Saat:23:10
Haqqımızda

“Helikopter faciəsi Rusiyanın təxribatıdırsa...”

2021-12-07 13:07:00

“Helikopter faciəsi Rusiyanın təxribatıdırsa...”

ADP bu haqda iddialar öz təsdiqini tapacağı halda, hakimiyyəti Moskva ilə hərbi silah sazişlərinə son qoymağa çağırıb

Dünən ADP İdarə Heyətinin ölkə gündəminin müzakirəsinə dair növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə ötən həftə hərbi təlimlər zamanı baş vermiş helikopter qəzasında həlak olan hərbiçilərimizin doğmalarına dərin hüznlə başsağlığı ünvanlayıb və şəhidlərimizə Allahdan rəhmət diləyib.

Eyni zamanda qəzadan bir neçə gün keçməsinə baxmayaraq, hələ də baş verən hadisənin hansı səbəbdən meydana gəlməsinə aydınlıq gətirilməməsindən, rəsmi qurumların bu qəzanın texniki və ya təxribat xarakterli olması ilə bağlı dəlillərin ortaya qoyulmamasından narahat olduğunu bildirən partiya yetkililəri hakimiyyət orqanlarını baş vermiş qəzanın səbəblərinin bütün incəlikləri ilə araşdırıb, xalqımıza ətraflı, dürüst məlumat verilməsini, günahkarların müəyyən edilərək məsuliyyətə cəlb olunmasını tələb edib və bu hadisənin kökündə Rusiya ilə bağlı təxribatların təsdiqi tapacağı halda, adıçəkilən ölkə ilə hərbi silah sazişlərinə son qoymağa çağırıb.

İdarə Heyəti tanınmış müxalifət lideri, Qarabağ qazisi Tofiq Yaqublunun aksiya zamanı saxlanılaraq polis bölməsinə aparılması, sonradan onun ən ağır formada işgəncələrə məruz qoyulması faktını, ölkə prezidentinin Brüssel görüşü ərəfəsində Azərbaycanın imicinə vurulan zərbə kimi dəyərləndirib və hakimiyyəti bu cinayət işində əli olan şəxslər barədə ən ciddi tədbirlər görməyə çağırıb.

İdarə Heyəti eyni zamanda Qarabağ qazisi, keçmiş hakimiyyət təmsilçisi Saleh Rüstəmlinin həbsxana şəraitində ölüm aclığına başlamasına baxmayaraq, onun taleyinə biganə yanaşılmasından bir daha narahatçılığını bildirib və ölkə başçısını S.Rütəmlinin Vətən qarşısında xidmətlərini, birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda fədakarlıqla döyüşməsini nəzərə alaraq humanistlik göstərməklə onu əvf etməyə çağırıb.

İdarə Heyəti bir sıra dövlət və özəl tibb müəssələrində vətəndaşlara tibbi sığorta qaydasında xidmət göstərməkdən imtina ilə bağlı çoxlu şikayətlərin daxil olduğunu diqqətə çatdırıb və Səhiyyə Nazirliyini bu məsələlərə aydınlıq gətirməyə, baş verən qanun pozuntuları ilə bağlı araşdırmalar aparıb müvafiq tədbirlər görməyə çağırıb.

İdarə Heyəti Avropanın 47 ölkəsinin Xarici İşlər nazirlərinin Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin edilməsi ilə bağlı çağırışlarına münasibət bildirib və bu çağırışların öbyektiv gerçəkliyi düzgün əks etdirdiyini qeyd edib. Partiya yetkililəri hakimiyyəti bu çağrışlara adekvat reaksiya verməyə, ölkədə sərbəst toplaşmaq azadlığının, bütövlükdə insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində ciddi addımlar atmağa, beynəlxalq öhdəliklərdən irəli gələn tələbləri vicdanla yerinə yetirməyə çağırıb.

 

Hazırladı: KƏNAN

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR