HEÇ BİR MİLLƏT BELƏ ZİNAKARLIĞI BAĞIŞLAMAZDI... - Allah mədəniyyətimizi bisavad rejissorlardan qorusun

2022-06-14 14:38:00

HEÇ BİR MİLLƏT BELƏ ZİNAKARLIĞI BAĞIŞLAMAZDI... - Allah mədəniyyətimizi bisavad rejissorlardan qorusun

...Bu fəxri adları icad edənin anası mələr qalsın. Vay o gündən ki, birinin adının əvvəlinə bir “xalq”,  ya da “əməkdar” sözünü qoysunlar...

Son yarım əsrdə Xurşudbanu Natavan kimi həqarətə məruz qalmış şəxsiyyət tanımıram. Çar hökuməti dövründə onun çox imtiyazları əlindən alınsa da mahal rəisləri, pristavlar, Qarabağa gələn yüksək rütbəli məmurlar ona ehtiram və hörmətlərini izhar etməyi özlərinə şərəf bilirdilər. Mən hələ camaatın ona necə məhəbbətlə yanaşmasından danışmıram.

“Hərbgu Allahsızlar İttifaqının” əsl vəhşi üzvləri belə onun son mənzili olan məzarlığa toxunmağa cürət etmədilər. Onun xatirəsi ilk dəfə olaraq ötən əsrin 60-cı illərində təhqir edildi. Ağdam rayonun bir vəzifəli məmuru məzarın üzərindəki mərməri götürüb həyətində əl-üz yumaq üçün istifadə etmişdi. Yəni bu şərəfsiz və onun naqis əhli-əyalı hər gün yuyunanda çirkli suyu Quran ayələrinin üzərinə tökürlərmiş. Rəhmətlik Cəmil Əlibəyov redaktoru olduğu qəzetdə bu barədə hiddətli bir məqalə çap etmək istəyəndə Mərkəzi Komitə bunu yasaqladı.

İllər keçdi, onu eşitdik ki, özündən razı bir subyekt sevimli şairəmiz barədə film çəkib. Televizorda göstərəndə baxdıq, şəxsən mən dəli olmaq dərəcəsinə çatmışdım, Natavan kimi əzabkeşin, Əhli-beyt şəninə neçə-neçə mərsiyə, növhə yazmış nur parçasının rolunun ifası prezervativ reklam edən Aygün Kazımovaya həvalə edilmişdi.

Qəzetdə çox kəskin çıxış etdim. Üzümü bu cəhalət zəbanəsinə tutaraq dedim, illər boyu təziyələrdə, yas yerlərində Natavanın yanıqlı beytləri oxunanda əzizlərini itirmiş analar, gəlinlər saç yolub nalə çəkiblər. Bunun dəfələrlə şahidi olmuşam. Millətin gözündə artıq müqəddəslik məqamına yüksəlmiş Natavan və Aygün Kazımova? Heç bir utanırsan? Ay özünü sənət adamı hesab edən cahil, sən, anan, həyat yoldaşın, qızın haqqında film çəksəydin, Aygün Kazımovanı onların birinin rolunu oynamağa çağırardın? Mən qocadan savayı bu ölkədə bir bəni-Adəm qəzəbli səsini ucaltmadı.

...Nəhayət siyasi əxlaqsızların ucbatından Qarabağ fəlakəti baş verdi. Bu otuz ildə nə olubsa hamısı xalqa məlumdur. Bu dəfə yenə də ən ağılasığmaz həqarətə zavallı Natavan məruz qaldı, məzarı yerlə yeksan edildi. Hissiyata-zada qapılmadan deyirəm, heç bir millət, heç bir qövm belə zinakarlığı bağışlamır, onun igid övladları, fərqi yoxdur, harada olursa-olsun milli düşmənin göz qabağında olan adlı-sanlı nümayəndələrini bir-bir cəhənnəmə vasil edirlər.

Yəhudi xalqının mərd övladları dünyanın harasında olursa-olsun əlləri qana batmış eses cəlladlarını bir-bir dənləyirdilər.  Rusiya bazarlarında ermənilərlə iş birliyi qurmuş hansı qarabağlı onların kefini pozub? Klassik mədəniyyətimizdən, etnoqrafiyadan, mənəvi irsimizdən tam bixəbər bir nvuc dəllal telekanallarda istədiyini edir. Gül kimi mədəni, mənəvi irsimiz bunlar üçün sadəcə pul dağarcığıdır.

...Telekanalda konserti göstərirlər, fəvvarə, güllər, ən ucuz, çeşnisi bilinməyən palazlar (onlar da nə cür gəldi sərilib, ya da asılıb), ortaya böyrü-başı əzik-üzük, səhəng, məcməyi, əndərun üçün nəzərdə tutulmuş aftafa-ləyən qoyulub. Guya bu milli koloriti göstərir.

...Bir rejissor orta əsrlərdə yüksək rütbəli din xadimlərinə, hökmdarlara, hərb ərkanına necə müraciət edildiyini bilmir, bilmək də istəmir.

...Əhvalat ötən əsrin 20-ci illərində baş verir, personajların hərbçilərin əyinlərinə 70-80-ci illərin mundirlərini geyindirirlər. Qarabağa həsr edilmiş psevdotarixi tamaşalarda rus hərbçilərinin üst-başlarını, sinələrini bəzəmiş “orden-medallara” baxanda məni gülmək tutur. Yəni bu başabəla xadimlər heç olmasa bircə dəfə də olsun əl altında olan bir vəsaitə, kitaba, alboma baxmayıblar? Əgər bizim bir rejissor, ya da rəssam “Qələmi” papaqla “Əmiri” papağı fərqləndirə bilsə adımı dəyişərəm.

...Bu fəxri adları icad edənin anası mələr qalsın. Vay o gündən ki, birinin adının əvvəlinə bir “xalq”,  ya da “əməkdar” sözünü qoysunlar.  Hələ mən ordenlərdən danışmıram! Əlqərəz, kitab bağlanır, bundan sonra belə “şərəflərə” layiq görülmüş unikuma söz demək yasaqlanır. Mütəxəssis yox, mərd tənqidçi yox, kimin ağlına nə gəldi atır ortaya, təki pul olsun. Hələ mən indiyə qədər telekanalda xəncəri, qılıncı belinə düz bağlayan, vəznəli çuxanı abırla geyinmiş aktyora rast gəlməmişəm.

...Bizim bədbəxtliyimiz onda idi ki, partiya orqanlarının ciddi nəzarəti altında yazıb-yaradanların heç olmasa bircəciyi müstəqil olaraq bir işi axıra qədər görmədi. Nizamini, Nəsimini öz səviyyələrinə endirdilər. Bu personajlara qulaq asanda elə bil əski partiya məktəblərinin mühazirəçilərini eşidirsən.

Zavallı Nəsiminin misilsiz rəmzlər xəzinəsi, əsl məslək və əqidəsi ilə bağlı əsrarlar açılmadı. Hakim Kommunist Partiyasına islam dininə qarşı vuruşan, hərdən də zəmanənin hakimlərinin bostanına daş atan, gurultulu sözlərlə danışan xadimlər lazım idi. Bizim qələm sahibləri də bu vəzifənin öhdəsindən gəlib hər cürə ənamlara layiq görüldülər.

...Şuşa azad olundu, indi də bizi növbəti “şedevrlər” gözləyir. Televizorda maraqlı səhnələr göstərirlər, “ziyalılarımız” dil-dil ötürlər, erməni vandalizmindən bir az danışıb, sonra da başlayırlar xatirələrini söyləməyə. Əksəriyyətini tanıyıram və heç birisinə hörmətim də yoxdur. Beş-on siyasi macəraçı, düşmən qüvvələrin əllərində marionet olan yaramaz, Şuşanı, ən mühüm strateji məntəqələri az qala məcməyi içində erməniyə verəndə biri danışmadı. Biri sinəsini qabağa verib naqislərin üstünə getmədi. Hələ indinin özündə belə, bunların arasında elə kişi yoxdur ki, barmaq uzadıb heç bir şey olmamış kimi arada gəzən yaramazları bir-bir rüsvay etsin. Qələbə ilə başa çatmış (amma hələ bitməmiş) savaşdan yazmağı belələrinə qadağan edərdim.

Firuz HAŞIMOV


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya