Saat:16:41
Haqqımızda

Heydər Oğuz: "Mərkəzi Asiyanı Yaxın Şərqə birləşdirən yollar da Azərbaycandan keçəcək"

2025-11-28 15:23:54

Heydər Oğuz:

Maliyyə naziri Sahil Babayev Bakıda Azərbaycan və İordaniya arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclasının yekunlarına dair mətbuat konfransında bildirib ki, İordaniya Azərbaycanı tranzit habı kimi nəzərdən keçirir və Orta Dəhliz bu məsələdə strateji rol oynaya bilər. Nazirin sözlərinə görə, vacib hesab etdiyimiz istiqamətlərdən biri məhz tranzit potensialımızdan istifadədir: “Bununla yanaşı, Zəngəzur dəhlizi həm Orta Dəhlizin əsas hissəsidir, həm də qərb və şimal-cənub dəhlizlərinin kəsişməsində yerləşir. Buna görə İordaniya üçün Azərbaycan tranzit habı kimi nəzərdən keçirilir”.

Mövzu ilə bağlı siyasi şərhçi Heydər Oğuz Hurriyyet.az-a bildirib ki, İordaniyanın Zəngəzur dəhlizini, ümumiyyətlə, Orta dəhlizi tranzit habı kimi nəzərdən keçirməsi çox önəmli bir hadisədir: “Bilirsiniz ki, 19-cu əsrin sonlarında Yaxın Şərq, ümumiyyətlə, Asiya uğrunda əsasən də Osmanlı dövləti ilə Böyük Britaniya krallığı arasında mübarizə gedirdi. Orta Asiyadan tutmuş Yaxın Şərqə qədər, ümumiyyətlə, Asiya üzərində bu rəqabətdə ingilislər dəniz ticarətinə arxayın idilər, ona əsaslanırdılar, hesab edirdilər ki, gəmilərlə Suveyş kanalından keçərək mallarını daşıması onların işini rahatladacaq və Osmanlı dövləti öz logistik imkanlarını itirəcək. Onu itirməklə, imperiya da dağılacaqdı. Yəni bir imperiyanı qurmaq üçün onun ayrı-ayrı bölgələri arasında mütləq bir əlaqə olmalıdır. Osmanlı dövlətində əvvəllər bu əlaqələr var idi. Amma bunlar daha çox quru əlaqələri idi. İndi dəniz əlaqələrinin ortaya çıxması ilə Osmanlının bu əhəmiyyəti azalacaqdı və bu da istər-istəməz ingilislərin xeyrinə nəticələnəcək, regionun tək hegemon gücü Böyük Britaniya olacaqdı. O zaman Osmanlı imperatoru Əbdülhəmid xan ortaya bir layihə atdı. Bu layihənin adı Hicaz dəmiryolu idi”. 
Heydər Oğuzun fikrincə, Hicaz dəmiryolu Türkiyədən keçərək Suriyaya və Hicaz bölgəsinə açılmaq perspektivi yaradırdı: “Hicaz bölgəsi Səudiyyə Ərəbistanın qərbində yerləşir, yəni Qərbi Səudiyyə Ərəbistanı deməkdir. Məkkə, Mədinə də orada yerləşir. Yəni önəmli və müqəddəs yerlərdən biri sayılırdı. Əbdülhəmid xan oraya bir dəmiryolu çəkmək istəyirdi. Bunun da adı Hicaz dəmiryolu idi. Həqiqətən də 1900-cu ildə artıq onun inşasına başlanıldı və gözlənilirdi ki, bu tamamlanandan sonra, Osmanlı özünün müxtəlif bölgələri arasında bir rabitə quracaq və bununla da Osmanlı imperiyası özünü qoruya biləcəkdi. Bu, çox böyük bir layihə idi, yuvarlaq şəkildə desək, 1400 kilometrlik dəmiryolu çəkilişini əhatə edirdi. Amma sonra Birinci Dünya Müharibəsi çıxdı və ingilislərin təhriki ilə bu bölgədə müxtəlif təxribatlar oldu. Böyük Britaniya ərəbləri başdan çıxardı və Osmanlıya qarşı mübarizəyə qaldırdı. Ərəblər üsyan bayrağı qaldırdılar, parçalanmalar baş verdi və bu Hicaz dəmiryolunun bir qismi çəkilmədi. Bununla da o layihə batdı, çünki Osmanlını parçaladılar. İndi yenidən bu yolun inşasına qərar verilib. Maraqlıdır ki, indi ingilislər də bu layihənin içərisindədirlər”. 
Bu layihənin məqsədinə diqqət yetirən Heydər Oğuz qeyd edib ki, həm Türkiyə ilə Ərəb dünyası arasında, xüsusilə Səudiyyə Ərəbistanı, həm də Yaxın Şərqlə Mərkəzi Asiya, yəni Orta Asiya arasında bir tranzit xətti yaratmaq istəyirlər: “Bu layihə böyük bir tranzit xəttinə çevriləcək. Mərkəzi Asiya ilə Məkkə və Mədinəni, Aralıq dənizini, hətta Qırmızı dənizi birləşdirəcək, yəni bir-biri ilə iqtisadi inteqrasiya yaradacaq. Həmin bu logistik layihənin Azərbaycandan keçməsi bizim üçün də çox vacibdir. Çünki dünyanın ən böyük tranzit xəttlərindən birindən söhbət gedir və həmin xətt Azərbaycandan keçəcək. Beləcə, Azərbaycan həqiqətən də böyük bir nəqliyyat habına çevriləcək”.
Heydər Oğuz bildirib ki, Orta dəhliz, Cənub-Şimal dəhlizinin Azərbaycandan keçməsi ölkəmizin bu layihənin yenidən ehya olunmasında bizim də şansımızı artırır: “Planlaşdırılan layihəyə görə, Hicaz dəmir yolu Türkiyə vasitəsilə Azərbaycana gələcək, bizim coğrafiyamızda sözügedən nəqliyyat xətlərilə birləşə bilər, həm cənubdan şimala, yəni Rusiyaya gedən dəhlizə, həm də Trans-Xəzər layihəsinə qovuşa bilər. Oradan da gələcəkdə həm Şimali Avropaya açılan xəttə, həm də Orta Asiyaya, yəni Xəzər dənizinin üzərindən keçərək Qazaxıstana, Türkmənistana və ya Özbəkistana birləşə bilər. Oradan da Çinə qədər uzana bilər”.
Siyasi şərhçinin fikrincə, İordaniya yalnız Yaxın Şərqdə bir ölkə deyil: “İordaniya həm də Səudiyyə Ərəbistanı deməkdir. Səudiyyə Ərəbistanın bütün tranzit xəttləri oradan keçir. Əgər həmin xətti gətirib Azərbaycana birləşdirə bilsələr, həm də Çinə yol açılacaq. O xətt Türkiyəyə keçərsə, Azərbaycana gətirib birləşdirmələri də çətin deyil. Çünki Türkiyənin özünün hazır xəttləri var. Onunla Naxçıvana, Zəngəzur dəhlizi açılandan sonra isə Naxçıvandan Bakıya gələcək və qeyd etdiyim dəhlizlərlə qoşulacaq”.
Bu layihənin dünya üçün əhəmiyyətinə toxunan H. Oğuz nəzərə çatdırıb ki, Yaxın Şərqdə yerləşən bütün ərəb ölkələri hamısı İranla düşməndirlər, aralarında məzhəb və milli problemləri də var: “Yəni onlar öz strateji xəttlərinin İrandan keçməsini arzulamırlar, amma Azərbaycandan rahatlıqla keçə bilərlər. Nəticədə Azərbaycan tranzit habına çevrilər”.
Heydər Oğuzun iddiasına görə, Hicaz dəmir yolunun tam gücüylə işləməsi üçün Suriyada tamamlanmamış 30 kilometr əlavə dəmiryolu çəkmək lazımdır: “Bu da Türkiyə üçün çox asandır, onu Suriya üzərindən rahatlıqla çəkə bilər. Yəni 30 kilometr o xətti çəksələr, Hicaz dəmiryolu tamamlanacaq. Qısası təməlləri Osmanlı imperiyası tərəfindən qoyulmuş Hicaz dəmir yolunun tamamlanması ilə həm Türkiyə, həm də Azərbaycan dünyanın bir-biri ilə inteqrasiyası proqramında çox mühüm avantajlar qazana bilər”.
CAVİD