Hər an yerə gələ bilən göydələnlərimiz – ŞAMİL YAZIR

Qardaş ölkədə olan zəlzələnin eynisini bir anlıq Bakıda düşünək… Bizə nə qədər çətin olsa da, agzımızı xeyrə açaraq düşünək.
Əlinə bir az pul gəldisə o pula, gəlmədisə borca Bakıda ev alanları, evi olanları və yaxud da on-on beş evə sahiblənmişin evində kirayə qalanları bəxtəvər sayanlar bizlər deyilmiyik?! Nazik sütunlar üstə olan hündürmərtəbəli yeni binalarda, olmayan yerdə sovetdən qalma köhnə "xruşşovka"larda yaşamaq az qala çoxumuzun arzusu deyilmi?
Başa düşmək olar ki, Bakı paytaxtdır, həyat daha rənga-rəngdir, hərəyə bir cür maraqlıdır, işləri burda olanlar da, çörəkləri burdan çıxanlar da çoxdur... Amma canımızdan ki, artıq deyil bütün bu sadaladıqlarım!
Heç olmasa kənddəki dədə-baba evlərini lazım oldu-olmadı satıb Bakıya gələnlər aldıqları yeni ocaqlarının davamlılığına zəmanət istəməməlidirlərmi, bir evi beş nəfərə satan birisindən? Tikilən hündürmərtəbəli binalardan seysmalogiya idarəsinin xəbəri olmaması, deyil zəlzələ, Badu-kubədən əskik olmayan küləyin əsməsi ilə belə yıxıla biləcəyi şübhəsi, qorxusu yaratmırmı heç kimdə?!
Kirayə verəndən sənəd-sünəd tələb etmədən nə vaxta qədər canımızı təhlükəyə atacağıq axı biz?!
Bunları deyib, oxucuları qorxutmaq fikrində deyiləm. Əsla. İmkanı olsaydı, bəlkədə bəndəniz də ağına-bozuna, sementinə-qumuna, zəlzələyə-dözümlülüyünə baxmadan, kupçasını görmədən, pulunu verib, liftinə minib qalxardı təzə evində asudə yaşamağa. Amma nə vaxta qədər?!
Az miqdarda qar, yağış yağarkən üstümüzü yuyan suyun, bekar vaxtında evimizin altını yumadığı, silib-süpürüb dənizə tökmədiyi nə məlum? Bəlkə ondandır ki, hər il Xəzərin içindən naməlum adalar çıxır? Sağı-solu neçə dəfələrlə sürüşən şəhərin, ortasının sürüşməyəcəyi bəs kimə məlum? Ölkədə bu qədər rüşvətxor varikən, bu qədər evləri bizə kirayə verib özləri villalarında qalarkən, bütün bu sadaladıqlarıma göz yuma biləcəkləri isə hamıya məlum olduğu halda.
Allah qorusun, bir zəlzələ olarsa, evdən çıxa bilsək belə, dar küçələrlə hara qədər gedə biləcəyimiz də bir başqa məchul!
O üzdən nə qədər gec deyil, bu günlərdə türk millətinin başına gələn dəhşətli facidən dərs çıxaraq hamımız, belə böyük taleh yüklü məsələyə gözucu yanaşmayaq, yorğanın altından çıxıb bir az da iş görək, başqa yatanları da ayağa qaldıraq. Yoxsa Allah eləməmiş, uçan evin altından sag çıxa bilsək əgər bizə şirin olan bu yorğan-döşəyə möhtac qalarıq bir gün.
Dediklərim fərziyədən başqa bir şey deyilsə, nə yaxşı. Yox, həqiqətdirsə, o zaman xalqımızın az qala yarısının Bakıda yaşadıgını düşünək.
Bir anlıq düşünək.
ŞAMİL
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya