Həkimlərdən yeni “Omikron” xəbərdarlıqları

2022-01-15 10:36:00

Həkimlərdən yeni “Omikron” xəbərdarlıqları

“Çox yoluxucudur, amma panikaya da əsas yox...”

Koronavirusun “Omikron” ştamı ölkəmizdə aşkarlandıqdan sonra yoluxma sayı da artmağa başlayıb. Belə ki, yazını hazırladığımız zaman bəlli olan statistik göstəricilərə görə COVID-19 infeksiyasına 674 yeni yoluxma faktı qeydə alınıb 509 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

“Omikron”un gəlişi ilə bağlı ölkəmizdə yoluxma sayı nə qədər müddət sonra 4-rəqəmliyə çata bilər? Hazırkı 3-rəqəmli dinamika nə deyir? Ümumiyyətlə, yoluxma 4-rəqəmliyə çatmaya bilərmi?  Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb ki, “Omikron” sonuncu ştam olmaya da bilər. Bundan sonra daha neçə ştamm olacaq?

Yeri gəlmişkən, Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Təyyar Eyvazov “Omikron” ştamının simptomlarını sadalayıb: “Yeni ştamın spesifik simptomları yoxdur. Xəstəlik daha çox digər respirator virus infeksiyalarını xatırladır (əsasən subfebril hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma və ya ağrı hissi, quru öskürək, burun axması və ya tıxanması, bəzən mədə-bağırsaq əlamətləri - ürəkbulanma, qusma və s). Dad və iybilmənin itirilməsi daha az rast gəlinir. İndi ”Omickon" və “Delta” olan xəstələri ayırd etmək klinik cəhətdən demək olar ki, mümkün deyil".

Təyyar Eyvazov: Hazırda yoluxanların böyük əksəriyyəti vaksin olunmayan  şəxslərdir

Təyyar Eyvazov 

Eyvazov əlavə edib ki, “Omikron” ştammı COVID-19-un bir variantı olduğu üçün ənənəvi PCR burun-udlaq yaxma testləri virusu aşkar edir: “Lakin aşkarlanmış koronavirusun ”Omikron" ştamı olmasını daha mürəkkəb və bahalı olan sekvenləşmə metodu ilə müəyyən olunur. Yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra gücləndirici (buster) doza ilə peyvəndlənmək vacibdir. Qorunma yolları isə eynidir: maska geymək, insanların sıx toplaşdığı məkanlara getməmək, məsafə gözləmək, əl və respirator gigiyena qaydalarına ciddi əməl etmək".

Azərbaycanda “MU” ştammının yayılma təhlükəsi

Könül İsmayılova

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova mövzu ilə bağlı bunları şərh edib: “Omikron ştamından əvvəl də daha iki mutasiya barədə məlumatlar vardı, lakin, onlarla bağlı əsaslı məlumatlar olmadı. ”Omikron" daha sürətlə yayıldı, bu da öz növbəsində daha çox insanın xəstəliyə yoluxması deməkdir, dünya əhalisinin  narahatlığına səbəb olub. Hazırda əhali arasında hər zaman baş verən influenza qrip virusuna da rast gəlinir. Klinik olaraq, həm qrip, həm də koronavirus, o cümlədən “Omikron” ştammının diaqnozunu qoymaq mümkün deyil, bu simptomlar oxşardırlar, diaqnoz PCR testi əsasında fərqləndirilə bilər. “Omikron” ştammının inkubasiya dövrü daha qısadır (4 günə qədər) və ən çox baş ağrısı və yorğunluqla özünü göstərir. Bunlarla yanaşı, qızdırma, burun tutulması, əzələ ağrıları, baş  ağrısı, asqırma, öskürək kimi əlamətlər rast gəlinir. Yoluxduqdan 1-6 gün sonra PCR testləri xəstəliyi təsdiqləyib müsbət nəticə göstərə bilər".

İnfeksionistin sözlərinə görə, “Delta” ştamı ilə müqayisədə “Omikron” variantında ağır kliniki gedişat, ölüm  və hospitalizasiya halları xeyli aşağıdır: “Bir sıra ölkələr inkubasiya dövrünün qısa olmasını nəzərə alaraq karantin müddətini 7 gün olaraq müəyyən ediblər. Klinik gedişatdan asılı olaraq (müvafiq göstəricilər əsasında)  stasionar yaxud evdə müalicə təyin oluna bilər. Rəsmi beynəlxalq səhiyyə qurumlarının məlumatına əsasən, bəzi ölkələr hətta 4 ay sonra buster doza almağı tövsiyə edirlər”.

Mərdan Əliyev həm peşəkar, qayğıkeş və səmimi insan » Qanun və Hədəf

Mərdan Əliyev 

Həkim-infeksionist Mərdan Əliyev də bildirib ki, bundan sonra yoluxmada müəyyən qədər artım gözləməliyik: “Çox böyük ehtimalla artım hələ olacaq. Təbii ki, bundan sonra əks epidemik tədbirlərə, profilaktik qaydalara, karantin qaydalarına və şəxsi gigiyena qaydalarına mütləq şəkildə riayət etməliyik. Maskanın taxılmasına daha ciddi əməl olunmalıdır. Bir qədər bu qaydaları gücləndirməliyik, həm fərdi şəkildə, həm də ümumi dövlət tərəfindən nəzarət bir qədər artırılmalıdır. Xüsusən, hər kəs ciddi şəkildə maska taxmalıdır. Toplum yerlərə getməmək lazımdır. Əgər belə olsa, yoluxma sayında nisbətən daha az artım qeyd edilə bilər. Amma panika yaratmağa ehtiyac yoxdur. Çünki bu, ”Delta" ştamından xeyli dərəcədə yüngül keçir. Ağırlaşma ehtimalı olmur və qripə oxşardır. Təbii ki, koronavirus kimi gedişata malikdir. Qripdən fərqli olaraq koronavirusa oxşar kliniki gedişatı var".

“Yeni Müsavat”