Həmkəndliləri tərəfindən iki dəfə döyülərək xəstəxanalıq edilib, polis şikayətinə baxmır - İDDİA / FOTO

Tərtər rayon sakini Kərimov Murad Zahid oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, həmkəndliləri tərəfindən iki dəfə döyülərək xəstəxanalıq edilib, polis işinə baxmır:
“Mən, Kərimov Murad Zahid oğlu, yazaraq bildirirəm ki, ailəliyəm, iki azyaşlı uşağım var. Heç yerdə işləmirəm, təsərrüfatla məşğulam. Təsərrüfatıma dəfələrlə ziyan vuran şəxsləri oğurluq etdikləri vaxt tutmuşam. Qrup şəklində belə dələduzluqlarla məşğul olurlar. Onlar məni döyərək, ağır vəziyyətə salıblar. Məni bu vəziyyətə salanlar həmkəndlim Mirpaşa, əmisi oğlu, bacısı və həyat yoldaşı olub.
Tərtər Rayon Mərkəzi Xəstəxanasında 5 gün müalicə almışam. Daha sonra isə evdə müalicəmi davam etdirmişəm. Səhhətim biraz düzələndən sonra, təsərrüfatıma baş çəkməyə getdim. Məni döyən, ağır xəsarət yetirən şəxslər məni görüb yenidən hücüm etdilər. Əllərində olan dəmir alətlərlə xəsarət yetirdilər. Həmkəndlim tərəfindən yenidən Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırıldım.
Mənə ağır xəsarət vuran şəxslər haqqında polis tərəfindən heç bir tədbir görülmür. Hazırda səhhətim çox pisdir. 2 azyaşlı uşağım evdə ac qalıb, səhhətimlə bağlı işimlə məşğul ola bilmirəm.
Tərtər Rayon Mərkəzi Xəstəxanası da məni qəbul etmir, deyirlər ki, heç nəyin yoxdur. Halbuki, Bakı şəhərində yerləşən özəl klinikada baş-beyin travaması, sinirlərin pozulması və dərialtı qan sızması aşkarlanmışdır. Hazırda da təzyiqim düşmür.
Kimə tapşırıblar, nə ediblərsə, xəstəxana da, polis də işimə baxmır".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə məlumat verilib.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
