Saat:15:51
Haqqımızda

“Həmin plana əsasən Rusiya “sülhməramlı”ları Goranboya yerləşdirilməli idi...”

2021-10-19 16:56:00

“Həmin plana əsasən Rusiya “sülhməramlı”ları  Goranboya yerləşdirilməli idi...”

“Düşmən ordusunun Seysulanı, nəyin bahasına olursa-olsun, qoruyub saxlaması da məhz bu məqsədə xidmət edirdi...”

“Hesab edirəm ki, Tərtər rayonunun Qapanlı kəndinin heç bir hüquqi və hərbi əsas olmadan Rusiya kontingentinin məsuliyyət zonasına daxil edilməsi təsadüfi olmayıb. Həmin kəndlə eyni rayonun düşmən işğalı altında qalan Seysulan kəndi istər 1-ci Qarabağ müharibəsi, yəni 1990-cı illərdə, istər 2016-cı ilin Aprel döyüşləri, istərsə də 44 günlük  II Qarabağ savaşı dönəmində həm Azərbaycan, həm də düşmənlərimiz üçün kifayət qədər strateji əhəmiyyət kəsb edib. Çünki Tərtər şəhərinin işğalı Ermənistan və Rusiya üçün prioritet məsələlərdən biri olub”. 

Bu fikirləri keçmiş təhlükəsizlik əməkdaşı Ərəstun Oruclu  Moderator.az-ın  “Sizcə, Tərtər rayonunun Qapanlı kəndinin 2020-ci il sentyabrın 26-dən oktyabrın 1-dək, yəni 5 gün ərzində Rusiya “sülhməramlı”larının xəritəsində onların məsuliyyət zonasına salınması ilə həmin kəndlə üzbəüz ermənilər yaşayan və həmin kəndi 30 ilə yaxın atəş altında saxlayan Seysulan kəndinin 1994-cü ildən bəri, o cümlədən Aprel döyüşlərində və 44 günlük II Qarabağ savaşında azad oluna bilməməsi(!) arasında əlaqə varmı? Burada Rusiya kəşfiyyatının, “QRU”-nun hansısa  izləri olubmu?” sualını cavablandırarkən söyləyib.

Düşmən ordusunun Seysulanı Tərtərə girmək üçün strateji baxımdan əlverişli mövqe kimi, nəyin bahasına olursa-olsun, qoruyub saxlaması da məhz bu məqsədə xidmət edirdi ki,  gələcək müharibədə Tərtəri zəbt etmək asanlaşsın(Hamı bilirdi ki, gec-tez müharibə olacaq). Ona görə ki, mediada və digər çıxışlarımda dəfələrlə söylədiyim kimi, Tərtərin işğalı neft-qaz kəmərlərinin keçdiyi Gəncə dəhlizinə, Bakı-Yevlax-Gəncə-Qazax yoluna nəzarət məsələsini həll etmək idi. Həmin plana görə, Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingenti Laçına yox, Goranboya yerləşdirilməli idi”-  Ə.Oruclu belə deyib.

 “Ümumiyyətlə, Tərtərin Qarabağ uğrundakı bütün müharibələrdə belə başıbəlalı olması, quru qoşunları və artilleriya, raket hücumlarına daha çox məruz qalmasının səbəbi onun strateji mövqeyidir. Çünki Ermənistan üçün Gəncə dəhlizinə çıxış iki yerdəndir: Tərtər və Tovuzdan. Tovuzdan çıxış düşmən üçün qeyri-mümkündür, sərfəli deyil. Çünki bu halda Ermənistan  dövlət sərhədimizi pozmaqla Azərbaycanla bilavasitə özü genişmiqyaslı hərbi əməliyyatlar aparmalıdır.  Tərtəri isə işğal etmək adları çəkilən hər üç dövrdə ermənilərə Azərbaycan ordusunun qəhrəmanlıqla vuruşması, şəhid və qazilərimizin canı və qanı  sayəsində müəssər olmamışdı. Əksinə,  Aprel döyüşlərində igid döyüşçülərimiz  Rusiya və erməni kəşfiyyatının  bütün təxrubatlarına rəğmən düşmənin ən güclü istehkamlarını dəf edərək Talış istiqamətində düşmənin bir sıra mövqelərini işğaldan azad etmişdi. Bunun da cavabı Rusiya kəşfiyyatının. “QRU”-nun müəllifliyi və təşkilatçılığı ilə həmin istiqamətdə öndə vuruşmuş ən qəhrəman döyüşçülərimizə qondarma və saxta “xəyanət” ittihamlarıyla divan tutulması oldu. İctimaiyyətə bu günədək müəmmalı qalan həmin olaylar məhz ordumuzun Tərtərin işğalına imkan verməməsinin cavabı idi. Və “QRU” bu təxrubatı öz  casus və agentura şəbəkəsinin, yüksək vəzifələrə yerləşdirdiyi  Nəcməddin Sadıqovun, onun bacısı oğlu Ramil Əsgərovun və digər çoxsaylı agent və casuslarının əli ilə həyata keçiribdir. Bir sözlə, istər 2016 və 2020-ci illərdə Seysulanın işğaldan azad edilməməsi, istər 2017-ci ilin mayında Tərtərdə baş verənlər, istərsə də 44 günlük savaş zamanı Ağdərə istiqamətində daha uğurlu hücumlarımızın qarşısını əngəlləmək üçün törədilmiş xəyanət və təxribatlar – hamısı eyni mərkəzdən idarə olunan proses idi”- deyə keçmiş təhlükəsizlik əməkdaşı vurğulayıb.

Moderator.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR