqramına cəlb edilib. O, eyni zamanda, 2022-ci ildə sosial xidmətlərin elektronlaşdırılması ilə bağlı zəruri tədbirlərin görüldüyünü, habelə, səhiyyə, təhsil, mədəniyyət, turizm sahələrində bir sıra uğurlu layihələrin həyata keçirildiyini söyləyib[2].

Eyni zamanda Milli Məclisin 17 mart tarixli iclasında hökumətin hesabatının müzakirəsi zamanı Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli bildirib[3] ki, “Sevinirik ki, pensiyalara qənaət etmişik. 2009-cu ilə nisbətən pensiya alanların sayı 160 min nəfər azalıb. Belə çıxır ki, gücümüz ancaq pensiya alanlara çatır. Sonra da deyirik ki, gəlirlərimiz artıb”.

Odur ki, bu yazıda əhalinin sosial rifahı daha da yaxşılaşması və sosial müdafiəsinin gücləndirilməsinə dair baş nazirin və Milli Məclis üzvlərinin açıqlamalarını dəyərləndirmək istərdim. Fikrimi 2022-ci ilə məxsus rəqəmlərin təhlili ilə izah etməyə çalışacam.

Dövlət Statistika Komitəsinin açıqlamasına[4] görə, 2023-cü ilin yanvarın 1-i vəziyyətinə Azərbaycanda 1 milyon 114 min 200 nəfər pensiyaçı qeydiyyatda olub. Halbuki 2022-ci il yanvarın 1-i vəziyyətinə onların sayı 1 milyon 200 min 500 nəfər olub. Deməli son 1 ildə pensiyaçıların sayı 86 min 300 nəfər azalıb. Azalma bu templə getsə Azərbaycanda pensiya hüququ qazanmaq ahıl yaşda çatanların çoxuna nəsib olmayacaq. 2022-ci ildə pensiyaçıların 62,5 faizi yaşa, 24,5 faizi əlilliyə, 13,0 faizi isə ailə başçısını itirməyə görə pensiya alıb. Ötən il təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz artaraq 372,1 manat təşkil etmiş və orta aylıq əmək- haqqının 44,3 faizinə bərabər olub. Hazırda pensiyaçılar əhalisinin 11,0 faizini təşkil edir. Müvafiq göstərici Rusiyada 30 faizə yaxındır, Belarusda 26,5 faizdən yüksəkdir. Belə ki, Azərbaycandan əhalisi az olan Belarusda hazırda pensiya alanların sayı 2 milyon 532 min nəfərdir. MDB Statistika Komitəsinin məlumatına görə[5], hər 1000 nəfərə düşən pensiyaçıların sayı Azərbaycanda 111 nəfər, Qazaxıstanda 157 nəfər, Ermənistanda 158 nəfər, Ukraynada 258, Moldovada 262 nəfər, Belarusda 267 nəfər, Rusiyada 297 nəfərdir. Yeri gəlmişkən onu da qeyd edim ki, Rusiya və Belarusda orta pensiya məbləği də Azərbaycandan yüksəldir.

Məlumat üçün onu qeyd edim[6] ki, 2021-ci il yanvarın 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda 1228,8 min (2020-ci il yanvarın 1-i vəziyyətinə 1270,6 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,3 faizini təşkil edirdi.

Azərbaycanda son illər pensiya alanların sayının azalmasını bir sıra amillər şərtləndirir. Onlar arasında hökümətin pensiyaçıların sayının azaldılması siyasəti və ölkədə demografik durumun pisləşməsi öndə gəlir. Hökümət pensiyaçıların ixtisarı yolu ilə dövlət büdcəsindən sosial müdafiə fonduna transfertlərin azalmasını həfəfləyib, baxmayaraq ki, 2023-u ilin ilk 2 ayında dövlət büdcəsində yaranmış profisit (artıq qalan, xərclənməmiş pul) 2 milyard 217 milyon 200 min manatdır [7]ki, bu vəsaitlə bütün növ əmək pensiyalarını ən azı 40 faiz artırmaq mümkündür.

Pensiya yaşının yüksək olması. Qadınlar üçün pensiya yaşının 2 ildə 1 il artırıldığından onlar arasında pensiya çıxanları sayı hər il azalır. Məlumat üçün bildirək ki, 12 il əvvəl – 2010-cu ildə Azərbaycanda 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardı. Kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılıb. Daha sonra kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılıb. Nəticədə son 12 ildə kişilərin pensiya yaşı 62-dən 65-ə, qadınların pensiya yaşı isə 57-dən 63-ə (2027-ci ildən 65 yaş olacaq) çatdırılıb[8].

Yaşa görə pensiya alanların sayının azalması. 2021-ci üzrə demoqrafik statistikaya görə, Azərbaycanda 2019-cu ildə kişilərin 49,8 faizi 65 yaşına, yəni pensiya yaşına çatmamış, 2020-ci ildə 52,3 faizi, 2021-ci ildə 47 faizi pensiya yaşına çatmadan vəfat edib. 2021-ci il ərzində 76 min 878 nəfər vəfat edib. DSK-nın məlumatına görə[9], vəfat edənlərin 40 faizi 65 yaşından aşağı şəxslər, yəni pensiya yaşına çatmayan şəxslər olub. Pensiya yaşına çatmadan vəfat edən kişilərin sayı daha çox olub. İl ərzində vəfat edən kişilərin 47 faizi və ya 21 min 339 nəfəri pensiya yaşına (65 yaş) çatmadan ölüblər. Qadınlar arasında bu göstərici aşağı olsa da onların pensiya yaşının 2027-ci ilə qədər artırılaraq 65 yaşa çatdırılmasına görə dinamika artıma meyllidir. Nəticədə 2021-ci ildə yaşa görə pensiya alanların sayın 707 min nəfərdən 2022-ci ildə 696 min nəfərə qədər azalıb. Deməli ötən 1 ildə yaşa görə pensya alanların sayı 11 min nəfər azalıb[10].

Əlilliyə görə pensiya alanların sayının azalması. 2021-ci ildə 347,3 min nəfəri əlilliyə görə pensiya alıb. Bu göstərici 2022-ci ildə 272,9 min nəfər olub. Beləliklə də son 1 ildə əlilliyə görə pensiya alanların sayı 74,4 min nəfər azalıb.
Ailə başçısını itirməyə görə pensiya alanların sayı azalması. Belə ki, 2022-ci ildə 144,8 min ailə başçısını itirdiyinə görə pensiya alıb. Müvafiq göstərici 146,2 min nəfər olub.

Bəs artan nədir?

Yaşa görə müavinət (qocalıq müavinəti) alanların sayı artır. Belə ki, 2023-cü ilin yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 128,3 min nəfər olub. Halbuki, 1 il bundan əvvəl, ötən ilin yanvarın 1-i vəziyyətinə onların sayı 113,6 min nəfər təşkil edirdi. 2021-ci ilin yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 100,2 min nəfər (2020-ci il yanvarın 1-i vəziyyətinə 82,4 min) olub[11]. Beləliklə də son 1 il ərzində yaşa görə müavinət alanların sayı 14,7 min nəfər, son 2 il ərzində 28,1 min nəfər, son 3 il ərzində isə 45,9 min nəfər artıb. Deməli ötən 3 il ərzində 46 minə qədər əhali pensiya yaşına çatsa da onlar pensiya hüququ əldə edə bilməyiblər.

Minimum məbləğdə peniya alanların sayı artır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,6 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunmuşdur. Beləliklə də minimum pensiya məbləği 240 manatdan 280 manata qaldırıldığına görə, pensiya hüququ əldə etmək üçün tələb olunan sığorta kapitalının məbləği də 1 il ərzində 34 560 manatdan 40320 manata çatıb. Bir işçi minimum əmək haqqı (345 manatla) ilə 38,9 il işləyərsə, bu məbləği toplaya və minimum məbləğdə pensiya ala bilər. Beləliklə də minimum məbləğdə pensiya alanların sayı da son 1 il ərzində 65 min nəfərdən 100 minə çatıb.

Xüsusi şərtlərlə pensiya alanların sayı artır. Ötən ilin ilin sentyabr ayında onların sayı 125,4 min nəfərdən çox olub.
Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir ki, onların da sayı azalır. Belə ki, 2023-cü ilin yanvarın 1-i vəziyyətinə[12] əlilliyə görə – 46,7 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi min 209,5 min (müvafiq olaraq 55,8 min və 206,1 min) nəfər, ailə başçısını itirməyə görə – 56,1 min (54,3 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 24,3 min (22,9 min) nəfər olub. Halbuki, 2021-ci ildə[13] əlilliyə görə – 182,5 min (2020-ci ildə 180,5 min) nəfər, ailə başçısını itirməyə görə – 49,2 min (2020-ci ildə 47,0 min) nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı 52,7 ( 2020-ci ildə 63,0 min) min nəfər, digər müavinətləri alanların sayı isə 27,2 ( 2020-ci ildə 28,3 min) min nəfər olub. Göründüyü kimi bütün kateqoriyalar üzrə sosial müavinət alanların sayı 2020-ci ilin 1 yanvar vəziyyəti ilə müqayisədə azalıb. Ən böyük azalma əlilliyə görə qeyd alınıb. Belə ki, ki, 2019-cu illə müqayisədə 2022-ci ildə əlilliyə görə müavinət alanların sayı 3,86 dəfə azalıb.

2023-cü il yanvarın 1-i vəziyyətinə 65,5 min aztəminatlı ailənin 290,8 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 88,09 manat təşkil edib. Müqayisə üçün qeyd edim ki, 2021-ci il yanvarın 1-i vəziyyətinə 77,3 min aztəminatlı ailənin 324,0 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 57,10 manat olub. Göründüyü kimi, 2021-ci il yanvarın 1-ə ünvanlı dövlət sosial yardımı alanlarla müqayisədə 2023-cü il yanvarın 1-də onların sayı 11,8 min ailə azalıb.

Bunlarla yanaşı, 2021-ci il yanvarın 1-I vəziyyətinə müxtəlif kateqoriyadan olan 382 min şəxsə prezidentin təqaüdü təyin olunsa da 2023-cü ilin yanvarın 1-ə onların sayı 94,2 min nəfər azaldılaraq 287,8 min nəfərə endirilib.

Göründüyü kimi, son 1 ildə ölkədə pensiyaçıların sayı 86 min 300 nəfər, 2019-cu illə müqayisədə 2022-ci ildə əlilliyə görə müavinət alanların sayı 3,86 dəfə, 2020-ci illə müqayisədə 2022-cü il ünvanlı dövlət sosial yardımı alanların sayı 11,8 min ailə, həmin dövrdə müxtəlif kateqoriyadan olan 382 min şəxsə prezidentin təqaüdüsünün 94,2 min nəfər azalıb. Beləliklə də Azərbaycanda dövlətin sosial siyasəti əhalinin sosial müdafiəsi deyil, sosial təminatdan kənarlaşdırılması üzərində qurulub.

[1] https://nk.gov.az/az/article/2719/

[2] https://www.meclis.gov.az/news.php?id=4677&lang=az

[3]https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-milli-meclisde-muzakireler-gucumuz-ancaq-pensiya-alanlara-catir.html

[4] https://stat.gov.az/news/index.php?lang=az&id=5468

[5] http://new.cisstat.org/ru/

[6] https://stat.gov.az/news/index.php?lang=az&id=4858

[7] https://stat.gov.az/news/macroeconomy.php?page=1&lang=az

[8] https://www.bbc.com/azeri/other-news-39231338

[9] https://stat.gov.az/source/demoqraphy/

[10] https://stat.gov.az/news/index.php?lang=az&id=5468

[11] https://stat.gov.az/news/index.php?lang=az&id=4858

[12] https://stat.gov.az/news/index.php?lang=az&id=5468

[13] https://stat.gov.az/news/index.php?lang=az&id=4858

Qubad Ibadoğlu, iqtisadçı alim
Mənbə: Turan

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR