Hikmət Hacıyevin İsrailə ANİ SƏFƏRİNİN PƏRDƏARXASI
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailə səfər edib. Səfərin ani olması və gözlənilmədən baş verməsi diqqət çəkir. Bir digər məsələ də H.Hacıyevin keçirdiyi görüşlərdir. Belə ki, o, əvvəlcə İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi, daha sonra isə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Hər iki görüşlə bağlı informasiya çox azdır. Lakin bununla belə son zamanlar Ermənistanla Azərbaycan arasında gərginliyin artması və təxribatların intensivləşməsi Hacıyevin keçirdiyi görüşlərdə nələrin müzakirə olunduğuna dair ipucları verir.
Ronen Levi ilə görüşdə ikitərəfli əlaqələr, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edilib.
Prinsip etibarilə Azərbaycan-İsrail münasibətləri hərbi-siyasi, iqtisadi-diplomatik və digər sahələrdə yükək səviyyədə inkişaf edir.
Aydın məsələdir ki, H.Hacıyev Ronen Leviyə bunu xatırlatmaq üçün İsrailə getməyib. Məsələ ondadır ki, Araik Arutyunyanın “istefası”ndan sonra Xankəndi və ətraf ərazilərdəki separatçılar arasında böhran dərinləşir. Bu, rəsmi Bakının əraziyə nəzarəti tam ələ keçirməsi baxımdan ideal fürsətdir. Yəni “seçki” zamanı və ya sonrasında vəziyyət silahlı insidentə keçərsə, Bakının Xankəndiyə müdaxiləsi baş tuta bilər.
Ermənistan silahlı qüvvələrinin 1 sentyabr təxribatlarına Azərbaycan tərəfi layiqli cavab versə də, aydın məsələdir ki, bu təxribatların ardı gələcək. Buna görə də rəsmi Bakı ehtimal ssenarilərə qarşı qabaqlayıcı tədbirlər görür.
Həm Ermənistanın şərti dövlət sərhədində təxribatları və Azərbaycanın buna verəcəyi cavab fonunda, həm də Bakının Xankəndiyə müdaxilə ehtimalı halında regionda gərginlik yenidən pik həddə çata bilər.
Rəsmi Bakı belə olan təqdirdə Ermənistanın dezinformasiyalara əl atacağı və dünya miqyasında başladacağı ehtimal kampaniyaların qarşısını almaqdan ötrü diplomatik təmasları intensivləşdirib.
Mümkündür ki, H.Hacıyev Ronen Levi ilə bu məsələləri müzakirə edib. İsrailin Baş naziri B.Netanyahu ilə görüş zamanı da yuxarıda qeyd etdiyim detallardan bəhs edildiyini demək olar.
Hacıyev-Netanyahu görüşündən sonra Azərbaycanın İsraildəki səfirliyinin “X” səhifəsində bu paylaşım edilib:
“Benyamin Netanyahu cənab Hacıyevi qəbul edib, o, İlham Əliyevin salamlarını və ən xoş arzularını Baş nazirə çatdırıb. Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub”.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq məsələləri və perspektivlərin müzakirə olunması diqqət çəkir. Mümkündür ki, bu perspektivlər yuxarıda qeyd etdiyim məsələlərlə bağlıdır.
Turan Rzayev,
Politoloq