HƏBS NÖVBƏSİ FƏRHAD TƏHMƏZOVA ÇATIB - Korrupsiya, talançılıq, dövlət əmlakını mənimsəmə…

2022-08-03 14:02:00

HƏBS NÖVBƏSİ FƏRHAD TƏHMƏZOVA ÇATIB - Korrupsiya, talançılıq, dövlət əmlakını mənimsəmə…

“İnşaatçılar” günündə ölkədə tikinti kompleksinin inkişafında xidmətlərinə görə bir qrup inşaat işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi  siyahısında Fərhad Təhməzovun da adını görəndə məəttəl qaldıq. Söhbət Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA ) tabeliyində fəaliyyət göstərən “MİDA” MMC-nin direktoru Fərhad Təhməzovdan gedir. Gəlin, bu adamın keçmişinə və bu gününə qısa nəzər salaq və bu zaman onun əsl kimliyi sizlərə də bəlli olacaq.

Bu adam uzun müddət Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru olub və 2016-cı ildə Mənzil İnşaatı Dövlət Agentliyinin tərkibindəki MİDA MMC-nin direktoru təyin olunub.

Məlumat üçün qeyd edək ki, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru olan, deputat Ayaz Orucov vəzifəsindən məhz korrupsiya əməllərinə görə uzaqlaşdırıldı və Fərhad Təhməzovu Fonda direktor təyin edildi. Həmin vaxta düşünülürdü ki, bəlkə o, korrupsiyanın həcmini azaldar, amma…

Əmması odur ki, Fərhad Təhməzov  Fondun yüz milyonlarını elə mənimsədi ki, Ayaz Orucovun atasına rəhmət oxutdu.

Onu da qeyd edək ki, Fərhad Təhməzov mənimsədiyi milyonları qardaşları Ataş Təhməzov və QİDA-nın indiki rəhbəri Qoşqar Təhməzli vasitəsilə biznes sahəsinə yönəltdi.

Məlumunz olsun ki, tikinti biznesində çalışan Ataş Təhməzov dövlət çevrilişi cəhdi ilə bağlı həbs olunan Prezident Aparatının şöbə müdiri Akif Muradverdiyev və Əli İnsanovla birgə azadlıqdan məhrum edilsə də, sonra hansısa sirrli əl onu xilas edə bildi.

Qoşqar Təhməzli isə qardaşı Fərhadın milyonlarını Azərbaycanda açılan özəl klinikalar üçün xarici ölkələrdən tibbi aparatura və avadanlıqlar alınması və satılması biznesinə yatırdı.

Yeri gəlmişkən, Fərhad Təhməzovun oğlu İsrafil Təhməzov da Rusiya və Türkiyədə tikinti materiallarının biznesi ilə məşğul olur. Və dəfələrlə vergidən külli miqdarda yayınmaya görə, məhkəməyə verilib.

Fərhad Təhməzovun qızı Fidan Təhməzlinin isə Türkiyədə “İlahi inşaat” adında biznesi var. Bu biznesin 60 faizi atanın, 40 faizi balasının payına düşür.

Fərhad Təhməzovun başı korrupsiyaya elə qarışıb ki, sanki, görən yoxdur. Elə bilir ki, bəzi dindarlarla ortaq biznesindən də xəbərimiz yoxdur.

Bəli, Fərhad Təhməzov milyonluq tenderləri verməklə yüz milyonları mənimsədi.

Onu da qeyd edək ki, Fondun maliyyə resurslarını əsasən  Dövlət Neft Fondu təmin edirdi. Yəni Fərhad Təhməzov neftdən gələn milyonlara da şərik oldu.

Bütün bunlar ortada ola-ola Fərhad Təhməzov 2016-cı ildə  “MİDA” MMC-yə rəhbər təyin edildi. Hansı ki, onun hər iki vəzifəsi dövlət əhəmiyyətli post olub.

Birinci dəfə Fondun direktoru olanda yüz minlərlə qaçqın və məcburi köçkünün taleyi ilə “oyun” oynayıb.

Bəllidir ki, Sovet dövründə  vətəndaşlar növbəlilik əsasında heç bir manat da xərcləmədən mənzillə təmin olunurdular. Hətta gənc mütəxəssislər 3 il müddətində mənzil alırdılar. Üstəlik, ailəvi yataqxanalar da var idi.

Amma bütün bunlar artıq keçmişdə qalıb. İndi yüzlərlə, minlərlə gənc, aztəminatlı insanlar mənzil problemi səbəbindən ailə qura bilmir. Bütün bunları nəzərə alan cənab Prezident çox humanist addım ataraq 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı ilə ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, sosial müdafiəsini gücləndimək, mənzil-məişət şəraitini yaxşılaşdırmaq, onların GÜZƏŞTLİ şərtlərlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyini (MİDA) yaratdı.

Prezidentin bu layihəsi sözün həqiqi mənasında böyük miqyaslı, dövlət əhəmiyyətli və millətin gələcəyinə hesablanmış layihə idi. Ölkə başçısının bu xoşməramlı, nəcib və eyni zamanda bu MİQYASDA təşəbbüsünü Fərhad Təhməzov kimilər gəlir mənbəyinə çevirdi.

Təsəvvür edirsiniz, Prezident  pulsuz olaraq Bakı şəhərində MİDA üçün geniş torpaq sahəsi ayırır, maddi-texniki baza ilə təmin edir, məqsəd tikilən binalardakı mənzilləri GÜZƏŞTLİ  şərtlərlə, loru dildə desək KASIB təbəqəyə satmaqdır. Amma MİDA-nın keçirdiyi sonuncu seçimdə 442 mənzilin  5-10 dəqiqəyə kimlərəsə satması cəmiyyətdə böyük rezonans  doğurdu.

442 mənzili necə 5-10 dəqiqəyə satmaq olar?  

Sonra bəlli oldu ki, mənzilləri “kasıb təbəqə” deyil, yenə harınlamış məmurlar alaraq kirayə mənzil bizneslərini genişləndirirlər. 

Bəli, bir neçə hakeri həbs etdilər. Amma, əslində Fərhad Təhməzov həbs olunmalı idi.

Və əminik ki, cənab Prezidentin sonuncu çıxışında dediyi təmizlənmə prosesi yaxın zamanda Fərhad Təhməzova da çatacaq.

Fərhad Təhməzov  Məcburi Köçkünlərin Sosial İnkişafı Fondundan, indi isə MİDA-dan mənimsədiyi yüz milyonları dövlətə qaytarmalı, üstəlik layiq olduğu cəzanı almalıdır.

Həbs növbəsi sənindir, cənab Fərhad Təhməzov!

Məlumat üçün qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli Fərhad Təhməzovun qardaşıdır.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

“Gündəlik Bakı”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056680