"Hökumət süni qiymət artımı məsələsini ictimai rəyə ataraq məsuliyyətdən yayınır" - NATİQ CƏFƏRLİ

2023-01-12 14:28:00

"Ona görə də, süni qiymət artımı polemikasını bağlayıb hökumətin yaxasından yapışmaq lazımdır ki, əlində olan alətlər və səlahiyyətlərdən doğru-düzgün istifadə etməyi öyrənsin"

"Sosial Tədqiqatlar Mərkəzi (STM) ölkədəki qiymət artımının səbəbləri ilə bağlı sorğu keçirib. Metadologiya və fokus-qrupla bağlı məlumat tapmasam da, görünən odur ki, respondentlər səbəblərlə bağlı STM-in öz cavab versiyalarından seçim ediblər və iki məsələ - süni qiymət artımı və Rusiyanın Ukraynaya təcavüzü iki əsas cavab versiyası kimi önə çıxıb. Rusiyanın Ukraynaya təcavüzü qiymət artımına, logistik zəncirlərin qırılmasına səbəb olub, burası aydındır, amma bu süni qiymət artımı mövzusunu birdəfəlik bağlamaq lazımdır. Çünki hökumət və iqtidara yaxın deputatlar, məmurlar tez-tez bu süni qiymət artımı bəhanəsini ortalığa atıb məsuliyyətdən yayınmağa çalışırlar". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

İqtisadçı ekspertin sözlərinə görə, bu yanaşma biznesin başında çartlayır, pərakəndə satışla məşğul olan iş adamlarının cərimələnməsinə səbəb olur: "Odur ki, gəlin bu məsələni ölkə qanunvericiliyinə və iqtisadi məntiqə görə tezislərlə birlikdə araşdıraq: Əgər hansısa ölkədə süni qiymət artımı dominantdırsa, deməli həmin ölkədə bazar iqtisadiyyatı, rəqabət yoxdur, iqtisadi qanunlar işləmir, o zaman Azərbaycan hökuməti çıxıb etiraf etsin ki, bizdə iqtisadiyyat yoxdur, bazar yoxdur. Süni qiymət artımı/azalması ancaq “kartel sövdələşməsi” ilə mümkündür, dünyada çox zaman kartel sövdələşməsi dempinq üzərinə inşa edilir, yəni, qiymətləri endirərək kiçik-orta rəqibləri bazardan sıxışdırmaqla baş verir. Bunu sübut etmək isə əsl istintaq işi olur, bəzən illərlə aparılan istinataq nəticəsində məhkəmələrdə bu sübut olunur və nəticədə böyük şirkətlər yüksək məbləğdə cərimələr ödəməyə məcbur qalırlar. Süni qiymət artımı qanuna söykənən anlayış olmalıdır, yəni, qanunlar bu anlayışı izah etməlidirlər, bizdə isə dövlətin qiymətlərə müdaxilə etməsi üçün mexanizm yoxdur (və olmamalıdır da), bir tək Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər dövlət tərəfindən müəyyən edilir. Məsələn, mənim dükanım var, orada istədim malı istədiyim qiymətə sata bilərəm – bunu mənə qadağan edən heç bir qanun yoxdur, sadəcə, qazancımdan vergiləri doğru-dürüst ödəməliyəm ki, dövlət də ancaq bu məsələyə qarışa bilər, yəni, dövlət gəlib mənə öz dükanımda, məsələn, almanı niyə 5 manata satdığımı irad göstərə bilməz, buna ixtiyarı və salahiyyəti yoxdur, deməli, süni qiymət artımı subyekti pərakəndə satış obyekti ola bilməz, ölkədə onminlərlə pərakəndə satış obyektləri varsa, onların sövdələşməsi, süni qiymət artırması mümkün deyil".

Topdansatış məsələsinə gəlincə, Natiq Cəfərli qeyd edib ki, bu sahədə də biznesə süni qiymət artımı ilə bağlı irad bildirmək çətindir: "Yəni, dövlətin antiinhisar orqanları istindaq apararaq sübut etməlidirlər ki, ortada qiymət sövdələşməsi var, və ancaq bundan sonra həmin şirkətləri cəzalandırmaq mümkündür. Qanunla, məsələn, A şirkəti xaricdən 5 manata aldığını, lap 50 manata da sata bilər, dövlət qarşısında öhdəliyi ancaq və ancaq qazancından və dövriyyəsindən düzgün vergi ödəməsidir. Yaxşı, sual verə bilərsiniz ki, niyə bu məsələ, süni qiymət artımı termininin izahı önəmlidir, onu da deyim: Hər dəfə belə kompaniyalar başlayanda kiçik-orta dükünlara zərbə dəyir, onlar “günah keçisinə” çevrilirlər, həmin obyektlərə bir sürü yoxlayıcılar gəlir, cərimələr yazıb, ya da rüşvət alıb gedirlər. Nəticədə kiçik-orta biznesə zərbə dəyir, onlar da məcburən ödədikləri cəriməni, və ya rüşvəti qiymətin üzərinə gəlirlər ki, bankrot olmasınlar. Bəs nə etmək lazımdır ki, Mamed dayı almanı 5 manata öz mağazasında, Gülbadam xala isə topdansatışda yağı maksimum baha qiymətə sata bilməsin?! Bəli, bunun üçün əsas alətlər RƏQABƏT, bazar iqtisadiyyatı institutları və ədalətli məhkəmə sistemidir. Bunun başqa yolu yoxdur. Dövlət qiymətə müdaxilə etməyə başlayanda sonda həmişə qiymətlər daha da artır və hətta qıtlıq da yaranır. SSRİ örnəyi buna çox böyük sübutdur. Qiymətləri dövlət tənzimləyirdi, amma piştaxtalarda heç nə yox idi, etni mal alverçilərdə, və ya piştaxta altından daha baha satılırdı".

Natiq Cəfərli sonda əlavə edib ki, hökumət süni qiymət artımı məsələsini ictimai rəyə ataraq məsuliyyətdən yayınır, populistlik edir: "İqtidarın əlində qiymət artımı ilə mübarizə üçün qanuni və effektiv alətlər var ki, onlardan istifadə etmək istəmir. Həmin alətlər vergi dərəcələri, gömrük rüsumları və ədalətli rəqabət yaratmaq öhdəliyidir. Ona görə də, süni qiymət artımı polemikasını bağlayıb hökumətin yaxasından yapışmaq lazımdır ki, əlində olan alətlər və səlahiyyətlərdən doğru-düzgün istifadə etməyi öyrənsin".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.178149