“Həmin vaxt Allahın möcüzəsi oldu, mən gözəgörünməz oldum” - AQİL BABAYEVİN MƏHKƏMƏSİNDƏ ŞOK İFADƏLƏR SƏSLƏNDİ

“ŞaurmaN1” restoranının şəriki, "12-ci İmam Mehdi" adı altında həbs olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.
Hurriyyet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən qapalı məhkəmə prosesində “zərərçəkmiş” şəxslər qismində Rövşən Kavə, Elnur Qarayev və Rauf Qarayev dindiriliblər.
Rövşən Kavə ifadəsində A.Babayevə Qurandan ayələr gətirdiyinə görə inandığını və itaət etdiyini bildirib: “Həmin vaxtdan etibarən onun “12-ci İmam Mehdi” olduğunu qəbul etdim”.
O, ifadəsində A.Babayevin 2014-cü ildən zəkat yığdığını qeyd edib. Özünün isə 2006-ci ildən 2017-ci ilə kimi Aqil Babayevə təxminən 12 min manat zəkat verdiyini iddia edib.
Onu da etiraf edib ki, 2017-ci ildə Aqil Babayev onu yanından uzaqlaşdırıb: “Uzaqlaşdıran zaman mənə məsləhət verdi ki, oğlanların Şeyx və İsanın - şeyxlərin qulluğunda olarsan”.
Deyib ki, A.Babayevin onu yanından uzaqlaşdırmasının əsas səbəbi başıbağlı qadınlara söyməsi olub: “Aqil Babayev 2014-2017-ci illər ərzində hər ay 4 ədəd konvert verirdi. Hər birinin içində 200 manat pul olurdu. Həmin pulları ehtiyacı olanlara paylayırdım. Günlərin birində 4 nəfər qadının yanında oturmuşdum. Bu vaxt qadınlar özlərini “İmam” üçün hazırlayırdılar. Onların danışıqlarını eşitdim və əsəbləşib həmin qadınları təhqir etdim. Bu etdiyim hərəkət Aqilin xoşuna gəlməmişdi və bu söhbətdən sonra məni yanından uzaqlaşdırdı”.
Vəkil sual verib ki, sizin kimi cüssəli, iri görünüşlü bir şəxsi 4 qadın necə görmədi? İfadə verən şəxs qeyd edib: “Həmin zaman Allahın möcüzəsi oldu, mən gözəgörünməz olmuşdum”.
Digər “zərərçəkən” Elnur Qarayev isə ifadəsində 2001-ci ildən namaz qıldığını, 2002-ci ildən Aqil Babayevi tanıdığını qeyd edib. O deyib ki, A.Babayevə “dahi, dini savadı yüksək səviyyədə olduğuna görə” inanıb və itayət etməyə başlayıb.
“Zərərçəkən” A.Babayevə “12-ci İmam Mehdi” kimi inanmasının səbəblərinə də aydınlıq gətirib. Dediyinə görə, məclislərin birində Aqil Babayevin onu kənara çəkərək, “12 İmam” olduğunu bildirib. Onu da qeyd edib ki, İncil, Quran və Tövratdan verdiyi suallara yüksək səviyyədə cavab verdiyi üçün Aqil Babayevə inanmağa başlayıb.
Elnur Qarayev 2004-cü ilə qədər Aqil Babayevi öz şəxsi “07” markalı maşını ilə gəzdirdiyini və 2007-ci ildən 2021-ci ilə qədər ona cəmi 8600 manat zəkat verdiyini bildirib.
A.Babayev E.Qarayevin yalan ifadə verdiyini deyib. O bildirib ki, vəkillərin sorğusu ilə DYP-dən alınmış sənədlərdən də göründüyü kimi, 2000-ci ildən 2021-ci ilə qədər onun adına 150 dən çox nəqliyyat vasitəsi olub. Bu baxımdan, onun ifadəsində səsləndirdiyi nəqliyyat vasitəsinə ehtiyacı olmayıb.
Rauf Qarayev isə ifadəsində qeyd edib ki, Aqili Babayevi 2018-ci ildən tanıyıb. Deyib ki, 9-cu sinifdən namaz qılıb, oruc tutub və 2015-ci ildən 2020-ci ilə qədar A.Babayevə cəmi 21 000 manat zəkat verib.
O, Aqilə “İmam Mehdi” kimi inanmasının səbəblərinə də aydınlıq gətirib: “Aqil Babayev dini kitabları mükəmməl şəkildə bilirdi. Ağıllı məsləhətlər verdiyi üçün onun “12-ci İmam” olduğuna inanmışdım”.
Xatırladaq ki, Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub. Onu “12 İmam” adı altında həbs ediblər.
Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
A.Babayev “İmam Mehdi” ittihamını qəbul etmir. O, “Shaurma N1”in şəriklərindən biri olduğunu, əmlakını, pulunu əlindən almaq üçün bu məsələnin ortaya atıldığını deyir.
Aqil Babayev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.
Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Qeyd edək ki, “zərərçəkənlər”in ifadəsindən sonra məhkəmə 1 mart tarixinə salınıb.
Jalə FAMİLQIZI
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya