HAMI ÜÇÜN SAĞLAMLIQ KİTABI – Həsrət Rüstəmov yazır

2023-09-13 13:04:29

HAMI ÜÇÜN SAĞLAMLIQ KİTABI – Həsrət Rüstəmov yazır

Kitablara münasibətin o qədər də ürəkaçan olmadığı indiki dövrdə, xüsusilə də insanları maarifləndirmək məqsədi ilə yazılan və gəlir əldə etmək niyyəti güdməyən kitab müəlliflərinə qeyri adi insan kimi yanaşmağın tərəfdarıyam. Çünki bu cür insanları və onların yazdıqları kitabları tapmaq nadir rastgəlinən hadisələrdəndir.

Doktor Kamil Cümşüdovun “Sağlamlıqla bağlı səhvlərimiz” adlı kitabının məhz belə nümunələrdən biri olması qənaəti oxucunun oxumağa cəhd etdiyi ilk dəqiqlərdə -  kitabı vərəqləyəndə artıq formalaşmağa başlayır. İlk növbədə kitabın mahiyyəti və nə məqsədlə yazılması ilə bağlı müəllifin qısa təqdimatı diqqəti cəlb edir. Və müəllif qeyd edir ki, əsas məqsəd insanlara sağlamlıqlarının qayğısına qalmağın doğru yolları, xəstələnən zaman sağalma prosesinə müsbət təsir edə biləcək amillərin seçilməsi, bu zaman bizdən asılı olan və olmayan səhvlərin araşdırılması və nəhayət bu istiqamətdə oxucuya faydalı məlumatların çatdırılmasıdır.

Qısa olaraq bu kitabı ilə müəllifin qarşısına qoyduğu məqsədə çatıb çatmadığını bilmək üçün mündəricata və son söz bölümünə baxmaq məncə kifayətdir. Belə ki, mündəricatda kitabın sağlamlıqla bağlı səhvlərin təsviri, ümumiyyətlə bilik əldə etməyin yolları, səhhətlə bağlı yanlışlıqlarda qeyri tibbi amillərin rolu və nəhayət insanları sağlamlıqla bağlı narahat edən əsas məsələlər – yuxu, qida qəbulu, vərdişlər, fiziki aktivlik və s. çoxsaylı məsələlərə ayrı-ayrılıqda toxunulması artıq kitabın professional bir araşdırma nəticəsi olması qənaətini formalaşdırır. Son söz bölümünü isə məncə müəllif tənbəl oxucu ilə birbaşa ünsiyyət yaratmaq üçün yazıb və fikrimcə ən tənbəl oxucunu belə kitabı nəzərdən keçirməyə həvəsləndiəcək qısa, amma çox məzmunlu bir bölüm alınıb. Nəzərə alsaq ki, əksər oxucular kitabın mündıricatından həmən sonra son səhifəsinə nəzər yetirirlər, Kamil doktor da məhz bu bir səhifəlik əsas müraciətini həmin hissədə yerləşdirməklə professional kitabçı olduğunu təsdiq edib.

Kitabın içindəkiləri ilə əlaqədar çox şey yazmaq olar, amma mövzunun özü o qədər aktualdır ki, əsas məsələdən yayınmadan bununla bağlı bir neçə söz demək istəyirəm. Əvvəla kitabda da yazıldığı kimi bu gün internet resurslarında, sosial şəbəkələrdə insan sağlamlığı ilə əlaqədar o qədər çox məlumat var ki, bəzi insanlar öz dərdlərinin çarəsini uzun müddət müstəqil olaraq bu məlumatlardan yararlanaraq tapmağa çalışırlar. Həkimə isə o vaxt müraciət edirlər ki, ya bu özfəaliyyət səmərəsiz olur, ya da ki, vəziyyətləri daha da ağırlaşır. Kimsə deyə bilər ki, internetdə yayılan məlumatların da əksər hissəsini həkimlər yayırlar. Bəli bununla razılaşmaq mümkündür. Lakin tibbi bilikləri ümumiyyətlə olmayan və ya natamam olan qeyri professionalların bu məkandakı müraciətləri, tövsiyyələri hansısa səbəbdən həmişə daha populyar olur və insanlar çox vaxt bu cür məlumatlara daha tez ürcah olurlar. Həmçinin insanların ümumi tibbi bilikləri əsasən yüksək olmadığı üçün çox vaxt əsas məqsədi gəlir əldə etmək olan yumşaq desək əsaslandırılmamış metodlarla müalicə reklamçılarının təsiri altına düşürlər. Haqqında danışmaq istədiyim bu kitabda isə, təkcə tibb elmindən deyil, məhz yalanı həqiqətdən necə ayırmağın, doğru bilik əldə etməyin ölçü və meyarlarından bəhs olunur.

Kitabda diqqət çəkən önəmli məsələlərdən biri də Azərbaycan dilinin qayda-qanunlarına ciddi riayət edilməsi, tibb cameəsinin çox vaxt başqa dillərdən keçmə sözlərdən istifadəsinə qarşı müəllifin ana dilində bizim bir çoxumuza az tanış olan sözlərdən istifadə etmək cəhdləridir. Məsələn hamımız tibbdə latın sözü olan palpasiya (palpatio) etmək və ya ana dilində o qədər də uğurlu olmayan qarşılığı kimi “əlləmək” əvəzinə müəllif  lamisə sözündən olan “ləms etmək” ifadəsini təqdim edir. Ümumiyyətlə ana dilinin qayğısına qalmaq kimi mühüm bir məsələyə çox diqqətli yanaşma kitabın əsas qayələrindən biri kimi nəzərə çarpır.

Həmçinin oxucunu yormamaq, ona həqiqətləri daha asan və əyləncəli yolla çatdırmaq üçün çox sayda lətifə, tarixi sitatlar və illüstrasiyalardan istifadə olunması da kitabı çox oxunaqlı edir. Oxuduğum kitabların içərisində ilk dəfə olaraq emojilərdən istifadə edilməsi də məncə müəllifin uğurlu tapıntısı sayıla bilər. Bəzən bir emoji yarım səhifəlik məzmunu çatdıra bilir və bu zaman insanı qətiyyən yormur. Yazılı mətndən həm də sanki filmə baxırsanmış kimi emosional duyğular ala bilirsən.   Məncə bu tapıntı gələcəkdə digər kütləvi oxucu üçün nəzərdə tutulmuş ədəbiyyatlarda geniş istifadə oluna bilər.  

Və sonda bir neçə kəlmə müəllif haqqında: doktor Kamil Cümşüdovla bir müddət eyni müəssisədə çalışdığım və onu müəyyən qədər tanıdığım üçün, onun yazdığı hər hansı mətnin oxucuya yalnız fayda gətirəcəyini böyük əminliklə, xalq dilində desək gözuyumulu da deyə bilərəm. Həkim kimi olduqca mükəmməl, ziyalı kimi bütün müsbət keyfiyyətlərə malik, insan kimi dərin və hədsiz təvazökar olan bu insanı ən azı kitabı vasitəsilə tanımaq fürsətini qaçırmamağı hamıya tam səmimiyətimlə tövsiyyə edərdim.

Həsrət RÜSTƏMOV

                 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.135284