Hanı reabilitasiya proqramı? Əsgərlər niyə intihar edir?

2022-06-02 13:52:00

Hanı reabilitasiya proqramı? Əsgərlər niyə intihar edir?

Müharibə aparmış ölkənin savaşsonrası dövrdə döyüş iştirakçılarının reabilitasiyası proqramı olur və o proqramla insanlara hərtərəfli yardım göstərilir.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov postmüharibə sindromu, müharibə veteranlarının qayğıları və veteranlar arasında intiharların artması haqda danışarkən deyib.

“Təəssüflər olsun ki, bizdə bu məsələ ilə məşğul olmalı qurumlar yaxalarını kənara çəkiblər. Halbuki həmin o qurumlar 44 günlük Vətən Müharibəsində qazi və şəhidlərimiz barəsində gözəl sözlər deyirdilər. Əgər o uşaqlar müharibə dəhşətləri zamanı özlərinə qəsd etmədisə, çəkdikləri əziyyətin xeyrini görməli olduqları bir vaxtda niyə həyatlarına qıyırlar? Cavab çox sadədir: ciddi problemlər ucbatından. Bu məsələyə adi hal kimi yanaşmaq olmaz. Problem getdikcə daha da dərinləşəcək. Bunun qarşısı alınmasa, intiharların sayı iki deyil, üçrəqəmli ola bilər”, - Ü.Cəfərov bildirib.

Ekspert müvafiq qurumların bu işlə ciddi məşğul olmadıqlarını qeyd edib:

“İllər keçir, amma bəziləri hələ də evlə təmin olunmayıb, layiq olduğu adları ala bilməyib. Məsələnin başqa bir tərəfi də var. Sabah qazilər ictimai bir yerdə, hamının gözü önündə elə bir üsula əl ata bilər ki, cəmiyyət uzun müddət özünə gələ bilməz. Statistikanı qeyd etməklə işimizi bitmiş hesab etməməliyik. Bu sahə ilə məşğul olan QHT-lər var. Mən onları son zamanlar ancaq şəkil çəkdirən görmüşəm. Şəkil paylaşmayın, işdən danışın! Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində onlarla departament yaradılıb, fəqət ortada yetərincə bir iş yoxdur. Müharibədən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Nazirlər Kabineti veteran statusu barədə hələ də fikirləşir”.

Ü.Cəfərov bu yaxınlarda Baş Prokuroluğa maraqlı faktlar təqdim edəcəyini bildirib:

“Bu yaxınlarda veteran siyahısının dərc olunması gözlənilir. Baxacağıq ki, hansı nazirin, icra başcısının oğluna və ya qohumuna “müharibə veteranı” statusu veriləcək. Bununla bağlı Baş Prokurorluğa çox maraqlı faktlar təqdim edəcəyik. Ondan sonra bəzi məmurlar başını tutub yaxşı-yaxşı fikirləşməli olacaqlar”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya