Saat:03:58
Haqqımızda

“Heç kim Saakaşvilini hakimiyyətdən qovmadı…” – GÜRCÜSTAN AZƏRBAYCANLILARI KONQRESİNİN SƏDRİ

2024-05-13 17:53:14

“Heç kim Saakaşvilini hakimiyyətdən qovmadı…” – GÜRCÜSTAN AZƏRBAYCANLILARI KONQRESİNİN SƏDRİ

Hüseyn Yusubov: “Gürcüstan vətəndaşları Saakaşvili iqtidarını seçimlə dəyişdirdi”

“Ölkəmizin gələcəyi ilə bağlı ortaq məxrəcə gəlməyi bacarmalıyıq; Gürcüstanda iqtidar və müxalifət bir arayar gəlməli, bu məsələləri dialoqla müzakirə etməlidir”

Qonşu Gürcüstanda "Xarici təsirin şəffalığı" haqqında qanun layihəsinin Parlamentdə müzakirəyə çıxarılması vətəndaşlar arasında narazılığa səbəb oldu ki, bu da özlüyündə mitinqlər dalğasına çevrildi. Narazılıq səviyyəsinin bu qədər böyüyəcəyinin gözlənilmədiyini desək, doğru olmaz. Çünki illərlə Avropa Birliyinə daxil olmaq üçün idarəçilik standartlarını və səviyyəsini inkişaf etdirməkdə olan qonşu ölkənin üzünə məhz bu qanun layihəsi ucbatından Avropanın qapıları bağlanmaqdadır. Avropa İttifaqına daxil olan bəzi dövlətlər artıq birliyin rəsmisi Cozep Borrelə bu barədə çağırış da etdilər. Bəs, Gürcüstanda baş verənlərin pərdəarxasında hansı məqamlar var? 500 mindən artıq soydaşımızın yaşadığı bu ölkədə baş verəcək istənilən çaxnaşma və dəyişiklik onların vəiyyətinə necə təsir edəcək? Bu və digər suallara aydınlıq gətirmək üçün Gürcüstan Azərbaycanlıları Konqressinin rəhbəri Hüseyn Yusubovla söhbətləşdik.     

- Hüseyn müəllim, Gürcüstanda nələr baş verir? Həqiqətənmi, bu proseslər MKİ və başqa xarici ölkələrin rolu var?

- Bilirsiniz, bizim rəsmi dövlət orqanları belə bəyanat paylaşdı ki, 2020-2023-cü illər arasında Qərb ölkələri 2 dəfə Gürcüstanda dövlət çevrilişinə cəhd ediblər. Mən məsələnin nə olub, nə olmadığını bilmirəm. Bu, dövlətin rəsmi mövqeyidirsə, demək, əllərində rəsmi faktlar var ki, bəyan edirlər.

Amma ölkədə gedən proseslər demokratik proseslərdir. Demək olar ki, artıq bir aydır Gürcüstanda mitinqlər gedir. Burada insanlara şərait yaradılır ki, azad şəkildə öz fikirlərinin söyləsinlər.

Dövlət çevrilişləri ilə bağlı isə, bütün ölkələr çalışırlar ki, ölkəyə gələnlərlə ehtiyatlı davransınlar. Mən xatırlayıram ki, Azərbaycan da bu məsələlərdən çox narahat idi və sonra qeyri-hökümət təşkilatlarına dəstək fondu yaratdı və bu pulların axınını dayandırdı. Amma haqq naminə demək lazımdır ki, bu pulların Gürcüstanda demokratiyanın inkişafında çox böyük xidmətləri olub. Kimlərsə nə məqsədləsə bundan istifadə edirsə, mən bilmirəm. Bilirsiniz ki, bir il öncə bu qanun layihəsi qəbul olunmuşdu, amma hökumət onu geri çəkmişdi. İndi də bu qanun layihəsi ilə bağlı çox böyük qütbləşmə var. Bu qütbləşmənin olması şəxsən məni narahat edir. Daha yaxşı olardı ki, qarşılıqlı anlaşma olardı. Daha yaxşı olardı ki, tərəflər mövqelərində bir-birinə güzəştə getməyi bacarardılar. Hər bir anlaşmanın ölkəmizin xeyrinə olacağını düşünürəm. 

- Gürcüstanda əhalinin əksəriyyəti “xarici agent” haqda qanunun qəbul edilməsinə qarşı çıxır. Sizcə, bu qədər təzyiq qarşısında hakimiyyəti sözügedən qanunu qəbul etməyə nə vadar edir?

- Bilirsiniz, iki tərəfin fikirlərini də diqqətlə dinləyəndə görünür ki, qütbləşmədə olan tərəflərin hər ikisi Gürcüstanın gələcəyini Avropada görür. Hər iki tərəf işğalda olan ərazilərin azad olunması arzuları ilə yaşayırlar. Amma Avropaya, NATO-ya aparan yollar barədə onların fərqli baxışları var. Bu da başa düşüləndir, hamı eyni fikirdə ola bilməz. Baxışlar müxtəlifliyi həmişə ola bilər. Amma hər iki tərəfin bəyanları bundan ibarətdir ki, Avropa İttifaqına daxil olaq. Bu, çox böyük iqtisadi blokdur. Orada ölkələrin yaşayış səviyyəsi tamamilə fərqlidir. Eyni zamanda, hər iki tərəf istəyir ki, NATO blokuna daxil olaq. Bu təhlükəsizlik baxımından ölkəmizin ərazi bütövlüyü məsələsinə böyük dəstək olar.

Amma, eyni zamanda, Azərbaycanla bağlı Qarabağ məsələsində Avropanın necə ikili standartlar irəli sürdüyünü gördük. Avropa bu gün də ikili standartlardan çıxış edir. Ermənistanın Azərbyacanla bağlı iddiası yoxdur. Fransa hələ də Qarabağdan danışır. Bizim üç böyük ərazimiz işğal altındadır. Biri yüz il əvvəl ermənilər tərəfindən işğal olunmuş Loru bölgəsidir. İkincisi, Abxaziya, üçüncüsü, Tsxinvali bölgəsidir. Bu bölgələrin azad olunmasını biz NATO-da görürük. Amma, həm də NATO-nun mübahisəli əraziləri olan ölkələri tərkibinə qəbul etmədiyi haqda maddələri olduğunu bilirik. Burada yenə də ikili məqamlarla rastlaşırıq.

Ona görə, ölkəmizin gələcəyi ilə bağlı ortaq məxrəcə gəlməyi bacarmalıyıq. Uzlaşma olmalıdır, bir-birimizi dinləməyi bacarmalıyıq. Gedən proseslərdə xoşuma gəlməyən məqam budur ki, heç kim qarşı tərəfin fikrini dinləmək istəmir. Hamı bir-birinin fikri ilə razılaşa bilməz, amma heç olmasa bir-birinin fikrinə hörmətlə yanaşmalıdır, təhqirlərlə yox.

Gənclərimiz də istəyirlər ki, ölkəmiz Avropa ittifaqının üzvü olsun. Mənim müşahidələrimə əsasən, hər iki tərəf Avropa İttifaqına daxil olmağa cəhd edir. Səhv etmirəmsə, dünən “Avropa Günü” idi, bölgələrdə, rayonlarda bütün bələdiyyələrin küçələri Avropa bayraqları ilə bəzədilmişdi. Bu, hökumətin mövqeyi idi. Məlumdur ki, müxalifət və aktivistlər də Gürcüstanın gələcəyini Avropada görürlər. Ona görə, bir araya gəlmək, bu məsələləri oturub dialoqla müzakirə etmək lazımdır. Parlamentdə bu alınmır. Çünki parlamentdə say baxımından kəskin fərq var. Amma elə başa düşürəm ki, ayrı-ayrı gənclər təşkilatlarında bunu edə, bir dialoq yarada, danışıqlar apara bilərlər. Bir-birinin fikrinə hörmətlə yanaşa bilərlər. Bu da ölkəmizin gələcəyinə xidmət etmiş ola bilər. 

- Gürcüstanda tələbələr də etiraz aksiyalarına qoşulacaqlarını anons etdilər. Qarşıdan yay gəlir, tələbələr də yay tətilinə çıxacaqlar. Ümumiyyətlə, tələbə təbəqəsi yeniliklərin, hakimiyyət dəyişikliklərinin hərəkətverici qüvvəsi olur. Sizcə, Gürcüstanda da bu amil hakimiyyət dəyişikliyinə gətirəcəkmi?

- Tələbələrin ciddi bir hissəsi onsuz da mitinqlərdə iştirak edirlər. İnşallah, o vaxta qədər bir anlaşma əldə edilər, qarşıdurmalar aradan qalxar. Qütbləşmə ölkəyə heç vaxt xeyir gətirməz. O vaxta qədər anlaşma olar.

- Belə bir fikir var ki, Saakaşvilinin hakimiyyəti dönəmində Gürcüstanda demokratiya, hüquq və azadlıqlar baxımından azərbaycanlıların vəziyyəti yaxşı idi. Sizcə, “Gürcü Arzusu”nun hakimiyyəti dövründə azərbaycanlıların durumu hansı istiqamətdə dəyişildi?

-Azərbaycanlılar bu ölkənin tərkib hissəsidir. Ölkədə orta durum nədirsə, azərbaycanlıların durumu da onunla eynidir. Azərbaycanlılar hansısa parametrlərdə kəskin fərqlənmirlər. Əksinə, biz iki ölkənin mühüm bölgəsində – həm Azərbaycanın, həm Ermənistanın sərhəddində yerləşdiyimizə, həm də paytaxta yaxın yerləşdiymizə görə, ticati anlamda bir çox üstünlüklərimiz var. Və Saakaşvilini də həmin xalq səsvermə ilə yola saldı. Yəni azərbaycanlılar da tərkibində olmaqla, Gürcüstan vətəndaşları bunu etdi. Gürcüstan vətəndaşları Saakaşvili iqtidarını seçimlə dəyişdirdi. Heç kim Saakaşvilini hakimiyyətdən qovmadı, sadəcə, xalq onu seçmədi. Xalq 2012-ci ildə “Gürcü Arzusu”na səs verdi. Səhv etmirəmsə, o seçimin nəticələri 40-ın 60-a nisbəti oldu. Dövlət xalqın iradəsinin ifadəsi deməkdir. Xalq hansı qüvvəni hakimiyyətdə görmək istəyirsə, onu dəstəkləyir. Xalqın seçimlərdə verdiyi mesajı da diqqətlə oxuyan siyasi partiyalar həmişə qazanır.

- Sizcə, Gürcüstanda hakimiyyət dəyişikliyi baş tutarsa, azərbaycanlıların durumu yaxşıya doğru dəyişə bilərmi?

- Hansı partiya olur-olsun, hakimiyyət dəyişikliklərinin azərbaycanlıların durumuna pis təsirini gözləmirəm. Azərbaycanlılar bu ölkədə sevilən vətəndaşlardır. Ölkə inkişafının o mərhələsindədir ki, burada heç də vətəndaşlar etnik kimliklərə və yaxud dini mənsubiyyətinə görə sərt dalğalarla qarşılaşımır. Bu bir tərəfi. İkinci tərəfdən Avropa İttifaqı ilə Gürcüstan arasında olan vizasız rejim insanların dolanışığında mühüm rol  oynayır. Vizasız rejim olduğuna görə, bizim soydaşlarımız arasında da demək olar ki, hər bir ailədən Avropada işləyən var. Bəzi ailələrdən bir neçə nəfər Avropada işləyir. Bəzi ailələr isə tam şəkildə Avropada işləyirlər. Avropada bəzi şeylər bizim ölkədəkindən çox fərqlidir və bu şeylərin də bizim insanların dolanışığına çox ciddi təsiri var.

Vizasız rejimlə Avropada işləmək məsələsi də təkcə azərbaycanlılara aid deyil, bütün Gürcüstan vətəndaşlarına aiddir. Hamı - həm gürcülər, həm digər xalqlar Avropa ölkələrində iş tapırlar, soydaşlarımız üçün bu, daha asan olur. Çünki Avropa İttifaqı ölkələrində çoxmilyonlu türk qardaşlarımız yaşayırlar. Onlar da bizim insanlarımıza iş tapmağa, yerləşməyə, şərait yaratmağa dəstək olurlar, iş adamlarımıza dəstək olurlar. Bəzən olur ki, həmin ölkələrin qanunlarını bilmədiklərinə görə, qanunları pozurlar, problemlərlə üzləşirlər. Gürcüstan Azərbaycanlıları Konqresi olaraq, bizə də dəfələrlə müraciətlər olunub, Avropadakı dostlarla birlikdə, ya bizim Gürcüstandakı təşkilatlarla birlikdə partnyorlarına müraciət ediblər, biz vəkillər tapmışıq, eloğlularımızın hüquqlarını qorumuşuq.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.250915