Saat:12:42
Haqqımızda

Həkim-dermatoveneroloq: “Suluqlu yara soyulur, dəri müqaviməti azalır və insan ölür” - MÜSAHİBƏ

2022-06-25 10:57:00

Həkim-dermatoveneroloq: “Suluqlu yara soyulur, dəri müqaviməti azalır və insan ölür” - MÜSAHİBƏ

Mövsümdən asılı olaraq bir sıra xəstəliklər var ki, bir anda oyanır. Bunlar arasında infeksion xəstəliklər üstünlük təşkil etsə də, dəri xəstəlikləri də az deyil.

Bəs özümüzü bu dəri xəstəliklərindən necə qorumalıyıq? Hansı dəri xəstəlikləri bu gün daha çox yayılıb? Çimərlikdə, dəniz suyundan virus mənşəli dəri xəstəlikləri tuta bilərikmi? Hansı dəri xəstəlikləri bizi öldürə bilər?

Hurriyyet.az Oxu.Az-a istinadən Bakı Dəmiryol Xəstəxanasının poliklinika şöbəsinin müdiri, həkim-dermatoveneroloq Aqşin Kəngərli ilə müsahibəni təqdim edir:

- Doktor, dəniz mövsümü ilə bağlı ehtiyat edilməli xəstəliklər hansılardır?

- Dəniz mövsümü yaxınlaşana qədər aidiyyəti üzrə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən monitorinqlər həyata keçirilib. Dəniz suyunun yararlılıq vəziyyəti ölçülüb və rəy verilib. Bir sıra çimərliklər də açılıb və istifadəyə verilib.

Söhbət infeksion xəstəliklərdən gedirsə, bunlar insandan insana təmas vasitəsilə - eyni əşyalardan istifadə edilərsə, keçə bilər. Dəri xəstəlikləri arasında da belələri var. Biz el arasında buna qoturluq xəstəliyi deyirik, hansı ki insana gənə vasitəsilə keçir. Bir də göbələk xəstəliyini deyə bilərik. Çünki göbələk istini, nəmişliyi sevir və yay mövsümü buna daha çox uyğundur.

- Son vaxtlar bu xəstəliklərdə artım müşahidə edilirmi?

- Daha əvvəl, 1990-cı illərdə bu xəstəlik çox müşahidə edilirdi. Bunu da onunla əlaqələndirirlər ki, müharibə dövründə miqrasiya məsələləri, əsgərlərin gediş-gəlişi və s. bunun müəyyən mənada inkişafına təkan verdi. Lakin son dövrlərdə qoturluq xəstəliyinin gənə vasitəsilə yoluxması artıb. Hazırda həmin xəstəliyin əvvəlki dərəcədə olmasa da, müəyyən mənada artması müşahidə edilir.

O ki qaldı digər infeksion xəstəliklərə, sözsüz ki, göbələk xəstəliklərindən ən çox saç köklərində yarananlar yayılır. Bu da ən çox heyvandan insana, daha sonra da insandan insana keçə bilir.  Daha çox uşaqlar arasında bağçalarda, düşərgələrdə geniş yayılır.

- Bəs həşərat dişləməsi nəticəsində hansı xəstəliklər yarana bilər?

- Həşəratlar müxtəlif olur. Onlar arasında hamının şikayətləndiyi ağcaqanadlar daha “sülhsevər”dir demək olar (gülür). Lakin birənin dişləməsi çox ciddi fəsadlar verə bilər. Birə insan bədənində yaşamır. Onların yaşaması üçün ən münbit yer it və pişiklərin, siçovulların xəzidir.

Birələr bir deyil, bir neçə yerdən xətvari dişləyir. Bu, çox təhlükəlidir. Sübut olunub ki, birə bir metrdən çox hündürlüyə tullana bilir. Birə dişləməsinin fəsadları çox olur. Qaşınmalar o qədər kəskin olur ki, dəri tamlığı pozulur. Bu zaman da infeksiya düşmə ehtimalı artır. Dərinin ən üst qatında qoruyucu təbəqə var. Biz o təbəqəni pozduqda infeksiya dərinin daha dərin qatına düşür və irinli xəstəlik meydana gəlir.

Düzdür, indi bu dərəcədə dəhşətli fəsadlara çox rast gəlinmir, lakin keçmişdə birə vəbanın törədicisi kimi tanınırdı. Çuma (taun), vəba xəstəlikləri çöl siçanlarında olurdu. Bu xəstəlik keçmişdə pandemik vəziyyət almış və xeyli insanın ölümünə səbəb olmuşdu. 

- Dəri-zöhrəvi xəstəliklər arasında ən təhlükəliləri necə, indi çox rast gəlinir?

- Bilirsiniz, bu xəstəliklər müxtəlifdir. Sifilis və digər xəstəliklərdir ki, çox olmasa da, müşahidə edilir. Təəssüf ki, bu xəstəliklər günümüzdə gizli xarakter daşıyır. Belə ki, xəstəliyin gec aşkarlanması, vaxtında düzgün həkimə müraciət edilməməsi və yanlış müalicə bu xəstəliyi daha da təhlükəli edir. Kimin bədənində qaşınma olur, həkimə getmək yerinə qonşuya, ya da həkim-allerqoloqa müraciət edir.

Təəssüf ki, bu gün qaşınana da sistem qoşurlar, asqırana da, öskürənə də. Sistem bizdə nəzarətsiz qalan müalicə metodudur. Düzdür, tərkibi fizioloji məhluldur, lakin bunu da hər dəfə təyin etməzlər. Onun da gərəksiz təyinatı orqanizmdə müəyyən çətinliklər yarada bilər.

- Dəri xəstəlikləri kişilərdə, yoxsa qadınlarda daha çox müşahidə edilir?

- Bu, əsasən peşə xəstəlikləridir. Deməzdim ki, qadın və kişilər arasında dəri xəstəliklərində hər-hansı ciddi fərq var. Kişilərdə peşə xəstəliklərinə dermatitləri aid edirik. Qadınlarda rast gəlinən dəri xəstəliklərinin çoxu isə “gözəllik qurban tələb edir” fikrindən irəli gəlir. Gərəksiz yerə çoxsaylı kosmetoloji prosedurlar edilir. Çox zaman kimyəvi maddələr olduğundan dəridə fəsadlar yaradır, çürümələrə səbəb olur. Dəfələrlə biz öz praktikamızda da bunun şahidi olmuşuq.

Dəriyə yad cisim yeritmək olmaz. Tibdə qəbul olunan bir keçid dövrü var. Bu, xanımlarda və kişilərdə müəyyən səpkilərlə müşahidə edilir. Bunu çox böyütməyə əsas yoxdur. Təəssüf ki, kosmetoloqlar arasında savadlı kadrlardan çox, savadsız şəxslər var. Altı aylıq kurslar keçib sertifikatlar almaqla bu sahədə fəaliyyət göstərmək, insanlarla işləmək olmaz.

Adi son dövrlərdə tez-tez rastlaşdığımız tatuaj edilmiş qaşlar və onların silinməsi prosesi. Bu zaman dəridə o qədər dərin çapıq qalır ki, heç bir müalicə ilə onun tamlığı bərpa olunmur. Bu isə dəridə deformasiyalara gətirib çıxarır.

Bir də qadınların daha çox diqqət etməli olduğu virus mənşəli infeksion xəstəliklər var ki, gələcəkdə onların övlad sahibi olmasına ciddi maneə yarada bilər. Ya da hamiləlik dövründə düşük yaşanmasına səbəb ola bilər. Qadın məsləhətxanasında hamiləlik dövrü ərzində yeddi profilaktik müayinə var. Bu müayinələr zamanı hər-hansı xəstəliklərin olub-olmaması müəyyən edilir. Qadınlar bu müayinələrdən mütləq keçməlidirlər ki, vaxtında hansısa xəstəlik varsa, aşkarlansın və xəstəliyin ağırlaşmaması üçün qabaqlayıcı tədbirlər görülsün.

- Apteklərdə çalışan əczaçılar bəzən həkimlərdən çox xəstə “qəbul” edirlər. Sizcə, insanlar nə üçün onlara bu qədər etibar edirlər?

- Bu, çox təhlükəli və ciddi məqamdır. Həqiqətən, insanlar həyatlarını riskə atdıqlarının fərqində deyillər. Əczaçıdan əlavə, günümüzdə insanlar özləri-özlərinə diaqnoz qoyurlar, aptekə reseptsiz yaxınlaşıb əczaçıdan allergiya üçün, mədə-bağırsaq üçün “ən yaxşı dərman” verməsini istəyirlər. Əczaçının isə “ən yaxşı dərman”ı firmaların ən zəif satılan dərmanlarıdır. O da onları təklif edir. Reseptsiz satılan dərmanlar var, bu, o demək deyil ki, hər kəs öz ağlına görə nə istəyirsə, alıb qəbul etsin. Bu, doğru deyil.

Daha sonra ağırlaşmış formada həkimlərə müraciət edirlər, günahkar da olur həkim. Həm canı gedir, həm pulu gedir.  Bu gün Bakıda ən azı 200 min aptek var və hərəsində də ən azı iki işçi çalışır. Tibb Universiteti isə il ərzində təxminən 25 ali təhsilli əczaçı buraxır, tibb texnikumları maksimum 100 nəfər təhsilli işçi yetişdirir. Bəs onda bu rəqəmlər niyə bu qədər fərqlidir? Çünki aptekdə çalışanların əksəriyyəti dərmanların tərkibini, molekullarını belə, bilməyən adi satıcılardır. Farmakoloji təhsili olmayan şəxslər bu gün aptekə müraciət edən insanlara istənilən dərmanı təklif edirlər. Hər bir dərmanın yanaşı və əks-təsiri olur. Orqanizm individualdır. Nəinki dərmanlar, eləcə də qidalar da insanlara mənfi təsir edə bilər. Bu məsələyə geniş yer ayrılmalıdır. Yoxlamalar aparılmalıdır, ali təhsili olmayan işçi götürmək olmaz.

- Həyati təhlükəsi olan dəri xəstəlikləri çoxmu yayılıb? Onlar hansılardır?

- Bəli, var. Pemfiqus xəstəliyi (elmi adı “pemphigus”) dərinin iltihabi autoimmun xroniki xəstəliyidir. Onun mənşəyi bilinmir. Birdən-birə insanın immun sistemi onu qorumaq əvəzinə, məhv etməyə yönəlir. Buna tibdə autoaqressiya deyilir ki, bu, çox uzun və əzablı müalicə periodu tələb edir. Bu xəstəliyə yoluxanlar əksər hallarda ölürlər. İnsan yarımşikəst formada yaşayır. Şəxsi təcrübəmdə bu xəstəliklə rastlaşmışam. O xəstələr diaqnoz qoyulduqdan sonra iki-beş il arasında ölürlər.

- Xəstəlik özünü necə büruzə verir?

- Dəridə, selikli qişalarda suluqlar əmələ gəlir. Dəri soyulur və müqaviməti azalmağa başlayır. Dəri soyulur, lakin bərpa olunmur. Paralel olaraq orqanizmdə, daxili orqanlarda da müəyyən dəyişikliklər gedir.  

- Üzə düşmüş gənələrlə bağlı aktiv müalicə metodları hansılardır?

- Müxtəlif gənələr var, lakin üzdə olan gənələrin başqalarına yoluxma ehtimalı çox azdır. Hər birimizin bədənində, dərisinin üzərində müxtəlif növ çoxsaylı mikroblar var. Lakin bu bizə təsir etmir, çünki dərinin qoruyucu qatı var. Ona görə həmin nahiyələrdə olan gənələr rahat şəkildə var ola bilirlər. Lakin yağlı yerlərdə gənələr daha çox artır. Ümumiyyətlə, dəridə gənələr piy vəzilərindən qidalanırlar. Çoxalma zamanı gənələr kirpiklərə də keçə bilirlər.

Bu zaman müəyyən dərmanlar var ki, orqanizmdə piy vəzilərinin funksiyasını ya azaldır, ya çoxaldır. Ümumi mənada desək, korreksiya edir.

