Saat:07:54
Haqqımızda

Heç kim sizin minnətli çörəyinizi yemək istəmir...

2022-11-25 17:58:00

Heç kim sizin minnətli çörəyinizi yemək istəmir...

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, insanları işləməməyə sövq etməkdən çəkinməliyik.

Sahil Babayevdən 100 illər əvvəl babalarımız belə deyib: “işləməyən, dişləməz”.

Dünyada tənbəl insanlar olduğu kimi, təmbəl xalqlar da var. Elə xalqlar var ki, onlar işləməkdən çox yeməyə həvəs göstərirlər. Buna görə də tərəqqi edə bilmirlər, borcun-xərcin içində itib-batırlar.

Azərbaycan xalqı zəhmətkeşdir, daşdan çörək çıxarmağı bacarır. Yaşadığım binanın arxasında 5-6 metr boş torpaq sahəsi var. Sakinlər orada bostan əkir, meyvə-tərəvəz becərirlər.

1993-cü ildə Cəbrayıldan köçkün düşəndə bir həsir, bir Məmmədnəsir idik. Minlərlə ailə evindən bir dəst paltardan başqa heç nə götürə bilməmişdi. İndi onların çoxunun topdağıtmaz evi, bağlı-bağçalı mülkləri var. Yuxusuz gecələrin sayəsində ev-eşik, mal-mülk sahibi olublar.

Biləsuvarla İmişlinin arasında ilanmələyən bir düzənlik var. Təxminən 10-12 il əvvəl orada Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün yeni qəsəbələr inşa olundu. Həmkəndlilərim, yaxın qohumların Saatlının, Sabirabadın çadır şəhərciklərindən həmin ünvana köçürüldü. İlk dəfə oraya gedəndə kölgələnməyə ağac nədir, heç kol da tapmamışdıq. İndi Biləsuvardakı Cəbrayıl qəsəbələri yaşıllıqlar içində itib-batır. Zəmhətkeş Cəbrayıl camaatı ilanməyələn o çöllərdə əsl cənnət yaradıblar...

Qayıdaq, Sahil Babayevin sözlərinə. Nazir demək istəyir ki, yox, açıq şəkildə deyir ki, sosial müavinətlərə məhdudiyyət tətbiq etmək lazımdır.

Bəli, mən də o fikirdəyəm ki, insanları ələbaxımlığa öyrətmək olmaz. Əli-ayağı yerində olan adam zəhmət çəkib işləməli, öz halal zəhmətilə dolanmalıdır.

Doğrudanmı, azərbaycanlılar işləmək istəmir? Doğrudanmı, hamı yeyib-doyandan sonra üstünü örtüb yatmaq istəyir?

Yuxarıda kiçik Azərbaycan modelini yaratdıq. Mən öz rayonumuzdan danışdım, amma bilirəm ki, Azərbaycanın bütün rayonlarında insanlar belə zəhmətkeş və qoçaqdır. 

Lütfən, yazının sonunda təqdim etdiyimiz videoya diqqətlə baxın. Video Gəncə şəhərində çəkilib. Bu izdiham Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun gəlişinə görə yaranıb. İnsanlar Kəmaləddin müəllimin qəbuluna düşmək üçün min bir oyundan çıxırdılar. Aydın məsələdir ki, camaat nazirdən pul istəmək üçün oraya yığışmamışdı. Hamı iş istəyirdi. Hamı istəyirdi ki, işləyib öz halal pulunu qazansın.

Gəlin, bir qədər də təfərrüatlara varaq. Bu gün Gəncədə Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının sakinləri üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən qəbul keçirilir. İzdihamı nazirin qəbuluna düşmək, ondan iş almaq istəyənlər yaratmışdı. Aydın məsələdir ki, Kəmaləddin Heydərov onların heç birini özünə müavin götürməyəcək. Bu adamlar ən yaxşı halda yanğınsöndürən idarəsində, ya da FHN-in tabeliyində olan başqa bir riskli idarədə işə düzələ bilərlər. İnsanlar işləmək, pul qazanmaq üçün özlərini oda-alova atmağa da hazırdırlar.

Sosial müavinətlərin verilməsinə qısqanclıqla yanaşan hökumət üzvlərini həmin videoya diqqətlə baxmağa çağırıram. Videodan çıxardığımız nəticə budur: Heç kim sizin minnətli çörəyinizi yemək istəmir. Hər kəs öz halal çörəyini yemək istəyir. Yetər ki, siz insanları işlə təmin edin. Axı bu sizin işinizdir...

yenisabah.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR