"Hakimlər mənə qarşı haqsızlıq edirdilər" - QIZIL MEDAL QAZANAN GÜLƏŞÇİ

2022-08-23 15:01:00

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları başa çatıb. Azərbaycan yarışı 99 medalla bitirib və 4-cü pillədəki mövqeyini qoruyub. Yarış ərzində Azərbaycan idmançıları 29 qızıl, 36 gümüş və 34 bürünc əyarlı medallar qazanıblar. İlk 3 sırada medal əyarında müvafiq olaraq, Türkiyə, Özbəkistan və İran qərarlaşıb. Sonrakı yerləri Azərbaycan və Qazaxıstan tamamlayıb. İndiyədək ümumilikdə 56 ölkədən 44-ü medal qazana bilib. Cənab prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva Konyada keçirilən İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan idmançılarla görüşüb. Görüş zamanı cənab prezident onları təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bu arada, yunan-roma güləşi üzrə qızıl medal qazanan Həsrət Cəfərov Hurriyyet.az-a açıqlamasında hakim haqsızlığı ilə üzləşdiyini deyib: "Cənab Prezident Konyada keçirilən İslam Həmrəyliyi Oyunları zamanı da bizimlə görüşmüşdür. Həmin görüş zamanı da Ali Baş Komandan qeyd etmişdi ki, sizin üzərinizə daha da böyük məsuliyyət düşür. Çünki siz qalib ölkəni təmsil edirsiniz. Təbii ki, oyunlardan öncə cənab Prezidentin diqqət və qayğısını hiss etmək bizə böyük stimul verir. İslam Həmrəyliyi Oyunları zamanı da çalışırdıq ki, qızıl medal qazanaraq, bayrağımızı qaldıraraq, himnimizi səsləndirək. Çox şükürlər olsun ki, belə də oldu. Bu gün də cənab Prezident bizi bir daha qəbul etdi. Bu, bizim üçün qürurverici bir hissdir. Cənab Prezident görüş zamanı oyunları izlədiyini və hakim haqsızlığına şahid olduğunu bildirdi. Həqiqətən də hakim haqsızlığı çox idi. Mənə qarşı da hakimlər haqsızlıq edirdilər. Lakin bütün bunlara baxmayaraq mən yenə də qalib oldum və qızıl medal qazandım. Görüş bitəndən sonra da cənab Prezident mənə yaxınlaşaraq, çıxışımı izlədiyini bildirdi və məni təbrik etdi. Təbii ki, bu, mənim üçün çox xoş oldu ki, ölkə başçısı şəxsən məni özü təbrik etdi”.

Jalə FAMİLQIZI,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061622