- Bəzən qadınlar şikayətlənirlər ki, bijuteriya alanda onun keyfiyyətli olub-olmadığını bilmək mümkün olmur, bu da bir sıra dəri xəstəlikləri yaradır.

- Buna kontakt dermatitlər deyirik. Belə dəri xəstəlikləri çoxdur. Ümumiyyətlə, bu, dərinin həssaslığından asılıdır. Adi gicitkən, əncir yarpağı belə, dəridə qaşınmalara, qızartılara səbəb ola bilər. Keyfiyyətsiz, ucuz bijuteriyalar, xüsusilə də nikeldən düzəldilən əşyalar dəridə ağır fəsadlara yol aça bilər.

Əvvəllər nənələrimiz yalnız qızıl və gümüş zinət əşyalarından istifadə edirdilər. Bunlar daha münasibdir.

- İsti havada insanlar tez-tez yuyunurlar. Bəzən bunun da dərinin aşınmasına səbəb olduğu deyilir. Belə bir durum dəridə hansı fəsadlara yol açır?

- Çox doğru məqama toxundunuz, isti havalarda tez-tez duş almaq təmizlikdən çox, dəriyə ziyan vurmaq deməkdir. Gün ərzində dəfələrlə duş qəbulu, sabunla çimmək məsləhət görülmür. Sabun dərinin qoruyucu piy təbəqələrini aşındırır. Bu zaman dəri qurumağa başlayır və gün şüalarından, quruluqdan dəridə çatlar yaranır.

Hər gün və ya gündə bir neçə dəfə çimmək, dərini kisə ilə sürtmək, sabunlanmaq lazım deyil.

- Ümumiyyətlə, dəriyə kisə vurmaq ziyandır deyirlər, bu nə dərəcədə doğrudur?

- Dəridən-dəriyə çox fərq var. Həssas dəri üçün məsləhət görülmür. Amma ümumiyyətlə insanlar qollarına güc verib dərini amansızca sürtürlər. Buna gərək yoxdur. Dərinin epitel qatı var, zamanla o, onsuz da, soyulur. Saç da gün ərzində 10-20 tel tökülür. Bu, yenilənmə prosesidir. Dərinin epitel qatı soyulur və dəri özünü yeniləyir. Kisə ilə həftədə bir dəfə dərini sürtmək həmin epitel qatının soyulmasına təkan verməkdir.

- Günəş yanığı və ləkələr yay mövsümündə tez-tez edilən şikayətlərdəndir. Bəs bundan çıxış yolu?

- Günəş dərini yandıranda hiss olunur. Lakin “günəş ləkəsi” deyilən bir anlayış yoxdur. Tibdə bu, xəstəlikdir və kəpəklənən dəmrov deyirlər. O, ala ləkələrdən ibarət olur. Dəniz suyundan da yaranır. Daha çox yaz-yay fəsillərində olan kəpəklənən dəmrov və göbələk xəstəlikləri dəridə rəng piqmentinin itməsinə gətirib çıxarır. Məsələn, sizin dərinizin rəngi tünddürsə, xəstəlik sizin bədəninizdə ağ rəngli ləkələrlə müşahidə ediləcək. Yox, ağbənizsinizsə, dəridə qara ləkələr yaranacaq.

- Son vaxtlar meymunçiçəyi infeksiyası ajiotaj yaradıb. Ölkədə müşahidə edilməsə də, suçiçəyinə bənzərliyi və daha əvvəl ölkədə mövcud olması hamını qorxudur. Bu xəstəlik hansı dəri xəstəliyi ilə eyni simptomları daşıyır?

- Hələ Azərbaycanda meymunçiçəyi xəstəliyi aşkarlanmayıb. İnsanlar panikaya düşürlər. Belə olmaz. Bəzən bədəndə səpkilər yaranan kimi şəkil çəkib atırlar ki, nə edim? Biz insanlara izah etməyə çalışırıq ki, bədəndə müxtəlif cür səpkilər ola bilər və bu 10 cür xəstəliyin simptomu kimi qiymətləndirilə bilər. Bunu şəkil üzərindən baxaraq müəyyən etmək olmaz. Dəri xəstəlikləri elədir ki, həkim mütləq xəstəni görməlidir.

İnsanlar və bəzi həkimlər hər suluqlu yaranı panikaya düşüb meymunçiçəyi kimi qiymətləndirə bilərlər. Lakin bu, doğru deyil. Ölkədə Səhiyyə Nazirliyi var, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi var. Onlar dayanmadan çalışırlar.

Koronavirus pandemiyası zamanı hər qızdırma qalxanda, hər öskürəkdə insanlar təcili tibbi yardıma müraciət edirdilər. Bu zaman təcili tibbi yardım briqadaları çağırışlara çatmaqda da çətinlik çəkirdilər. Təyinata görə sözügedən simptomlara üstünlük verilir və həmin çağırışlar önə çəkilirdi, lakin həkim ünvana çatanda çağırışın sadəcə panikadan qaynaqlandığı və əsassız olduğu ortaya çıxırdı. Odur ki, əhalinin maksimum təmkinli olması məsləhət görülür.

- Meymunçiçəyinin simptomlarına bənzər dəri xəstəlikləri varsa, onları necə ayırmaq olar?

- Susiçəçəyi ilə meymunçiçəyi simptomlar baxımından eynidir. Hər ikisi suluqlu yaralarla müşahidə edilir. Lakin suçiçəyini törədən virus ayrıdır, meymunçiçəyinin yaradıcısı olan virus tam ayrı. Ondan başqa, kəmərləyici dəmrov, sadə dəmrov və s. xəstəliklər var ki, onlar da suluqlu yaralarla müşahidə edilir.

- Bütün dəri xəstəlikləri təmasla keçir, yoxsa necə?

- Bu məsələ daha çox nəzəriyyə formasındadır. Çox yayılmış pullu dəmrov xəstəliyi var. Bunun beş-altı nəzəriyyəsi var. Xəstədən soruşanda deyir ki, mənim atamda yox, babamda olub. Bu da irsi faktorun olduğunu deməyə əsas verir. Eyni zamanda irsi, xromosom yolu ilə keçən dəri xəstəlikləri var.

- Bəzən xəstələr uğursuz müalicələrdə, ölüm hallarında həkimləri günahlandırırlar. Bu məsələyə münasibətiniz necədir?

- Bu gün cəmiyyətin bəzi fərdləri pozulublar. Həmin cəmiyyətin içərisindən çıxan müəllim, həkim, mədəniyyət işçiləri arasında belə, normal olmayan insanlar var. Amma azlıq-çoxluq fərqi var.  Yəni normal təfəkkürlü, savadlı insan bir başqa insanı niyə incitsin ki? Həkim xəstəni niyə öldürsün axı? Nədir bunda maraq?

Tibb aləmində böyük inqilab gedir. Qadınların ən çox əziyyət çəkdikləri uşaqlıq yolu xərçənginin 100 faiz müalicəsi üçün vaksin tapılıb. Ürək xəstəliklərində ciddi inqilablar olur. Bunları kim edir? - Həkimlər, tibb sahəsində çalışan savadlı insanlar. Odur ki, bəzən gecikmiş mərhələdə, ağırlaşmış halda həkimə müraciət edən insanlar arasında ölüm halları qaçılmaz olur, bu zaman isə hər kəs həkimi günahlandırır. Düşünürəm ki, bu, həkimlərə qarşı bir qədər ağır ittiham olur.

- Genetik dəri xəstəlikləri varmı?

- Bu gün nikahdan öncə həkim yoxlamasından keçilməsi qanunla tələb olunur. Bu zaman artıq müəyyən xəstəliklər var ki, aşkarlanır. HİV, QİÇS, sifilis, hepatit, eyni zamanda talassemiya və s. xəstəliklər aşkarlandığı zaman insanları müalicəyə yönləndirirlər. Artıq həkim diaqnozu qoyulduqdan sonra şəxslərin nikaha girməklə bağlı verəcəkləri qərara kimsə qarışa bilmir. İnsanlar var ki, müalicəyə gedirlər, insanlar da var ki, sevgiləri güclü olur və ailə qururlar.  

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR