Saat:23:17
Haqqımızda

“Heç kəsdən pul istəmirəm, yoldaşımı işinə qaytarsınlar” – ŞƏRUR SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT

2023-01-31 13:09:00

“Heç kəsdən pul istəmirəm, yoldaşımı işinə qaytarsınlar” – ŞƏRUR SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT

Zərnişan Behbudova: “Dili yox, eşitməsi yox, belə bir insan nə edə bilər ki? Başını aşağı salıb işini görürdü…”

Naxçıvan şəhəri, Şərur rayonu, Muğancıq Müslüm kənd sakini  Behbudova Zərnişan Hümbət qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, Behbudova Zərnişan Hümbət qızı, yazaraq sizdən xahiş edirəm ki, mənə köməklik göstərəsiniz. 4 övladım var, yoldaşım əlildir, eşitmə və danışma qabiliyyəti yoxdur.  Hər ay 100 AZN kompensasiya alırdıq, 2 ildir ki, pul kəsilib və onun əvəzində bizə heyvan veriblər. Guya biz bu heyvanın südündən, qatığından yeyib və yaxud da satıb 100 AZN-dən çox pul əldə edəcəyik. Heyvanın özünə baxmaq, yeməyi, həkimi bir dünya pul edir. Bu yay mən və övladlarım orda-burda işləyərək, heyvanın və özümüzün yemək xərclərimizi çıxarmışıq.

Yoldaşım süpürgəçi işində işləyir. Aldığı pul ailəmizə çatmır. Ev şəraitimiz də uyğunsuz vəziyyətdə olduğu üçün, yoldaşımın işinə güvənərək bankdan kredit götürdüm. 8 ay krediti ödədikdən sonra qəfildən yoldaşımı işdən çıxartdılar, qaldıq pis vəziyyətdə. Krediti ödəyə bilmədik. Qaz, işıq pulunu da verə bilmədik. Nəticədə qaz idarəsi gəlib qazı kəsdi, aylarla yanacaqsız qaldıq.

Dəfələrlə İcra Hakimiyyətinin binasına gedərək xahiş edib, yalvardım kı, yoldaşımı işinə qaytarsınlar, mümkün olmadı. Mən heç kəsdən əlavə pul istəmirəm, yoldaşımı işinə qaytarsınlar. Dili yox, eşitməsi yox, belə bir insan nə edə bilər ki? Başını aşağı salıb işini görürdü.

Sizin redaskiyadan xahiş edirəm ki, yoldaşımın işinə qaytarılması üçün köməklik göstərin”.

Jalə FAMİLQIZI

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR