Heydər Əliyevin general-polkovniklə məxfi söhbəti - Video

2022-05-10 14:11:00

Heydər Əliyevin general-polkovniklə məxfi söhbəti - Video

Bu gün – 10 may Ümummilli lider Heydər Əliyevin anadan olduğu gündür.

Hurriyyet.az xəbər verir ki, Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtması müstəqil Azərbaycanın ən ağır günlərinə təsadüf edirdi. Heydər Əliyev dövlətimiz, xalqımız, respublikamızı olduqca ağır dönəmdən çıxarmaq üçün təkbaşına çalışırdı. Ard-arda dövlət çevrilişinə cəhdlər, formalaşmamış ordu, məhv olmuş iqtisadiyyat, yanlış siyasət nəticəsində düşmənə çevrilən qonşular, bir-birinin ardınca işğal olunan rayonlar, vətəndaş müharibəsi təhlükəsi, Azərbaycanın bir neçə yerə parçalanması ssenarisinin işə düşməsi…

SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı, Varşava Müqaviləsi dövlətlərinin Birləşmiş Silahlı Qüvvələri Baş Komandanlığının nümayəndəsi olmuş Tofiq Ağahüseynov o günlərlə bağlı maraqlı xatirəsini illər sonra, 2021-ilin aprel ayında, ölümündən bir ay öncə saytımızla bölüşmüşdü. Onun Prezidentlə söhbəti 1994-cü ilin sonlarında prezident təyyarəsinin göyərtəsində, Bakıdan Brüsselə uçuş zamanı baş tutmuşdu:

“Heydər Əliyevin necə insan olduğunu onun ətrafında olanlarla danışığından, münasibətindən bilmək olardı. Bizim çox yaxın münasibətimiz var idi. O, mənə çox güvənirdi. Mən də o güvənə dəyər verirdim. 1994-cü ildə məni “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində növbəti tədbirdə iştirak etmək üçün Prezident təyyarəsinə dəvət etdi. Onu görən kimi anladım ki, çox fikirlidir. Onu narahat edən suallar var idi. Mən onu da başa düşdüm ki, bu suallara cavab tapmağa mən köməklik etməli olacam. Biz üç saat söhbət etdik, demək olar ki, Bakıdan Brüsselə qədər bütün yol boyu. Əsas mövzu ordu quruculuğu idi. Heydər Əliyev güclü Azərbaycan ordusu görmək üçün əlindən gələni edirdi. Biz çox müzakirə apardıq – ordu strukturumuz necə olmalıdır, nələr dəyişilməlidir... Axı bizim ordumuz yox səviyyəsində idi... Başqa çür heç vaxt ermənilər bu qədər ərazimizi zəbt edə bilməzdi. Günah ordumuzun rəhbərliyində, strukturunda idi. Onlar ordumuzda lazımsız eksperimentlər aparırdı. Heydər Əliyevlə bu 3 saat ərzində bu mövzuya dair bir çox məxfi söhbətlər apardıq.

Brüssel səfərindən az bir müddət sonra ordumuzun yeni strukturunun yaradılması prosesinə start verildi. Korpuslar yaradıldı, təkmilləşmə mərhələsi başladı. 1997-ci ildə Heydər Əliyev məni yanına çağırıb hərbi məsələlər üzrə köməkçisi olmağımı təklif etdi. Mən 5 il general-polkovnik rütbəsində, Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə köməkçisi kimi çalışdım”.

Qeyd edək ki, Zaqafqaziya Hərbi Dairəsinin HHM komandanı, Birinci Dərəcəli Vətən Müharibəsi, “Qırmızı Bayraq” ordenli (1941-1945), “Şöhrət” ordenli (2008) Tofiq Ağahüseynov 17 yanvar 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşdırılmasında və hərbçi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni və 31 yanvar 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.

Qeyd edək ki, Tofiq Ağahüseynov 2021-ci ilin mayın 12-də vəfat edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya