“Hacı Şahin şiəliyin bu şəkildə yayılmasına qarşı idi”
“Zahid Oruc Azərbaycanda kifayət qədər intellekti, sözü və ən çox informasiyası olan deputatlardan biridir. O cümlədən Siyavuş Novruzov da. Məsələ burasındadır ki, İranın hazırladığı zəncir elə-belə deyil. Bunun arxasında İranın maraqları durur”.
Bu sözləri yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib.
O, millət vəkilləri Siyavuş Novruzov və Zahid Orucun Tehrandakı Azərbaycan səfirliyinə hücumdan üzü bu yana baş verən hadisələri bir zəncir formasında toplaması, habelə bunun arxasında vahid bir qüvvənin dayanması ilə bağlı səsləndirilən fikirlərə toxunub:
“Hətta Hacı Şahin uzun müddət şiəliyin Azərbaycanda bu şəkildə yayılmasının əleyhinə idi. Çünki şiə-vəhhabi qarşıdurması artıq Azərbaycanın bölgələrinə keçib. Hazırda Şirvanda şiələrlə vəhhabilər arasında qarşıdurma yaranıb. Çalışırlar ki, şiələr vəhhabiləri sıxışdırıb çıxarsın. Bu gün zonalar üzrə dini təriqətlərin surətlənməsi artıb. Rəhmətlik Hacı Şahin də bunun əleyhinə olanlardan biri idi. O, bunu həm dini, həm də elmi müstəvidə çox gözəl izah edirdi.
Əgər bir milləti məhv etmək istəyirsənsə, onun ziyalılarını çökdürməlisən. Hər 2 deputatın qaldırdığı məsələ çox önəmlidir. Parlamentdə qorxmadan belə fikirlərin səslənməsi çox yaxşıdır. Baxmayaraq ki, Milli Məclisdə belə fikirlər az-az səslənir, amma bu, çox önəmlidir. Çünki həm dövlətimizin burada marağı var, həm də milli maraqlar nəzəriyyəsinə görə, hər bir Azərbaycan vətəndaşı ölkəmiz üçün əzizdir”.
C.Nuriyev iddia edib ki, Hacı Şahinin ölümü səssiz bir ölümdür:
“Sonra hipermarkeydə qazimiz öldürüldü. Bu, təsadüfi ola bilməz. Onu öldürən də bizimkidir və ən acınacaqlısı da budur. O cümlədən Fazil Mustafaya açılan atəşi də bizimkilər açıb. Bu gün özümüzü öz əlimizlə vururlar. Bu, çox qorxulu bir taktikadır.
Hamı bilir ki, İran terrorçu bir dövlətdir. Lakin parlamentdə bunun dilə gətirilməsi təsadüfi deyil. Dediyim kimi, bu deputatlar informasiyalı adamdır. İran teokratik dövlət olsa da, parlamenti də var. Onlar İsraildə açdığımız səfirliyimizə görə az qala bizdən hesab tələb edirlər. Bunlar artıq ağıllarını itiriblər və daxili işimizə qarışırlar. Bu, BMT-nin 5 əsas prinsipindən 3-cüsüdür. Yəni bir başqa dövlətin daxili işinə qarışmaq qadağandır. Bunlar 30 il bundan qabaq gedib İrəvanda səfirlik açdılar, biz ki heç nə demədik? Onlar nə vaxt yanımızda olublar? Amma bu qədər ağılsızlıq edib bunu gündəmə gətirmək təsadüfi deyil”.
“Həbs olunanlarda hansısa informasiyalar var ki, Azərbaycanda gələcəkdə nələr ola bilərdi və DTX nələrin qarşısını alıb. Belə bir informasiya olmamış deyil. Ona görə də Zahid Orucun halqaları bir-birinə bağlaması təsadüfi ola bilməz.
Azərbaycanda ilk dəfə idi ki, Hacı Şahin öləndən sonra öz əcəli ilə ölən adamla bağlı cinayət işi qaldırıldı. Deməli, bu, adi bir ölüm deyil və bunlarda dəqiq məlumat var, sadəcə onun təsdiqi məsələsi lazımdır”, – əlavə edib.
Mütəxəss hesab edir ki, bu gün Azərbaycanda İran casus şəbəkəsinin yığışdırılması prosesi gedir:
“DİN, DTX və əks-kəşfiyyat çox peşəkarcasına işləyir. Yəni qısa bir müddət ərzində bir dövlətin ərazisində 50-yə qədər adam tutulubsa, bu, nə deməkdir? “Kərimə dövləti” quracaqlarını deyirlər. Bu, dövlət çevrilişinə cəhddir və bunun ayrı adı yoxdur. “Huseyniyyun” da eynilə belədir. Həm dövləti daxildən sarsıtmaq, həm dövlət çevrilişinə cəhd, həm də daxildə terror törədib qorxu yaratmağın heç biri təsadüfi deyil. Yəni zəncirin halqaları bir araya yığılanda artıq bu, qopardılmalıdır. Hətta səfirliyimizə hücumdan üzü bəri bu, 4-cü böyük bir terrordur. Onun birincisi ölümlə nəticələnsə də, sonuncusu da ağır yaralama ilə nəticələndi. Ona görə də sonra belə şeylərin baş verməməsi üçün Zahid Oruc və Siyavuş Novruzovun narahatlıqları anlaşılandır”.
