Hacı Şahinin məzarının ziyarətgaha çevrilməsi: “Din ən gözəl biznesdir”
Sosial şəbəkələrdə Bakı daxilində müqəddəs hesab edilən yerlərə ziyarət təşkil edən tur şirkətinin paylaşımı diqqət çəkib. Belə ki, siyahıda mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin məzarı da ziyarət yeri kimi göstərilib.
Tur şirkətlərinin bu addımı isə birmənalı qarşılanmayıb.
Bəzi sosial şəbəkə istifadəçiləri bunun gərəksiz olduğunu bildirib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış ilahiyyatçı Elşad Miri bunun kommersiya məqsədi daşıdığını bildirib:
“Hər kəs bilir ki, bu turlar kommersiya məqsədi daşıyır. Ümumiyyətlə, ən gözəl biznes “din biznesi”dir. Çünki bu məsələdə sorğulamadan, heç nəyi araşdırmadan insanların duyğuları ilə oynaya bilirsiniz. Bəzi insanlar da bunu gözəl bacardıqları üçün bu yola əl atıblar”.
Onun sözlərinə görə, bu cür turların təşkil edilməsi, məzarın ziyarətgah kimi təqdim edilməsi şəxsiyyətə pərəstişdir. Bu isə İslam dininə xas olan yanaşma deyil:
“Digər məqam isə odur ki, bu cür yanaşma şəxsi bütləşdirmə formasıdır. Sabah həmin yeri ziyarətgah halına gətirmək, daha sonra gələcək nəsillərə pir olaraq təqdim etmək məhz belə başlayır. Əslində bu cür yanaşma doğru deyil, çünki dinimiz bunlarım tam əksinə, şəxsiyyətə pərəstiş, insanların bütləşdirilməsi kimi hallara həmişə qarşı çıxıb.
Bu edilən Allahın göndərdiyi din deyil. Bu, insanların özlərindən çıxardıqları bir yanaşmanın din adı altında təqdim edilməsi, yaxud satılmasıdır”.
