Saat:00:16
Haqqımızda

HƏRƏYƏ BİR AĞAC ƏKƏK – Şamil yazır

2023-02-01 12:12:00

HƏRƏYƏ BİR AĞAC ƏKƏK – Şamil yazır

Uğrunda gözübaglı qurban getdiyimiz, üç rəngli bayrağı bizə bəxş edən kişinin 139-cu ad günü oldu.

Bu günkü Azərbaycanımızın hər şəhərində, hər kəndində dalğalandırıb, qarşısında diz çökdüyümüz bu ay-ulduzlu, gözəl donlu gözələ baxdıqda, onun bizə bəxş etdiyi gözəl hissləri yaşadıqda, çox az yada salırıq onu bizə bəxş edəni.

Hamımız üç rəngə boyanıb, birləşərək Şuşada, Xudəfərində, Ağdamda dalğalandırdığımız, idman arenalarında, bayraqların sırasında fəxrlə bağrımıza basdığımız, günü-gündən ucaldıqca düşmənlərimizin kiçilməsinə səbəb olan məbədgahımızı bizə əmanət edəni deyirəm. Keçən neçə illər ərzində suyundan doyunca içərkən, meşəsində istirahət edərkən, vüqarlı dağına   baxarkən, bağında asudə gəzərkən, əkərkən, biçərkən yuz otuz doqquz deyil, şəninə bir ağac hədiyyə etmək heç yadımıza düşmədi birimizin də? Yaşamağımız üçün hündür mərtəbəli binaları, ildə bir dəfə gedə bildiyimiz villaları, o villalara çəkdiyimiz lazımsız enli yolları, qiymətləri cib yandıran otelləri, barları, kafeləri tikməyə yer tapdığımız halda, bu qoca məmləkətdə bir dənə fidan nədir ki, ona balaca bir çala tapıb əkə bilmədik?!

Hər il yüzlərlə, minlərlə ağac dikdiyimiz parklar var, bunu bilirəm, görməyimdə də problem yoxdur(gərçi, prezident gəlib-gedəndən sonra, əkilən ağacın çıxardıldığını görəndən sonra kor olmamışam, nə yaxşı ki). Amma mənim dediyim tam başqadır. Sözümün “mustafası” odur ki, ən azından hər bir azərbaycanlının bu gün müstəqil dövlətdə yaşamasından dolayı borclu olduqları bir kimsələr var, axı. Deyəlim ki, Naxçıvanda o günlərə qədər nəfəs alıb, su içmək, işıq yandırmaq belə asan olmadığı halda, yerdə qalan torpaqlarımızda bunu etmək ki, çətin deyildi!

Daha ayıbdı, bu ad günündə olmadısa, gələn ad günündə, Müstəqil Azərbaycanımızın qurucularından olan Məmməd Əmin Rəsulzadənin şərəfinə bir dənə ağac əkək barı. Heç olmasa bununla təsəlli verərik özümüzə, heç olmasa maraqlanana göstərərik əcdadımıza necə qiymət qoyduğumuzu.

Gec də olsa, hərəmiz bir ağac əkək. Qədir ağacı!

ŞAMİL

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR