Saat:14:32
Haqqımızda

HACI RAMAZAN HƏBS OLUNA BİLƏR - Baş Prokurorluq “Hürriyyət”in müraciətini araşdırmağa başladı

2021-12-07 13:08:00

HACI RAMAZAN HƏBS OLUNA BİLƏR - Baş Prokurorluq “Hürriyyət”in müraciətini araşdırmağa başladı

Nərimanov prokuroruna “müraciətdə göstərilən xüsusatların tam, obyektiv və ətraflı araşdırılmasını, qanuna müvafiq tədbir görülməsi” haqda məktub göndərilib

Oktyabrın 19-da “Hürriyyət” qəzetinin Baş redaktoru Vüqar Məmmədov tərəfindən Baş prokuror Kamran Əliyevə müraciət ünvanlanmışdı. Poçt vasitəsilə Baş prokurorun ünvanına göndərilən məktubda K.Əliyevdən dövlət vəsaitinin talan olunması faktı ilə bağlı araşdırılma aparılması haqda göstəriş verməsi xahiş olunurdu. Müraciət bildirilirdi:

“Cənab Baş prokuror!

“Hürriyyət” qəzetinin 28 sentyabr 2021-ci il tarixində dərc olunan “Hacı Ramazan dedi ki, istəyirsən “oğru dilində” danışaq”, 12 oktaybr 2021-ci ildə dərc olunan “Mehralıyev-Mirzəyev “cütlüyü”nün dövlətdən oğurladığı milyonlar haqda şok sənədlər” və 19 oktyabr 2021-ci il tarixli sayında işıq üzü görə “Hacıbala Abutalıbovla ortaq talanan milyonlar” sərlövhəli yazılarda Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş rəhbəri Hacıbala Abutalıbov, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Mənzil-Kommunal Təsərrüfat Departamentinin keçmiş sədri Rəfail Mehralıyev və “Məmmədoğulları Holdinq”in sahibi Hacı Ramazan Mirzəyevin əlbir olaraq, dövlətin milyonlarla manat vəsaitini talamaqda ittiham olunurlar.

Bakı şəhər sakini Əkbərov Arif Niftulla oğlu qəzetimizə verdiyi müsahibədə və redaksiyamıza təqdim etdiyi sənədlərdə bu haqda ciddi faktları açıqlayıb.

Sizdən xahiş edirik ki, dövlət büdcəsinin milyonlarla manatını talamaqda ittiham olunan şəxslərlə bağlı qeyd olunan faktlar üzrə araşdırma aparılmasına və səslənən iddiaların nə dərəcədə həqiqətə yaxın olduğu ilə bağlı redaksiyamıza yazılı şəkildə savab verilməsinə göstəriş verəsiniz”.

Qeyd edək ki, eyni fakt üzrə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Eldar Əzizova da müraciət edilmiş və ondan “Mənzil-Kommunal Təsərrüfat Departamenti ilə “VEST-LTD” MMC arasında Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 79 saylı binanın bərpa-tikinti işlərinin görülməsinə və Xətai rayonu, Mehmandarov küçəsində yerləşən 263 nömrəli məktəbin əsaslı təmirinə büdcədən ayrı-ayrılıqda nə qədər vəsait ayrıldığı haqda redaksiyamıza yazılı şəkildə məlumat verilməsinə göstəriş verməsi” xahiş olunmuşdu.

Maraqlıdır ki, bu günə qədər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Hürriyyət”in müraciətinə hər hansı cavab verilməsə də, Baş Prokurorluq məsələnin araşdırılması üçün məktubumuzu Bakı Şəhər Prokurorluğuna, bu qurum isə öz növbəsində Nərimanov rayon prokuroru vəzifəsini icra edən, ədliyyə müşaviri Elgiz Qənizadəyə göndərib. Bakı Şəhər Prokurorluğunun Daxili İşlər Orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, ədliyyə müşaviri Asif Şıxəliyev tərəfindən 01.11.2021-c il tarixdə göndərilən məktubda “müraciətdə göstərilən xüsusatların tam, obyektiv və ətraflı araşdırılmasını, qanuna müvafiq tədbir görülməsini təmin edib, nəticəsi barədə müraciət müəllifinə, Bakı şəhər prokurorluğuna məlumat vermənizi xahiş edirəm”, - deyə vurğulanır.

“Hürriyyət” olaraq inanmaq istərdik ki, qeyd etdiyimiz məsələ müvafiq qurumlar tərəfindən obyektiv şəkildə araşdırılacaq və bu dəfə “ötür-ötür oyunu”na salınaraq cinayətkarların cəzasız qalmasına şərait yaradılmayacaq. Hər halda, biz araşdırmanın nəticəsini gözləyirik və növbəti saylarımızda bu haqda oxucularımıza daha geniş məlumat verəcəyimizi güman edirik.

Hazırladı: KƏNAN,

Hurriyyet.az

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR