Həbs etdiyi şəxs bəraət aldı: Hakim cəzalana bilər?

2022-04-30 10:46:00

Həbs etdiyi şəxs bəraət aldı: Hakim cəzalana bilər?

Hakim öz araşdırması ilə saxlanılan şəxsin təqsirsizliyini tapa bilərdisə və bunu etməyibsə, onda bu məsələdən hakim məsuliyyət daşıyır. Amma hakimin o vaxtlar sübut tapmaq imkanı olmayıbsa, bu zaman onun heç bir təqsiri yoxdur. Bu kimi hallarda hakimə hər zaman günahkar olaraq yanaşmaq düzgün deyil. İlk növbədə şəxsin hansı səbəblərdən bəraət aldığını bilmək, hakimin cinayət işində olan dəlil və sübutları kifayət qədər dəyərləndirib-dəyərləndirməməsini bilmək vacibdir.

Bu sözləri Axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini Əfqan Hacıyevin 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verdiyi Lənkəran rayon sakini Nurlan Ağazadənin hökmdən sonrakı 1 ilə yaxın müddətdə verilmiş apellyasiya şikayəti ilə bəraət alması haqda danışarkən deyib.

Faktın hakim Ə.Hacıyev barədə məsuliyyət yaradıb-yaratmadığı haqda fikirlərini bölüşən F.Mehdiyev deyib ki, aşağı instansiyalar hüquqi səhvlər edə bilər:

“Ağır Cinayətlər Məhkəməsini birinci instansiya mərhələsi hesab etmək olar. Burada hakimin hüquqi səhvə görə olan mənsuliyyəti heç vaxt ona qarşı birbaşa olaraq ağır tədbirlərin görülməsinə səbəb olmur. Bütün dünya təcrübəsində belədir ki, hakim səhvə yol verirsə, bu, yuxarı instansiya məhkəməsi tərəfindən düzəldilməlidir. Faktiki və hüquqi səhvlər var. Əgər hakim çox hüquqi səhvə yol veribsə, bu zaman ona xəbərdarlıq oluna, yaxud vəzifəsindən azad edilə bilər. Bu məsələlər beynəlxalq təcrübədə də belədir”.

Professor bildirib ki, birinci instansiyadan sonra proses Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmədə davam edir:

“Apellyasiya Məhkəməsi işin sadəcə təhlilini yox, həm də faktiki tərəflərini araşdırır. Əgər Ali Məhkəmə mərhələsində də hüquq təmin olunmursa, onda təqsirkar şəxs Avropa Məhkəməsinə müraciət edir. Həmin şəxsin günahsızlığı sübuta yetirilərsə, dövlət kompensasiya ödəməyə məcburdur. Çünki Ali Məhkəmə hakimləri tam peşəkardır, onlar hüquqi səhvə yol verməməlidir. Bu zaman Məhkəmə Hüquq Şurası hakimlə bağlı tədbir həyata keçirə bilər. Əgər müdafiə tərəfi müəyyən faktlar qoyubsa və o hakim tərəfindən araşdırılmayıbsa, onda birbaşa hakim vəzifə səlahiyyətlərindən sui-istifadəyə və qərəzli mövqeyə görə işdən azad oluna bilər”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya