Həbs edilən kriminal avtoritetə polis zabiti dəstək olubmuş YENİLƏNİB + FOTO

2022-08-30 14:00:00

Həbs edilən kriminal avtoritetə polis zabiti dəstək olubmuş YENİLƏNİB + FOTO

Şirvanda qanunsuz olaraq silah və döyüş sursatları saxladığına görə tutulan və şəhərdə “Demanlı Gündüz” adı ilə tanınan kriminal avtoritet Gündüz Novruzovla bağlı yeni məlumatlar üzə çıxıb.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, əvvəllər dəfələrlə məhkum olunmuş Gündüz Novruzov Şirvan şəhərindəki “vəziyyət”ə qardaşı Çingiz Novruzovla birgə baxıb. Belə ki, qəsdən adam öldürmə (İran vətəndaşı olan TIR sürücüsünün qətli), narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz silah gəzdirmə və sair cinayətlərdə təqsirləndirilərək məhkum edilmiş Gündüz Novruzov həbsdə olduğu müddət şəhərdə kriminal dairələrə və sair qeyri-qanuni işlərə onun qardaşı Çingiz nəzarət edib. Bir müddət əvvəl isə Çingiz qanunsuz silah daşımaya görə həbs edilib və Gündüz azadlığa çıxaraq “nəzarət”i öz üzərinə götürüb.

Bildirilir ki, təxminən 10 il əvvəl Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi Azər Məmmədov həbs edilərkən onun Novruzov qardaşları ilə əlaqəsi üzə çıxıb. Belə ki, həmin vaxt polis zabiti öz səlahiyyətlərindən sui-istifadə edərək Gündüz və Çingiz Novruzovlara Şirvan şəhərindəki qeyri-qanuni fəaliyyətlərində dəstək verib. Həmin vaxt işdən çıxarılaraq polis sistemindən kənarlaşdırılan bölmə rəisi məhkəmənin hökmü ilə məhkum edilib.

Əldə etdiyimiz digər məlumata görə, Gündüz Novruzovun saxlanılması Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat çərçivəsində baş tutub. Belə ki, polis əməkdaşları onun “Porsche Cayenne” markalı avtomobilində narkotik vasitə axtarsalar da, maşından avtomat da çıxıb.

***

Şirvanda avtomobilindən silah tapılan şəxslə bağlı bəzi faktlar məlum olub.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, saxlanılan Gündüz Novruzov kriminal aləmə yaxın biri olub. O, kriminal aləmdə “Demanlı Gündüz” kimi tanınıb.

G.Novruzov əvvəllər mütəşəkkil dəstənin tərkibində İran vətəndaşını öldürməkdə təqsirli bilinərək həbs həyatı yaşayıb.

Həbsdən çıxdıqdan sonra isə yaşadığı şəhərə “nəzarət” edirmiş.

***

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Novruzov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən həmin şəxsə məxsus “Porsche Cayenne” markalı avtomobilə keçirilən baxış zamanı nəqliyyat vasitəsindən 1 ədəd avtomat, 1 ədəd patron darağı və 2 ədəd patron aşkar edilərək götürülüb.  

G.Novruzov izahatında silah və sursatı bir müddət əvvəl şəhər ərazisindən tapdığını və qanunsuz olaraq saxladığını bildirib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq - təkrar törədildikdə) və 177.2.3 (oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə axtarışda olan şəhər sakini Nizami Qasımov da şəhər ərazisində saxlanılıb. 

Saxlanılan zaman isə həmin şəxsdən narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Hər iki faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.049865