Saat:14:22
Haqqımızda

"HƏYATI AĞLAMAQLA KEÇMİŞDİ"

2021-08-11 14:02:00

Mərhum filosof Heydər Hüseynovun qızı Sara Hüseynova atasının intiharından sonra üzləşdiyi haqsızlıqlardan danışıb.

O məşum gecədən 70 ildən artıq vaxt keçib. Ancaq Sara xanım üçün zaman elə 1950-ci ilin 15 avqustunda dayanıb. «Qara avqust» Sara xanımın əlindən təkcə atasını deyil, gəncliyini, gözəlliyini, xoşbəxtliyini də aldı. «Pantürkist» qızı kimi ünvanına səsləndirilən ittihamlara, təzyiqlərə duruş gətirdi, illəri illərə caladı. Hər kəsin mənən sınacağını, əyiləcəyini düşündüyü anlarda belə zərif cüssəsi ilə çoxlarına meydan oxudu.

Ömrünü şam kimi əritdi. Dərdlərlə baş-başa olsa da, yıxılmadı ayaqda qaldı. Qaldı ki, atasının başına gələn müsibətləri, filosof Heydər Hüseynov faciəsini hər kəsə anlatsın, gecikmiş ədaləti bərpa etsin...

Bağ evində intihar

1950-ci ilin iyulunda filarmoniyada keçirilən məlum yığıncaqdan sonra Heydər Hüseynov cəmisi 30 gün yaşadı. Avqustun 15-də Şüvəlandakı bağ evində özünü asdı: «Ayın 14-də atamın halında dəyişiklik vardı. Ömründə qazandakı xörəyə əl uzatmazdı, həmin gün ilk dəfə sıyığı birbaşa qazandan yedi. Anama saçını düzəltdirdi, təmiz kostyum geyindi, qalstuk bağladı. Hətta patefonda çalınan mahnının ritminə uyğun çırtıq da vururdu. 15-i səhər atasız qalacağımı ağlıma belə gətirmirdim. Gecə hamı yatandan sonra özünü asıb. Hadisədən səhər saat altıda xəbər tutduq. Bir qədər sonra «KQB» əməkdaşları gəldilər, evimizdə axtarış apardılar. Sonra da atamı maşına qoyub «morqa» apardılar".

Bu sözləri deyərkən bütün bədəni titrəyirdi. Gözlərini qocaman çinardan ayırmadan titrək səslə əlavə edir: «Cənazəni gərəksiz bir əşya kimi maşının yük yerinə atdılar. Heç xalçaya bükməyimizə də imkan vermədilər. Cənazə maşının içinə düşərkən tappıltı səsi çıxardı. «KQB» əməkdaşları atamın meyitini təhvil verəndən sonra təkrar gəlib evdə axtarış apardılar. Atama məxsus bir çox kitabları, sənədləri götürdülər».

Cənazəni səhəri gün geri qaytarırlar: «Atamı beynəlmiləl qəbiristanlıqda torpağa tapşırdılar. Ora onun yeri deyildi... Qorxudan yasına da çox adam gəlməmişdi.

Heç molla da üstündə oxumadı. Atam son mənzilə Quransız, fatihəsiz, yasinsiz getdi...

...Bu dünyada nə gün görmüşdü ki. Öləndən sonra da rahat uyumağa imkan vermədilər. 1956-cı ildə atamın qəbir evini Fəxri Xiyabana köçürdülər. Heç bilməzdim ki, sağlığında çoxlarının özünə rəqib saydığı atam vəfatından sonra da kimlərəsə maneçilik törədəcək. Vəfatından 41 il sonra qəbir evinə göz dikdilər. Tanınmış şəxslərdən biri atamın son mənzilinin ərazisindən 3 metr götürdü...»

Astadan həmin adamın adını çəkir. Sonra «deyirlər, bacılarım bu işə icazə verib» - deyə həmin şəxsə haqq qazandırmağa çalışır. Ardınca da «ancaq gərək o, bu işə qol qoymayaydı» - əlavəsini edir.

«Atam intihar etməklə öz ləyaqətini qoruyub saxladı. Öz ölümü ilə dostlarını, ailəsini həbsdən qurtardı» - deyir, Sara xanım. Ancaq xanımını, qızlarını, ən çox da Sarasını haqsız təqiblərdən, təhqirlərdən sığortalamaq Heydər Hüseynova nəsib olmur...

"Xalq düşməni"nin qızı

Alimin vəfatından sonra yaradıcısı olduğu Fəlsəfə İnstitutunu bağlayıb, bölməyə çevirdilər. Dəfnində iştirak edənləri təqib etməyə başladılar. Bütün bunlar azmış kimi, Elmlər Akademiyasının fasad bəzəkləri də repressiyaya məruz qaldı. 1952-1953-cü illərdə binanın üstünə qızıl hərflərlə həkk olunmuş Quran kəlmələri pozulub, ulduzlarla əvəzləndi. Dərslikləri tədris ocaqlarından yığışdırıldı.

Çox-çox sonralarsa Heydər Hüseynovun yaradıcılığı Türkiyədə, Amerikada tədqiq olunmağa başlayacaqdı. Dünyanın bir çox ölkələrində Şeyx Şamilin tədqiqatçısı olan alimlər əsərlərini azərbaycanlı alimin xatirəsinə ithaf edəcəkdilər. Ancaq bütün bunlar çox sonralar baş verəcəkdi. Hələ 1950-ci ilin avqustu idi. Alimin intiharından 15 gün keçmişdi. Orta məktəbin son siniflərində oxuyan Sara təhsilini davam etdirirdi: «Atamın sağlığında bütün qiymətlərim «5» idi. Atamdan sonra qiymətlərimi də qəsdən kəsməyə başladılar. Məktəbə getmək istəmirdim. Müəllimlər mənə «xalq düşməni»nin qızı kimi münasibət bəsləyirdilər. Yoldaşlarımın da münasibəti dəyişmişdi. Küçədə, məktəbdə məni əllə göstərirdilər ki, atası özünü öldürüb. O vaxtlar insanlar intiharın qüsur olmadığını anlamaq istəmirdilər. İntihar zəif iradənin nəticəsi hesab edilirdi. Atamın da intihar etmə səbəbini başa düşmək istəmirdilər. O dövrdə intihar antisovet əməli sayılırdı. Oxuduğum 134 saylı məktəbin rus dili müəlliməsi Apolinariya Sedova dərslərini atamı «ifşa edəcək» mühazirələrə həsr edirdi. Danışır-danışır, axırda da əliylə havada atamın boğazına necə ip keçirdiyini təsvir edirdi. Bütün bunlara dözmək mümkün deyildi. Heç bilmirəm necə tab gətirmişəm. Etiraz edəndə daha təhqiramiz hərəkətlərə yol verirdi. Gücüm icazə alıb sinifdən qaçmağa çatırdı».

Ancaq hara qaça bilərdi ki. Bu onun taleyi idi. Və o, bu taleyi yaşamağa məhkum idi. Orta məktəbi bitirdikdən sonra sənədlərini AZİ-yə verir. Geologiya fakültəsinə qəbul olunsa da, auditoriyaya girməsinə imkan vermirdilər. Yarıaçıq qapı arxasından sinif otağında baş verənləri həsrətlə, acgözlüklə izləyirdi. Bu minvalla aradan təxminən iki ay ötür. Noyabrda isə «burada neft yataqlarının məxfi sxemləri haqqında məlumat verilir. Sən xalq düşməninin qızısan, biz sənə etibar edə bilmərik» deyirlər.

Bir il işsiz-gücsüz dolanır. 1953-cü ildə Axundov adına Pedaqoji İnstituta daxil olur. Deyir, Dövlət Universitetində təhsil almaq istəyirmiş, qorxusundan fikrini dəyişir. Fikirləşir ki, AZİ-nin geologiya fakültəsində oxumağı yasaq etdikləri halda, heç «xalq düşməni»nin qızını universitetin həndəvərinə də buraxmazlar. Stalinin ölümü ilə Sara xanımın həyatına da işıq sızmağa başlayır. Və təhsilini universitetin filologiya fakültəsində davam etdirir.

Ali təhsilini tamamlayıb Nizami adına Ədəbiyyat Muzeyində işə girir. 1963-1965-ci illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alır: «Nizami muzeyindəki əmək haqqım qədər təqaüd alırdım, 75 rubl civarında. Amma Moskva kimi yerdə bu pulla dolanmaq çətin məsələ idi. Heç düz-əməlli əyin-başım da yox idi. Palto, papaq, əlcək kimi isti geyim əşyaları haqda yalnız xəyal edə bilərdim».

Sonradan kimsə anasına Saranın qışı yay paltarında keçirməsi barədə xəbər verir. Anası da sandıqdakı qalın parçadan ona palto tikdirib göndərir.

«Tək qalsın təkliyi görüm dünyada...»

«Atamdan sonra həyatda heç gülmədim», deyir Sara xanım. Və atasız qaldığı bu illər həyatının ən mühüm hadisəsinin 1997-ci ildə Dağıstanda «Şeyx Şamil» mükafatına layiq görüldüyü gün olduğunu söyləyir: «Həyatım ağlamaqla keçib. 15 yaşımdan atamın müdafiəsinə qalxmışam. Ömrümü, həyatımı atama həsr etdim, başqa cür də ola bilməzdi. Atam ideal bir insan idi. Onu sevməmək mümkün deyildi. Bu illər ərzində atamın siması mənə yaşam gücü verib. Atam öləndən onun siması, sözləri ilə yaşayıram. Sağlığında hər bazar günü məni pasaja alış-verişə aparırdı. Özünə kitab, mənə oyuncaq gəlincik alırdı».

1950-ci ildə Heydər Hüseynov ilk dəfə sevimli qızını hədiyyəsiz qoyur. Üzləşdiyi haqsızlığa görə, bütün dünyadan inciyən, içinə qapılan alim həmin vaxt nəinki Saranın, heç ayın-günün fərqində belə deyildi: «Atam doğum günlərimi hədiyyəsiz qoymurdu. 1949-cu ildə platindən sancaq almışdı, indiyəcən saxlayıram».

Deyir, «Monolit»dəki evlərində xüsusi guşəsi varmış. Atası onun üçün həmin guşəyə yazı masası qoyubmuş. Yeni evə köçəndə isə ona xüsusi otaq ayırırlar: «Amma indi nə yazı masam, nə də xüsusi otağım var. Evimdə şəraitim pisdir, işləmək imkanım yoxdur. Dəfələrlə özümü öldürmək istəmişəm, əlim gəlməyib. Atamdan fərqli mən o qədər də güclü iradə sahibi deyiləm. Nizami Muzeyi rahat olduğum yeganə məkandır».

...Cavanlıq şəkillərinə baxdıqca sanki yenidən o illərə qayıdır. Öz növbəmdə mən də qarşımdakı qəddi bükülmüş, üz-gözünü qırışlar basmış qadınla, şəkildən boylanan iri gözlü, əsmər gözəl arasında oxşarlıq axtarıram. Şəkildəki pərişan gözəl mənə Azərbaycan Opera müğənnisinin «Karmen»ini - Fatma Maqsudovnanı xatırladır. Ürəyimdən keçənləri dilimə gətirəndə sifətinə xoş təbəssüm yayılır. Ardınca da istehza qarışıq təəssüf hissi ilə qədrimi bilən olmadı» - deyir.

Bayaqdan ürəyimi dələn sözləri axır ki, dilimə gətirirəm «Gərək vaxtında ailə həyatı quraydınız. Onda tənhalıq da sizi indiki kimi əldən salmazdı». Nəzərlərini qocaman çinara zilləyir. Bəlkə də qonşu oğlu yaşda olan jurnalistlə bu mövzuda söhbət etməkdən çəkinir. Araya çökmüş sükutu Sara xanımın ürək oxşayan, məlahətli səsi pozur: «Anamın bir rəfiqəsi vardı. Deyirdi ki, yalnız həyatı yaxşı olanlar sevə bilirlər. Görünür, mənim yaşadığım həyat da sevməyimə imkan verməyib... Ailə həyatı qura bilmədim. Azərbaycanda bu baş tuta bilməzdi. 15 yaşından ancaq tənə eşitmişdim. Atamın ölümü məni bərk sarsıtmışdı. İnsan bir 16-17 yaşında, bir də qocalıqda tənhalıqdan bezir. 30-40 yaşlarında isə artıq bu hiss ölür. 16-17 yaşlarımda mənə təsəlli verəcək bir gəncin olmasını istəyirdim. Ancaq «xalq düşməni»nin qızı ilə kim evlənmək istərdi ki. Bir də insanlara inam, etibarım da yox idi. Anamın xəstəliyi də bir yandan...»

Ancaq onun kimi bir gözələ biganə qalmaq mümkün deyilmiş. Və təbii ki, bu gözəlliyin əsirinə çevrilən, ona evlilik təklifində bulunanlar da az olmur: «Moskvada, aspiranturada oxuyanda müxtəlif millətdən olan tələbə yoldaşlarım vardı. Dəfələrlə evlənmək təklif etmişdilər. Razılaşmırdım. Əcnəbiyə getməkdənsə, tənha qalmağı üstün tuturdum. Fikirləşirdim ki, mən Azərbaycana qayıtmasam, atamın tapdanmış haqqını kim bərpa edəcək? Üstəlik, bu izdivacın atama da xoş gəlməyəcəyini düşünür, onun ruhunu incitmək istəmirdim».

O vaxt belə düşünürmüş Sara xanım. İndi ömrünün payız fəslində gənclik xətasına yol verdiyini etiraf edir: «Ancaq indi səhv etdiyimi başa düşürəm. Məncə, atam üçün mənim xoşbəxt olmağım daha vacib idi. Yoxsa, indiki kimi, damın altında tək qalmışam, təkəm, tək-tənha... Xəstəlik də bir yandan. Ayaqlarım, gözlərim ağrıyır...»

Muzeyin giriş qapısı önündə ayrılırıq. Sara xanım ağır, asta addımlarla yaxınlıqdakı köşkə tərəf addımlayır, özünə günorta yeməyi almağa...

Qocaman çinarın yanından keçirəm. Qulaqlarımı həzin bir mahnı oxşayır:

 

Apardı sellər Saranı,

Bir ala gözlü balanı...

Artıq o, ölmüşdü, atasına qovuşmaq üçün tələsmişdi.

MÜRSƏL İRƏVANLI

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR