Hərbi Prokurorluqdan Ballıqaya soyqırımı ilə bağlı açıqlama
Xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərlə əlaqədar istintaqın aparılması və onları törətmiş şəxslərin əməllərinə hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkilində və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək mövcud qanunvericiliyə və beynəlxalq hüquqa əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının və prinsiplərinin kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Baş Prokurorun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb, 2005-ci il mayın 5-dən öz təşəbbüsü ilə ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun müavini-Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevə həvalə edilməklə, həmin istintaq-əməliyyat qrupunun fəaliyyəti Hərbi Prokurorluğa tapşırılıb. Bundan sonra erməni silahlı birləşmələrinin üzvləri tərəfindən müxtəlif illərdə törədilmiş eyni xarakterli cinayət faktları ilə bağlı başlanılmış və cinayət törətmiş şəxslərin və ya onların olduqları yerin müəyyənləşdirilməməsi əsası ilə icraatları dayandırılmış hər bir cinayət işi öyrənilib, bir neçə cinayət işinin icraatı yenilənərək vahid icraatda birləşdirilmiş və istintaq aparılıb. Cinayət işinin ibtidai araşdırması əvvəlki illərdən fərqli olaraq cinayət işinin vahid istintaq-əməliyyat planına əsasən daha səmərəli, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və hüquq normalarına, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət Prosessual Məcəlləsinin tələblərinə tam uyğun və baş vermiş cinayət hadisələrinin hər birinin mahiyyəti üzrə aparılıb.
Hurriyyet.az xəbər verir ki, bunu Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Hərbi prokurorun böyük köməkçisi bildirib ki, istintaq-əməliyyat qrupunun səmərəli fəaliyyəti nəticəsində təqsirləri qanunvericiliklə müəyyən olunmuş qaydada, eləcə də beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq sübuta yetirilmiş müvafiq şəxslərin Cinayət Məcəlləsinin 103 (Soyqırımı), 107 (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113 (İşgəncə), 115 (Müharibə qanunlarını və adətlərini pozma), 116 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120 (Qəsdən adam öldürmə), 214 (Terrorçuluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilmiş və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycandakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib: "Hazırda Baş prokuror, birinci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin nəzarəti və Baş prokurorun müavini-Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin prosessual rəhbərliyi ilə hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir. Məlum olduğu kimi, bir müddət əvvəl Meşəli soyqırımı epizodu üzrə axtarışda olan şəxslərdən biri-Xaçaturyan Vaqif Çerkezoviç tutularaq istintaqa təhvil verilib. Yeri gəlmişkən, bu yaxınlarda o, məhkəmə qarşısına çıxarılacaq.
Ballıqaya soyqırımı ilə bağlı onu deyə bilərəm ki, 1992-ci il mayın 18-də Laçın rayonunun Ermənistan Respublikası tərəfindən işğal edildikdən sonra həmin rayonun sakinləri Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmaq məcburiyyətində qalıblar. Laçın rayon sakinlərinin bir hissəsi də Goranboy rayonunun Ballıqaya kəndinə köçüblər. Həmin ərazidə məskunlaşmış Laçın rayon sakinləri 1992-ci ilin avqustunda düşmənin silahlı hücumuna məruz qalıb, hücum nəticəsində xeyli insan qətlə yetirilmiş bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin faktla əlaqədar Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq ibtidai araşdırma aparılıb. Bir müddət sonra isə cinayət işi üzrə istintaq Hərbi Prokurorluğunda davam etdirilib.
"İbtidai araşdırma zamanı iş üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilib, o cümlədən şahidlər və zərərçəkmiş şəxslər, zərərçəkmiş şəxslərin hüquqi varisləri dindirilib, müxtəlif ekspertizalar təyin olunmaqla icra edilib, əməliyyat tapşırıqları verilib, aidiyyəti qurumlara müvafiq sorğular göndərilib və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib. Aparılmış istintaqla müəyyənləşdirilib ki, 1992-ci il avqustun 28-də Goranboy rayonunun dağlıq hissəsində yerləşən Ballıqaya kəndində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlər-dinc sakinlər erməni silahlı dəstəsinin hücumuna məruz qalıb, hücum zamanı səhər saat 5 radələrində 24 günahsız insan xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edilib, 9 nəfərə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Böyük kədər və təəssüf hissləri ilə vurğulayım ki, qətlə yetirilənlər sırasında qoca, qadın, uşaq və hətta 6 aylıq körpə belə olub. Hazırda həmin faktla əlaqədar müvafiq zəruri tədbirlərin görülməsi davam etdirilir. Əmin ola bilərsiniz ki, xalqımıza qarşı törədilmiş heç bir cinayət cəzasız qalmayacaq”,- deyə Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri vurğulayıb.
Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət sayəsində, o cümlədən dövlətimiz tərəfindən ölkədə və respublikamızdan kənarda görülən nəhəng işlər, həyata keçirilən sistemli və ardıcıl tədbirlər nəticəsində tarix boyu xalqımıza qarşı törədilən deportasiyalar, soyqırımlar, terrorlar və digər sülh və insanlıq əleyhinə cinayətlər, o cümlədən Xocalı, Qaradağlı, Ağdaban, Başlıbel, Bağanıs Ayrım, Meşəli, Kərkicahan qətliamları və sair insanlığa sığmayan vəhşiliklərlə törədilmiş cinayətlər, eləcə də Ballıqaya faciəsi barədə tarixi reallıqlar dünya ictimaiyyətinə çatdırılmış və hətta onların bəzilərinə beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni həqiqətə və milli maraqlarımıza uyğun münasibət bildirilməsinə müvəffəq olunub. Qeyd etmək lazımdır ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə görülən böyük işlər də mühüm əhəmiyyət kəsb etməkdədir. Bu barədə danışarkən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın həmin istiqamətdəki səmərəli fəaliyyətini, xüsusən də Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə 2008-ci ildən başlayaraq həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyasını da vurğulamaq lazımdır./Axar.az/