Hakim təqsirləndirilən şəxsin müdafiəçisi rolunda çıxış etdi...
Siyəzən Rayon İcra və Probasiya Şöbəsinin keçmiş rəisinin qeyri-rəsmi sürücüsü, şöbənin böyük icra məmurunun həyat yoldaşı Orxan Orucov iki nəfərə qarşı dələduzluqda ittiham olunur.
Hurriyyet.az Teleqraf-a istinadla xəbər verir ki, 1986-cı il təvəllüdlü Orxan Orucov özünü Siyəzən Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşı kimi təqdim edərək, faktiki nikah münasibətində yaşadığı qadının xidməti geyimini və şöbəyə məxsus xidməti avtomobili istifadə etməklə rəsmi işçi obrazı yaradıb.
Bu yolla əlillik müavinəti alan zərərçəkmiş Nicatı aldadaraq ona bildirib ki, ədliyyə işçisi olduğuna görə kredit ödənişlərini onun əvəzindən maaş kartından ödəyəcək. Nicatın adına kredit götürdükdən sonra ödənişləri etməyib. Nəticədə bank zərərçəkmişin aylıq müavinətini tutub.
İkinci epizodda Orxan Orucov sosial şəbəkədə tanış olduğu Siyəzən sakini Ramilə Nəzərovanı da eyni üsulla aldadaraq 14 min manatını ələ keçirib. O, qadına guya ədliyyə sistemində yüksək vəzifəyə təyin olunacağı barədə vəd verib, həyat yoldaşının ədliyyə formalarını göstərib, özünü rəsmi işçi kimi təqdim edib. Qadının etibarını qazandıqdan sonra yüksək vəzifəyə təyinat üçün pul lazım olduğunu deyərək ondan hissə-hissə 14 min manat alıb.
Ramilə Nəzərovanın sözlərinə görə, Orucov ona adi debet kartını maaş kartı kimi təqdim edərək pulların geri qaytarılacağına inandırıb.
İstintaq müəyyən edib ki, Orxan Orucov götürdüyü məbləğləri şəxsi ehtiyaclarına sərf edib.
Orucovun şöbə ilə əlaqəsi
Araşdırmalar göstərib ki, Orucovun həyat yoldaşı Dilarə Orucova həmin şöbədə böyük icra məmuru işləyib. Orucov həyat yoldaşının xidməti formalarını göstərərək özünü ədliyyə işçisi kimi təqdim edirmiş. Məlum olub ki, o, şöbənin keçmiş rəisi Kənan Əzizovun tapşırığı ilə qeyri-rəsmi işlər görüb, məktublar çatdırıb və rəis içkili olduğu zaman şöbənin xidməti avtomobilini idarə edib.
Zərərçəkmişlər və şahidlər bildiriblər ki, Orucovun nömrəsinin “Getcontact” tətbiqində “Orxan məhkəmə”, “Orxan ədliyyə işçisi” kimi qeyd olunması da onun rəsmi işçi olması barədə təəssürat yaradıb.
Birinci instansiya bəraət verib
Siyəzən Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 178.2.4 (külli miqdarda dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri üzrə Orxan Orucova bəraət verib.
Zərərçəkmişlər məhkəmədə Orucovu bağışladıqlarını və şikayətçi olmadıqlarını bildiriblər. Orucov isə özünü təqsirli bilmədiyini, pul aldığı şəxslərlə borc münasibətində olduğunu iddia edib.
Ağır ittiham: “Hakim müdafiəçi kimi çıxış edib”.
Dövlət ittihamçısı hökmü əsassız hesab edərək apellyasiya şikayəti verib. Prokuror bildirib ki, birinci instansiya məhkəməsi işi birtərəfli və qərəzli araşdırıb, sübutlar düzgün qiymətləndirilməyib, hakim təqsirləndirilənin xeyrinə mövqe tutub:
“Hakim sübutları təqsirləndirilənin xeyrinə təfsir edib, arbitr funksiyasını itirib, iş üçün mühüm əhəmiyyət kəsb edən faktları tədqiq etməyib.”
Prokurorluq qeyd edib ki, Orucov uzun müddət qeyri-rəsmi şəkildə şöbədə icra məmurunun funksiyalarını yerinə yetirib, əhaliyə özünü şöbənin əməkdaşı kimi təqdim edib, hətta bəzi məhkumlara elektron qolbağın taxılması prosesində iştirak edib.
Şikayətdə qeyd olunur ki, Orucov və həyat yoldaşı Dilarə Orucova şöbədə işlədikləri dövrdə hakim Bəylər Ələkbərovla mütəmadi işçi təması olub və bu yaxınlıq hökmün qərəzli çıxmasına təsir etmiş ola bilər.
Apellyasiya Məhkəməsi hökmü ləğv edib
Sumqayıt Apellyasiya Məhkəməsi işi araşdıraraq Siyəzən Rayon Məhkəməsinin bəraət hökmünü ləğv edib və yeni hökm çıxarıb.
Yeni qərara əsasən, Orxan Orucov Cinayət Məcəlləsinin 178.2.4-cü və 310-cu maddəsi təqsirli bilinərək 2 il 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.
İddialara görə, şöbənin keçmiş rəisi Kənan Əzizov bu qalmaqalla əlaqədar vəzifədən azad olunub.
