Saat:16:38
Haqqımızda

“Hesab etmirəm ki, Nikolas Maduro hakimiyyətdən gedəcək” - POLİTOLOQ

2025-12-02 15:54:18

“Hesab etmirəm ki, Nikolas Maduro hakimiyyətdən gedəcək” - POLİTOLOQ

“Mən hesab etmirəm ki, Venesuela lideri Nikolas Maduro ABŞ-ın təzyiqləri fonunda hakimiyyətdən gedəcək. Ola bilər ki, real çevriliş təhlükəsi baş verərsə, bu, mümkün olsun. Lakin hələlik Venesuelada real  çevriliş təhlükəsi yoxdur”

Bu barədə Hurriyyet.az-a danışan politoloq Kazım Kazımov ABŞ prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduronun ölkəni tərk etməsi tələbi ilə bağlı danışarkən deyib.
“Çünki Nikolos Maduro ilk dəfə deyil ki, ABŞ-ın bu təzyiqləri ilə qarşı-qarşıya qalır. Xuan Quaydo ilə yarışdığı seçim dönəmindən bəri, Venesuela liderinə qarşı ABŞ-ın təzyiqləri mövcuddur. Venesuela lideri hesab edir ki, o, bu dəfə də təzyiqlərə duruş gətirəcək. Çünki ola bilər ki, ABŞ hər hansı bir xüsusi təyinatlı qüvvə göndərərək, orada hakimiyyəti götürsün. Lakin ondan sonra, hakimiyyəti əldə saxlamaq məsələsi ABŞ-ı ciddi şəkildə düşündürür”,-deyə politoloq əlavə edib.
K. Kazımov diqqətə çatdırıb ki, 2001-ci il Əfqanıstan, 2003-cü il İraq kampaniyalarında ABŞ çox sürətli şəkildə hakimiyyət dəyişikliklərinə nail oldu: “Lakin bundan sonra, hakimiyyəti idarə etmək çox çətin oldu, həm Əfqanıstanda, həm də İraqda  xaos başladı. Venesuela isə daha çox xaosa düşə biləcək bir yerdir. Çünki biz bilirik ki, Latın Amerikasında vəziyyət heç də yaxşı deyil. İqtisadi vəziyyət həm Venesuelada, həm də digər Latın Amerikası ölkələrində pisdir. Narkokartel və başqa mafiya qrupları orada kifayət qədər güclüdür. Ola bilər ki, bu hakimiyyətsizlikdə Venesuelada yeni bir xaotik vəziyyət yaransın və bu vəziyyət bütün Latın Amerikasına təsir etsin. Belə olan təqdirdə, Amerikanın özü ciddi bir problemlə qarşı-qarşıya qalacaq ki, cənubdan şimala doğru bir insan axını, kütlə axını  olacaq. Biz bilirik ki, Tramp onsuz da bu məsələlərə kifayət qədər qarşıdır və o hesab edir ki, əgər belə bir xaotik vəziyyət olarsa, yenidən bu problemlə üz-üzə qalacaq”. 
“Digər tərəfdən, ola bilər ki, ABŞ-ın əlində hazır plan olsun, hətta hakimiyyətə kimin gələcəyini də müəyyənləşdirsin. Bu da tam olaraq xaotik vəziyyətin qarşısını almağa kömək edə bilməz. Çünki Səddam Hüseyn devrildikdən sonra, Nuri əl-Maliki hökuməti quruldu, lakin bu hökumətin qeyri-effektiv olduğu çox qısa müddət ərzində başa düşüldü. Ola bilər ki, Nikolas Maduro ABŞ-ı qane etməyən bir liderdir. Lakin pis-yaxşı o, orada bir sistem qurub və sosialist bir hökumət modeli ilə ölkəsini idarə edir”,-deyə politoloq qeyd edib.
CAVİD