Saat:03:34
Haqqımızda

"Hər uğursuz gün Rusiyanı BÖYÜK SİYASİ TƏLATÜMLƏRƏ YAXINLAŞDIRIR"

2022-05-17 11:00:00

Ərəstun Oruclu: "Tezliklə proses dönməz fazaya daxil olacaq, görünür, elə bu səbəbdən də Qərb liderləri sülh müqaviləsinin yalnız Ukrayna qələbə qazandıqda mümkün olacağını bildirirlər"

Xaqani Cəfərli: "Putinin ən yaxın ətrafına sanksiya tətbiq edən Britaniya heç nədən ehtiyat etmədiyini və heç bir "qırmızı xətt" tanımadığını nümayiş etdirdi"

Rusiya Silahlı Qüvvələri Ukraynanın şərqində ciddi texnika və canlı qüvvə itkisi verir. Bu barədə axar.az-da yer alan informasiyaya görə, Ukrayna Baş Qərargahı bildirib ki, Rusiya tərəfi Donetsk, Luqansk və Xerson istiqamətində intensiv hücumları dayandırmır. Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko isə qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Xarkovda dövlət sərhədinin yaxınlığındadır: "Ukrayna qüvvələri həqiqətən də əks-hücuma keçib. Biz artıq sərhədin yaxınlığındayıq. Ümid edirik ki, yaxın günlərdə dövlət sərhədinə çıxmağı bacaracağıq". O əlavə edib ki, artıq Ukrayna ordusunun Xarkov istiqamətindəki əks-hücumunu dayandırmaq mümkün deyil: "Ruslar da hiss edir ki, bizim əks-hücumumuzu dayandıra bilməyəcəklər. Ona görə də xaotik şəkildə geri çəkilirlər, hücumlarımızın qarşısını almaq üçün körpüləri partladırlar". Denisenkonun sözlərinə görə, ruslar qorxurlar ki, Ukrayna ordusu onların arxasına keçə bilər, ona görə də yolu kəsməyə çalışırlar.

Onu da nəzərinizə çatdıraq ki, sensasion bəyanatla çıxış edən rusiyalı müxalifətçi Gennadi Qudkovun fikrincə, Vladimir Putinin ətrafı Rusiyanın Ukraynadakı hərbi məğlubiyyətindən sonra onu aradan götürə bilər: "Rusiya hərbi məğlubiyyətlə üzləşsə, Putin artıq maço deyil, axsaq ördək olacaq. Bu zaman elitalar onu necə uzaqlaşdıracaqlarını, aradan götürəcəklərini düşünəcəklər. Onda da putinizmin sonu olacaq". Qudkov hesab edir ki, Putinin ətrafı ona "sürprizlər" hazırlayacaq: "Düşünürəm ki, ətrafdakılar onun məğlub olduğunu başa düşsələr, o zaman Putin üçün böyük sürprizlər ola bilər. Onun xəstəliyinə görə ölümcül vəziyyətində olduğuna əmin deyiləm. İnsanlar bu yaşda müxtəlif yollarla xəstələnirlər. Amma bu, onların bir neçə il yaşamasına mane olmur".

ABŞ-ın məşhur "Newsweek" dərgisi Ukrayna generalına istinadən Putinə qarşı hərbi çevriliş olacağını yazır

Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən siyasi şərhçi Ərəstun Oruclunun sözlərinə görə, ABŞ-ın məşhur "Newsweek" dərgisi Ukrayna generalına istinadən Putinə qarşı hərbi çevriliş olacağını yazır: "Mövzu yeni deyil və bunun anonsunu Rusiya hərbçilərinin özləri "Rusiya Zabitləri Məclisinin" müharibə ərəfəsində yayılmış müraciətində vermişdilər. Arxada qalan hər uğursuz gün Rusiyanı böyük siyasi təlatümlərə yaxınlaşdırır və bu gedişlə tezliklə proses dönməz fazaya daxil olacaq. Görünür, elə bu səbəbdən də Qərb liderləri sülh müqaviləsinin yalnız Ukrayna qələbə qazandıqda mümkün olacağını bildirirlər. Bəs Rusiyanı idarə edən və hər şeyi eşidən, görən, bilən KGB-nin şinelindən çıxmış general-oğru-oliqarxlar bunu necə nəzərdən qaçıra bilərdilər? Bu sualın standart cavabı putinsayağı rejimlərin mahiyyətindən irəli gəlir. İdarə etdikləri ölkələrin bütün resurslarını nəzarətə alan rejimlər bir şeyi anlamırlar ki, puldan, hakimiyyətdən, təbii sərvətlərdən və ümumiyyətlə, bütün resurslardan daha dəyərli bir resurs da var. Həmin resurs insan şəxsiyyəti və intellektidir". Siyasi şərhçi hesab edir ki, bunu anlamadıqları üçün ətraflarına yaltaq, simasız, savadsız, ələbaxan kütləni yığıb, özlərini onların ən əvəzsiz siyasi ekspert, analitik olduğuna inandırırlar: "Belə olduqda nəticə də öncədən bəlli olur, çünki ən böyük fəlakət öz uydurduğun yalana özün inananda baş verir".

"Putin NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiyanı bu niyyətlərinə görə təhdid edərkən Boris Conson bu iki ölkəyə təhlükəsizlik zəmanəti verib"

Britaniyanın Vladimir Putinin "qırmızı xətt"ini tanımadığını vurğulayan politoloq Xaqani Cəfərli isə bildirib ki, Rusiya prezidenti NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiyanı bu niyyətlərinə görə təhdid edərkən Boris Conson bu iki ölkəyə təhlükəsizlik zəmanəti verib: "Böyük Britaniya gimnast Alina Kabayeva, Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnaya, eləcə də əmisi oğlu İqor Putin, onun övladları da daxil olmaqla, Rusiya diktatorunun ən yaxın ailə üzvlərinə sanksiya tətbiq edib. Londonun bu qərarı çox əlamətdar haldır. Çünki Putini qəzəbləndirməmə  üçün ABŞ-ın gimnast Alina Kabayevaya qarşı sanksiya tətbiq etmək istəmədiyi haqqında məlumatlar var. Hətta bir dəfə Co Baydenin gimnast Alina Kabayevaya qarşı sanksiya tətbiq edəcəyi ilə bağlı məlumat yayılsa da, sonradan Kabayevanın adının siyahıdan çıxarıldığı məlum olmuşdu. "The Wall Street Journal"ın yaydığı bir məlumatda ABŞ Milli Təhlükəsizlik Şurasının Alina Kabayevaya qarşı sanksiyaların tətbiqini qadağan etməsi iddia edilirdi. Sanksiya siyahılarını hazırlayan ABŞ Maliyyə Nazirliyinin rəsmilərindən biri "The Wall Street Journal"ın əməkdaşı ilə söhbətdə ABŞ-ın rəhbər şəxslərinin Putinin Kabayevaya görə "aqressiv" reaksiya verə biləcəyindən ehtiyat etdiyini bildirmişdi. Olimpiya çempionu gimnast Alina Kabayevanın Rusiya diktatorunun nigahdan kənar üç övladının anası olduğu söylənilir. Alina Kabayeva da daxil olmaqla, Putinin ən yaxın ətrafına sanksiya tətbiq edən Britaniya hökuməti heç nədən ehtiyat etmədiyini və heç bir "qırmızı xətt" tanımadığını nümayiş etdirdi. Alina Kabayevaya qarşı sanksiya tətbiq etməklə yanaşı, Boris Conson Rusiyanın daha bir "qırmızı xətt"ini keçib. Belə ki, Rusiya prezidenti Putin NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiyanı bu niyyətlərinə görə təhdid edərkən Boris Conson bu iki ölkəyə təhlükəsizlik zəmanəti verib".

Politoloqun qənaətincə, Boris Consonun başçılıq etdiyi Britaniya hökumətinin bu addımları çox böyük siyasi və diplomatik əhəmiyyətə malikdir: "İlk olaraq isveçli həmkarı Maqdalena Andersson ilə qarşılıqlı təhlükəsizlik zəmanəti imzalayan Boris Conson daha sonra Helsinkiyə gedərək Finlandiyanın prezidenti Sauli Niinistö ilə də anoloji saziş imzaladı. Boris Consonun başçılıq etdiyi Britaniya hökumətinin bu addımları çox böyük siyasi və diplomatik əhəmiyyətə malikdir. Britaniya hökumətinin son qərarları Rusiyaya münasibətdə heç bir "qırmızı xətt"in qalmadığının təsdiqidir".

Vazeh BƏHRAMOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR