Hərbi əməliyyatlar harada başlaya bilər: Qarabağda, yoxsa sərhəddə?

2023-09-11 12:11:24

Hərbi əməliyyatlar harada başlaya bilər: Qarabağda, yoxsa sərhəddə?

Politoloq Natiq Mirinin “Yeni Sabah”a müsahibəsi:

- Azərbaycanla-Ermənistan arasındakı müharibə ritorikası yenidən güclənib. Sizcə, hərbi əməliyyatların başladığı halda, Azərbaycan təzyiqə məruz qala bilərmi?

- Təzyiq bu gün də mövcuddur. Hərbi əməliyyatlar başlayarsa, Azərbaycanı sanksiyalar, müxtəlif qətnamə və qərarlar çıxarmaqla hədələyəcəklər, ancaq qorxmağa ehtiyac yoxdur. Bu gün Azərbaycana qarşı sanksiya tətbiqi Avropa İttifaqı kimi hegemon iqtisadi-siyasi güc mərkəzinin özünə qarşı çevrilə bilər. Qarşıdan qış gəlir və bu gün Aİ-nin ciddi mənada enerjiyə ehtiyacı var. Hətta gələcəkdə bərpa olunan enerjinin də Aİ-yə verilməsi Azərbaycanla razılaşdırılıb. Aİ-nin xarici siyasət üzrə komissarı Jozep Borrell də açıq şəkildə bəyan edib ki, Azərbaycana qarşı sanksiya tətbiq oluna bilməz. Çünki bu, Avropa İttifaqının intiharı deməkdir. 

- Mümkün hərbi əməliyyatlar zamanı Azərbaycan ordusunun Zəngəzur dəhlizini nəzarətə götürüləcəyi ilə bağlı iddialar da səsləndirilir...

- Qarabağ kartı ilə bütün dünya gücləri oynayır. ABŞ, Aİ... Aclıq, “etnik təmizləmə”, “humanitar blokada” və s. Azərbaycana qarşı təzyiq mexanizmi kimi işlədilir.

Bəzi qüvvələr Ağdam-Xankəndi yolunun açılmasından narahatdır. Çünki açılacağı təqdirdə, təkcə Rusiya deyil, Azərbaycandan da bütün yüklər bu yolla Qarabağa gedəcək. Belə olan halda saxta arqumentlər avtomatik yox olur, Azərbaycana qarşı təzyiq mexanizmi dəf edilir. 

İlk növbədə, qanunsuz silahlı birləşmələr Qarabağdan çıxarılmalıdır. Çünki bu qruplaşma çıxandan sonra separatçı rejimə ehtiyac qalmayacaq. Hətta Zəngəzur dəhlizinin açılması üçün əməliyyata şərait yaranacaq. 

Qarabağda mövcud olan silahlı qruplaşma Nikol Paşinyanı satqın sayır. O, Ermənistana qayıtsa, bu Ermənistan hökuməti üçün təhlükə yaradacaq.

- Sizcə, məhz buna görə Paşinyan onların çıxarılmasını istəmir?

- Əlbəttə. Ermənistandakı “Qarabağ klanı” və erməni müxalifəti mitinqlərə 7 mindən çox adam çıxara bilməsə də, ciddi ajiotaj yarada bilirlər. Bir də 10 mindən çox Rusiyaya bağlı silahlıları düşünün. Azərbaycan onları Qarabağdan çıxarıb Ermənistana yollasa, bu, Paşinyan hakimiyyəti üçün son ola bilər. Deməli, problemin həlli, yəni açarı Qarabağdadır. Mən Zəngəzur yolunun nəzarətə alınmasının əleyhinə deyiləm. Bu, Azərbaycanın bütövləşməsi və gələcəyi üçün vacibdir. Lakin ilk növbədə, Qarabağ problemi həll olunmalıdır.

Qarabağda uzunmüddətli əməliyyatlara ehtiyac yoxdur. Azərbaycan Ordusu 2-3 saat ərzində düşməni məhv edilə bilər. Separatçılar 1 gün ərzində ağ bayraq qaldıracaqlar. Paralel şəkildə Zəngəzur yolunu açmağımıza da əngəl olmayacaq.

Bu gün sərhəd anlayışı mövcud deyil. Hazırda müzakirə predmetlərindən biri sərhədlərin delimitasiya və demarkasiyasıdır. Azərbaycan sərhədi haradan qoysa, sərhəd oradadır. Naxçıvanla Azərbaycanı ayıran əsas qüvvə Rusiya olub. Həmin torpaqları geri qaytarmaq Azərbaycanın ana südü kimi haqqıdır. Sadəcə, ciddi, qətiyyətli və sərt siyasi iradəyə ehtiyac var. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.138373