Həbsdə olan icra başçıları: TÜRMƏDƏ DƏ KEFDƏDİRLƏR... - Necə ki biz azadlıqda da iztirabdayıq...

2022-08-26 12:17:00

Həbsdə olan icra başçıları: TÜRMƏDƏ DƏ KEFDƏDİRLƏR... - Necə ki biz azadlıqda da iztirabdayıq...

1 ay əvvəl İmişli Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Vilyam Hacıyevə hökm oxundu. Məhkəmənin hökmü ilə sabiq başçı 12 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl isə Neftçala rayonunun sabiq icra başçısı İsmayıl Vəliyev 10 il azadlıqdan məhrum edilib. İsmayıl Vəliyev külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. vəzifə cinayətlərində suçlu sayılıb.

Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Qoca Səmədov 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Cəlilabad Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısına hökm oxunub və o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Ötən il həbsdə vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevə isə 9 il həbs cəzası verilmişdi. Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov isə 8 il 6 ay həbs cəzası almışdı. Onların bəzilərinin son instansiya - Ali Məhkəmədə də şikayətinə baxılıb, cəzaları azaldılanlar var. Məlumdur ki, bir çox hallarda belə dustaqlar mümkün qədər daha gec cəzaçəkmə müəssisənə köçürülməsinə çalışırlar. “Niyə”si məlumdur, təcridxanada daha rahat şərait var. Amma gec-tez onlar istintaq təcridxanasını tərk etməli olurlar. Maraqlıdır, belə dustaqlar istintaq təcridxanasında və cəzaçəkmə müəssisəsində necə qarşılanırlar? Onlara həbsxana rəhbərliyinin münasibəti necə olur?

Hurriyyet.az-ın məlumatına görə, “Xural TV”nin rəhbəri Əvəz Zeynallı “Yeni Müsavat”a deyib ki, bu gün həbsdə olan məmurların əksəriyyəti “içəri”də kefdədirlər: “Azərbaycanda hər şey pulla həll olunur deyə, icra başçıları da vəzifədə olduğu dönəmdə yaxşı pul yığdıqlarına görə onlar həbsdə olduqları zaman elə də böyük çətinlik çəkmirlər. İstintaq təcridxanalarında bu adamların günü ümumiyyətlə, xoş keçir. Bakı İstintaq Təcridxanası bu adamlar üçün kef-damaq yeridir. Ona görə də ”zon"a getməyə o qədər də həvəs göstərmirlər, həm də qorxurlar. Çünki orada yüzlərlə, minlərlə dustaq var və münasibətlər də gərgindir. “Zon”da onların boynuna nəsə qoyurlar. Pul xərcləməyə məcbur edirlər. Təcridxanada isə pullarını verib keflərini edirlər. Pullarını verib otururlar təsərrüfat şöbəsində, günlərini keçirilər. “Zon” çıxanda belə daha çox günləri xəstəxanada keçir. Orada nəfəs almağa görə də pul ödəməlisən. “Kormuşka”nı açıq saxlamaq puldur. 7-8 min, hətta 10 min pul verib “zon”da özlərinə ayrıca otaq tuturlar. Yəni qara dustaqla bir damın altında olsalar da, faktiki baraklarda deyil, ayrıca otaqlarda gün keçirirlər. Bütün “zon”larda tibbi hissələrdə xəstələr deyil, varlı məmurlar, sabiq icra başçıları qalırlar. Tibbi hissələrdə xəstə məhbuslar deyil, sağlam məmurlar qalır".

Əvəz Zeynallı deyir ki, “zon”da darıxan məmur arestantlar məhkumların müalicə müəssisənə “putyovka” alırlar: “Orada da ayrıca kotteclər var. Elə istirahət mərkəzlərində olduğundan fərqlənməyən kotteclər. Məsələn Şəkidə ”Marxal", Göygöldə “Cənnətməkan”, Toğanada “Cənnət bağı” kimi istirahət mərkəzlərindən geri qalmayan kotteclər var. Özlərinə də qara dustaqlardan qulluqçu götürürlər, pulunu, yeməyini verirlər. Onlar da qulluqlarında durur. Paltarını ütüləyir, yeməyini bişirib verir. Heç evlərində onların qulluğunda elə dayanmırlar. Müalicə Müəssisənə düşmək üçün də 8-10 min manat verirlər".

Əvəz Zeynallı deyir ki, həbsdəki məmurlar barələrindəki cəza müddətlərini azaltmaq üçün böyük pullar ödəyirlər: “Qara dustaq 1 ilinə görə əvvəl 1-2 min manat pul ödəyirdi. İcra başçısı, nazirin isə cəzasının hər ili 200-300 mindən üzü yuxarı qalxır. Fikir verirsizsə, həbsdəki sabiq icra başçılarının cəzaları birdən-birə 2 qat aşağı endirilir. Apelyasiyaya gedirlər, ora hər ilinə görə 500 min verirlər. 8 il alan icra başçısının cəzasının birdən-birə 4 ilə endirilməsi pula bağlıdır. Sonra da iş gedir Ali Məhkəməyə. Oranın da ”tası" bir başqadır. Səlim Müslümovu niyə azad etdilər? “İçəridə” o qədər ağır xəstə dustaq var ki, sıralasalar, Səlim Müslümov heç 10 il sonra da azadlığa çıxa bilməz. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovu 2015-də tutdular. 2017-də 12 il cəza verdilər və 2020-ci ildə açıb buraxdılar. Akif Çovdarova az qala Cinayət Məcəlləsinin yarı maddələri ilə ittiham verilmişdi. Çıxıb badə qaldırdı. Yəni pul olandan sonra nə var ki?"

Əvəz Zeynallı deyir ki, bu cür münasibətlər sistemi məhkəmə-hüquq sisteminin fəaliyyətini heçə endirir: “İcra başçısını, naziri tutub pulunu alıb buraxacaqlarsa, bu həbslərin nə mənası var? DTX əməliyyat hazırlayır, həbslər gerçəkləşir. 3 il sonra həmin sabiq icra başçısı həbsdən çıxır və qorxusuz-hürküsüz gedir oğurladığı milyonlarını xərcləməyə. Bu adamı niyə tuturlar? Belə həbslərin əks effekti var! Həbsə alınmayan, vəzifədə qalan icra başçısı baxır ki, filan icra başçısını tutdular və 3 il sonra buraxdılar. Düşünür ki, 10 milyon yox, 15 milyon oğurlayım ki, həbsə düşəcəyim təqdirdə 5 milyonu xərcləyim, çıxım gedim 10 milyona da özümə xaricdə biznes qurum. Həbsə qədər qorxu içində yaşayan icra başçısı həbsdən tam sərbəst çıxır. Bundan uduzan Azərbaycan dövləti, Azərbaycan xalqıdır”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.065167