Saat:04:31
Haqqımızda

Həyasızlığın da bir həddi olmalıdır... – FİRUZ HAŞIMOV YAZIR

2024-04-29 22:18:45

Həyasızlığın da bir həddi olmalıdır... – FİRUZ HAŞIMOV YAZIR

Fəxri adları üzlərinə qalxan kimi tutaraq yenə də, camaatı avam yerinə qoymaq istəyənlər hər yerdən qovulmalıdırlar

Başıbəlalı xalqımızın mədəniyyətinə müxtəlif vaxtlarda fəxri adlara layiq görülmüş “korifeylər” qədər zərbə vuran olmayıb. Sovet hakimiyyəti bərqərar olan saatdan xalqımızın yeraltı, yerüstü sərvətləri görünməmiş bir vüsətlə talan edilməyə başladı. Çarizm dövründə onlarla xaçpərəst maqnat var-yoxumuzu soyub aparsa da, hər halda Bakının mərkəzində 20-30 gözəl bina ucaltdılar. Sovet hökuməti hündür tavanlı, içində hər şəraiti olan mənzilləri Azərbaycanda “sosializm quruculuğunda” fəal iştirak etmiş rus və erməni məmurlara verdi. Ən böyük bəla maarifçilik pərdəsi altında aparılan təxribat idi. Azərbaycanlı balası bunu bilməli idi ki, ruslar (ələlxüsus bolşeviklər) bura gələnə qədər onun əbaxu-əcdadı neandertal kimi bir varlıq olub. Dinin nə olduğunu bilmək istəsə, “Dəli Kür” kimi binamus filmə baxsa, bəsdir.

Kommunist irticası gənclərin beyinlərini necə zəhərləməyi əla bilirdi. İkinci Dünya müharibəsi ilə bağlı əhvalatlardan danışanda vaxtilə nasistlərin Almaniyada yaratdıqları uşaq və gənclər təşkilatlarından, üzvlərinin fanatikcəsinə, Hitlerə sadiq olmalarından hamı bəhs edir. 1945-ci ildə sovet qoşunları Almaniyaya girəndə son nəfəsinə qədər vuruşan, təslim olmağı fikirləşməyən “Hitleryurend” təşkilatının gəncləri idi. Hamı bilir ki, gestaponun zabitləri neçə il Moskvada sovet təhlükəsizlik sistemində dərs almış, istintaqın səmərəli aparılması sirlərini XDİK-nin müstəntiqlərindən öyrəniblər.

Məşhur ölüm maşınını da sovet mütəxəssisləri fikirləşib yaratmışdılar. Bu, sirr deyil, bunu küllü aləm bilir. Nasistlər alman xalqının elə kilsəsi, elə məbədi yox idi ki, onu göz bəbəyi kimi qorumasınlar. Mən hələ kitabxanalardan danışmıram. Bizim zinadan törənmiş kommunistlərimiz isə məscidləri kolxoz anbarına döndərdilər. Almaniyada kommunist nəşrlər, millətin keçmişinə çirkab atan anarxistlərin kitabları tonqallara atılırdısa, bizdə isə ağına-bozuna baxmayaraq ərəb əlifbası ilə yazılmış kitablar,  dahilərin somiə və türbələrdə qərinələr boyu hifz edilmiş əlyazmaları məhv edildi.

Şərq xəttatlığının nadir incilərinin yandırılması barədə əlimdə faktlar var. İndi nizami cəfərovların, flora xəlilzadələrin çəkinib-eləmədən təriflədikləri “görkəmli” qələm sahiblərinin birinin də cınqırı çıxmadı. Bütün mətbuatı ələk-vələk eləmişəm, “vətənpərvərlərin” çuğulluğu, satqınlığı sayəsində məhv edilmiş qeyrətli şəxslərdən başqa, bir nəfər göz qabağında pamal olan sərvətlərdən danışmır.

İllər keçəcək, camaat yavaş-yavaş yaxşı ilə pisi ayırd edəcək. Bu zaman sovet quruluşundan hər cür qayğını görmüş Rəsul Rzanın oğlu Anar bədbəxt Müşfiqin bostanına daş atmaqdan utanmayacaq. “Müşfiq də Stalindən yazmışdı” sözünü dilə gətirmişdi. Məkrə fikir verirsiniz? Burada iki-üç kəlmə deməsəm, olmayacaq. Rəyasət kreslosundan dördəlli yapışan Anar ağa,  zindanda Müşfiqin başına gələnlərdən xəbərimiz var, ailəsinin, əzizlərinin düçar olduqları müsibətdən sakit danışmaq olmaz. O, cavan yaşında iki-üç alçağın (onların kim olduğunu təxmini bilirəm) danosu əsasında qətlə yetirildi, sümükləri sürməyə döndü. Siz isə dünyada məstkam olub, hələ indiyə kimi ortaya babat bir əsər qoymamısınız. Bir müddət işləri sizdən keçənlərin səyi, zəhməti sayəsində o məclisdə, bu yığıncaqda təriflənib ağac başına çıxarılmısınız. Hamı da bilir ki, mənsub olduğunuz çevrə çoxdan hansı sahələri inhisara alıb. Ellik zəmanətlə bir-birilərinə bağlı olan ağaların “dobrosu” olmadan bir fələkzədə iş görə bilməz.

Bəziləri soruşa bilər, mən niyə belə inadkarlıqla xətalı məsələlərə toxunuram. Sadəcə ona görə ki, illər ərzində millətimi hər cəhətdən şikəst etmiş rus bolşevik irticasına canla-başla qulluq edib, nəinki özü üçün, hətta yeddi arxası üçün gün ağlamış “yazıçıları” reanimasiya masasının üzərinə qaldırırlar.

Dədə Qorqud, Nizami, Babək, Nəsimi, ...bir baxın görün bizim gülməşəkər “korifeylər” kimləri gorbagor ediblər. Dəfələrlə demişəm, psevdotarixi filmlərin hamısı zibilliyə atılmalı, yeniləri çəkilməlidir.

...Televizorda “Qarabağnamə” tamaşasına baxıram və qəzəbimdən əsirəm. Kor-kor, gör-gördür ki, nə rejissor, nə də rəssam tarixlə heç maraqlanmayıblar. Arxayındırlar, bilirlər ki, bir savadlı sənətşünas, bir tənqidçi özündə cürət tapıb onları rüsvay etməyəcək. Dəlləkliyi klassiklərimizin başında öyrənənlərdən savab əməl gözləmək avamlıqdır. Üzeyir bəyin ölməz “O olmasın, bu olsun” əsərinin başına tənbəki oyunu açanlar hələ o vaxtlar rüsvay edilsəydilər, indi hər yerindən duran Mirzə Cəlilin əsərlərinə istədiyi yozumu verməzdi. “Ölülər” əsərinə televizorda baxmışam. Kim olursa olsun, sözümü deməliyəm. Rejissorun Mirzə Cəlilin yaşadığı dövrü, onun daxili aləmi barədə təsəvvürü olduqca bəsitdir. Mirzə Cəlilin bu əsərlə nə demək istədiyini, rejissor heç başa da düşməyib. Mədəniyyətimiz özünün ikinci intibah dövrünə qədəm qoyub, millət, nəhayət qələbə şərbəti içə bildi, hara baxırsan, ancaq quruculuq işlərini görürsən. Gənclik xalqın MÜZƏFFƏR adına layiq gördüyü Prezidentin bir sözü ilə dağı dağ üstə qoymağa qadirdir. Belə vaxtda fəxri adları üzlərinə qalxan kimi tutaraq yenə də, camaatı avam yerinə qoymaq istəyənlər hər yerdən qovulmalıdırlar. Həyasızlığın da bir həddi olmalıdır.

Kiçik bir ricət

Hörmətli Prezidentin bütün çıxışlarına diqqətlə qulaq asıram. Var olsun, nə başımızın altına balış qoyur, nə də xalqı arxayın edir. Bizim mütəmadiyən eyş-işrət qurmağa mənəvi haqqımız yoxdur. Az qala hər həftə qətlə yetirilmiş insanların məzarlığı aşkar olunur. Tükürpədici cinayətlərdən sonra da səlib dünyası yenə də giyenasını üzərimizə qısqırdır. Onlar daxilimizdəki əlaltılarına Moskva nökərlərinin illər boyu yaratdıqları şəbəkəyə arxalanmasalar belə qələtləri etməzdilər. Bizim iqtidarın ən böyük, ən bağışlanmaz səhvi ondadır ki, milləti bir bayraq altında birləşdirə bilən mənəvi, ülvi dəyərlərdən danışmağı, hər lotuya, hər naqisə, hər pulgirə etibar edib. İstiqlaliyyətimizin qatı düşməni Qəzənfər Musabəyovun nəvəsi Rasim ağanın tikəsi ələ gəlmir. Axı bu alimnüma nə danışır? İqtidar bunun nəyinə aşiq olub? Eyni sözlər, eyni çeynənmiş ibarələr, mənasız ütülənmiş cümlələr... Bu xarabada başqa adam yoxdur?

Dəfələrlə yazmışam, əzalarını, əsdirməklə, fəxri adlara layiq görülənlərə birdəfəlik olaraq müqəddəs mövzulara yanaşmaq yasaq edilməlidir. Ermənistanda bir pəncərə şüşəsi də qırılmayıb, bir məzar da dağıdılmayıb... Hər şeyi itirən bizik və indi də arxayın-arxayın yeyib içməklə məşğuluq. Millətin keyləşməs, intiqam, qisas barədə düşünməməsi düşmənə əl verir. Doğrudanmı, heç kim başa düşmək istəmir ki, bu müharibə səliblərin hilala qarşı növbəti hücumudur.

Əlləri körpələrimizin, soydaşlarımızın qanına batmış şəhidlərin məzarlarını təhqir etmiş ermənilər heç yerdə, heç vaxt rahat yatmamalıdırlar. Yəhudi xalqının igid övladları 10 illər boyu esesin iri çinli bütün zabitlərini, dünyanın hər bucağında axtarıb qətlə yetirdilər. Biz isə 3-4 cəlladı tutmaqla öyünürük. Bütün dünyaya car çəkirik ki, biz tolerantıq. Yəni bundan sonra kim istəsə üstümüzə gələ bilər, biz heç kimə əl qaldıran deyilik.

Mən isə ondan qorxuram ki, bir müddətdən sonra qandalladığımız canilərin müdafiəsinə bütün xaçpərəst dünyası qalxacaq və biz onları çəm-xəm eləmədən buraxacağıq. Həlak olmuş əsgərlərimizin meyitlərini dərələrə, yarğanlara atdıran Nəcməddin Sadikova güldən ağır söz deyildi? Niyə etiraf etmirik ki, başımıza min oyun açılsa da, biz həmişə rusun üzünə irişmişik. Biz heç vaxt düşmənə axıra qədər nifrət bəsləməyi də bacarmamışıq.

Firuz HAŞIMOV

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.192387